Dünən yayın ən
zəhlətökən ayını təngnəfəs yola salıb payızın gəlişindən xəbər verən sentyabr
ayına “xoşgəldin” elədik. Bu soxhasoxda- seçkilərin qapının kandarını
kəsdirdiyi, namizədlərin və siyasi rəqiblərin bir-birini diddiyi, Barak
Obamanın qılıncını sıyırıb Bəşər Əsədi hədələdiyi, Rusiyanın Amur vilayətinin
su altında qaldığı, nəhayət, dünyanın bir çox ölkələrində yeni dərs ilinin
başlandığı heç umrumda da olmadı sanki. Çünki mən elə ki, səhərin gözü
açılar-açılmaz 1 sentyabrda həm də uzaq 1969-cu ildə gorbagor
Müəmmar Qəzzafinin inqilab yoluyla Liviyada hakimiyyəti ələ keçirdiyindən xəbər
tutdum, heç tərəddüd etmədən qətiləşdirdim ki, günün ən aktual mövzusu elə
budur, belə bir ildönümdən yazmamaq doğru olmaz...
Əlbəttə,
kimlərsə “eh” deyib əlini yellədəcək ki, rəhmətliyin oğlu, Qəzzafi cəhənnəmə
vasil edildi qurtardı, daha onun nə vaxtsa hakimiyyəti ələ keçirməsinin
ildönümünü nəyə hesaba soxursan? Ancaq bu cür düşünənlərə xatırlatmaq istərdim
ki, aşırı unutqanlığımız üzündən tarixin bütün mərhələlərində başımıza oyun
açıblar, ona görə də daha bir xatırlatmada fayda vardır. Bəlkə kimlərsə
Qəzzafinin son miskin aqibətindən ibrət götürə. Anlamağa çalışa ki, hər şeyin
əvvəli olduğu kimi sonu da var və bu sonluqda Qəzzafinin yaşamadığını yaşamaq
üçün gərəkən addımlar atılmalıdır. Yoxsa gec-tez eyni aqibət onu da haqlayacaq.
Özü də neçə ki, bəşəriyyət haqq-ədalət axtarışında olacaq və məncə onu heç vaxt
tapmayacaqlar, Qəzzafi mövzusu aktuallığını itirməyəcək. Əksinə,
Hitlerdən üzü bəri Səddamın, Qəzzafinin rüsvayçı ölümləriylə Pinoçetin
ağıllı gedişiylə boğazını kəndirdən son anda xilas etməsi müzakirə,
mübahisə predmeti olacaq, insanlar çızığından çıxanlara məhz bu məhşurların
taleyini xatırlatmağa tələsəcək. Bir sözlə, nə Səddam köhnələn mövzudu, nə Qəzzafi.
Əksinə, Qəzzafinin dəbdəbəli həyatı və acınacaqlı sonluğu orta və ali məktəb
dərsliklərinə salınaraq əhatəli tədris olunmalıdır. Qoy şagirdlər və tələbələr
görsünlər ki, gerçəkdən də dünya fanidir, milyardlar heç də hər zaman
həyatı sığortalaya bilmir, kimsə bu dünyadan özüylə heç nə aparmır. Bu baxımdan
təkcə 1 sentyabrda deyil, ilin 365 günü hər kəs Qəzzafinin taleyini düşünməli,
onun yaşadıqlarından ibrət götürərək həyatına davam etməlidir. Hətta mən təklif
edərdim ki, BMT məhz sentyabrın 1-i gününü simvolik olaraq “Qəzzafi günü” kimi
rəsmiləşdirsin, bununla dünyadakı avtoritar rejimlərə xəbərdarlıq edilmiş olsun
ki, pisliklərdən əl çəkməsəniz, bir gün sizləri də oxşar aqibət
gözləyəcək.
Mənim də bir
yazar olaraq borcum varlanmaq ehtirası gözünü kor etmiş insanları
olmuşlardan və ehtimal olunan olacaqlardan xəbərdar etmək, onları haqq yoluna
dəvət etməkdir. Mənim yeganə silahım həyəcan təbili çalmaq, prezidentindən
tutmuş nazirinə, komitə sədrindən tutmuş icra başçısına və “JEK” müdirinədək
xalqa xidmət etməli olan hər kəsə bir gün haqqın divanın onları haqlayacağını
xatırlatmaqdır. Mən borcumdan çıxdım, babalı öz boyunlarına. Hər il sentyabrın
1-də dünya dağılsa və yerlə göy birləşsə də “Qəzzafi günü”nü xatırladacaq yazı
yazmağı qarşıma məqsəd qoymuşam. Kimlərisə bununla pisliklərdən çəkindirərək
haqq yoluna döndərsəm, o dünyadakı cəzalarımın bir qismini yüngülləşdirə
biləcəyim qənaətindəyəm...