Moderator.az xəbər verir ki, Regional İnsan Hüquqları və Media Mərkəzi ermənilərin
xalqımıza qarşı törətdiyi soyqırımı həqiqətlərinin dünyaya çatdırılması üçün
daha bir addım atıb. 02 sentyabr 2013-cü il tarixində saat 11:00-da Beynəlxalq
Mətbuat Mərkəzinin dəyirmi zalında «Başlıbel faciəsi: erməni vəhşilikləri
şahidlərin dili ilə» kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.Təşkilatın
sədri Xalid Kazımovun sözlərinə görə, Regional İnsan Hüquqları və Media Mərkəzi
2013-cü il aprelin 4-dən Azərbaycan Respublikasının Prezidenti yanında
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə «Başlıbel
faciəsi: erməni vəhşilikləri şahidlərin dili ilə» layihəsini həyata keçirib:
«Layihə çərçivəsində Azərbaycan və ingilis dillərində «Başlıbel faciəsi:
erməni vəhşilikləri şahidlərin dili ilə» kitabı nəşr edilib. Kitabda
ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri ”“ Başlıbel faciəsi
ilə bağlı məlumatlar əksini tapıb. Kitabda Başlıbel kəndində törədilən
soyqırımının canlı şahidlərinin dedikləri yer alıb. Mühasirədə qalan uşaq, qoca
qadınların həyatını xilas etmək üçün böyük fədakarlıq göstərən şəxslərin
şücaətini, vətən sevgisini göstərən faktlar verilib. Bu kitabın yazılması ilə
həm də erməni vəhşiliklərinin ağrısını yaşayan, uşaqları gözləri qarşısında öldürülən
valideynlərin fikirlərini gələcək nəsillərə çatdırmaq istədik. Bir sözlə
kitabda erməni vandalizmi tam çılpaqlığı ilə, real faktlar əsasında təsvir
edilib. Mühasirədə qalan uşaq, qoca qadınların həyatını xilas etmək üçün böyük
fədakarlıq göstərən şəxslərin şücaəti, vətən sevgisi öz əksini tapıb. Düşünürük
ki, bu həqiqətlərin həmin hadisələrin canlı şahidlərinin dili ilə dünya ictimaiyyətinə
və gələcək nəsillərə çatdırılması Azərbaycan dövlətinin apardığı haqq işinə
kiçik bir dəstəkdir».
X.Kazımovun
sözlərinə görə, 20 il öncə aprelin 18-də ermənilər Kəlbəcər rayonunun Başlıbel
kəndində soyqırımı törədib: «Son illər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması
istiqamətində xeyli iş görülüb. Amma Dağlıq Qarabağ müharibəsi zamanı elə
hadisələr, ermənilərin törətdikləri elə vəhşiliklər var ki, onlar nəinki
beynəlxalq ictimaiyyətə çatdırılıb, heç Azərbaycan vətəndaşlarında da bununla
bağlı kifayət qədər məlumat yoxdur. Belə hadisələrdən biri də 20 il öncə
Kəlbəcər rayonunun Başlıbel kəndində törədilən faciədir. İşğal zamanı doğma
torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17
gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın,
uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Bu insanlar cəmi 2 ov tüfəngi və
əhalini qoruyan əsgərlərdə olan bir neçə avtomat silahla düşmənə müqavimət
göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər
güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi
iştirakçısı olan bir nəfəri ”“ Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd
sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağamirovu işgəncə ilə qətlə
yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri
tərəfindən girov götürülüb. Düşmən gülləsindən canını qurtara bilən 30 nəfər
isə yenidən dağlara çəkilib və daha 113 gün mühasirə həyatı yaşayıb. Sağ qalan
həmin şəxslər dəfələrlə ölümlə üz-üzə gəlib və günlərlə ac-susuz qalıblar. Mühasirədən
çıxaraq dörd sutka piyada yol qət edən 29 nəfər 1993-cü il iyulun 22-də
Daşkəsən ərazisinə keçə biliblər. Amma 1 nəfər - I və II Dünya Müharibəsi
iştirakçısı Ələsgər Ələsgərov doğma torpağını tərk etməyərək Başlıbeldə qalıb. Ələsgər
Ələsgərov bu günədək itkin sayılır və onun barəsində hər hansı məlumat yoxdur».
Tədbirdə çıxış
edən “Həsrət Yolu” Əsir və girovlara kömək ictimai birliyinin sədri Esmira
Orucova ermənilərin törətdiyi qətliamlarla bağlı həqiqətlərin ictimaiyyətə
çatdırılmasının böyük əhəmiyyət daşıdığını vurğuladı: «Yazılmış kitab bu mənada
əhəmiyyətli mənbə ola bilər. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi
qəddarlıqların canlı şahidlərinin sayı ildən-ilə azalır. Hazırda nə qədər ki, o
insanlar yaşayır, onlardan maksimum məlumatları toplayıb sənədləşdirmək
lazımdır. Həmçinin, əsir və girovluqda olan insanların reabilitasiyası
istiqamətində iş aparmaq vacibdir. Mən uzun illərdir cəhd etsəm də, hələ ki,
belə bir reabilitasiya mərkəzinin yaradılmasına nail ola bilməmişəm».
Humanitar
Tədqiqatlar Cəmiyyətinin sədri Əvəz Həsənov hazırlanan kitabın həm də Başlıbel
kəndinin tarixini öyrənmək baxımından əhəmiyyət daşıdığını vurğuladı: «Kİtab
1993-cü ilin aprelində Başlıbel kəndində törədilən faciənin şahidlərinin
fikirləri əsasında hazırlanıb. Bu fikirlərlə tanış olduqca həmin
hadisələrin ağırlığını bir daha hiss edirsən. Kitab həm də Başlıbel kəndinin
tarixini, orada yaşayan insanların mübarizliyini, vətən sevgisini göstərmək
baxımından da əhəmiyyətlidir».
Daha sonra
tədbirdə çıxış edən Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin sədri Şamil
Sabiroğlu, Demokratik Təsisatlar və İnsan Hüquqları İctimai Birliyinin sədri
Elçin Abdullayev, Qafqaz Media Tədqiqatları Mərkəzinin sədri Anar Orucov,
Kəlbəcər rayon 18 saylı orta məktəbin direktoru Arzuman Qarayev, Azərbacan
Texniki Universitetinin müəllimi Saleh Mirzəyev, Başlıbel kəndində 113-gün
mühasirə həyatı yaşayan Səlim Mehdiyev, Elşad Əzizov, Məzahir Abbasquliyev,
Başlıbel kəndində şəhid olan Yaqub Səmədovun oğlu Bəhruz Səmədov kitabla bağlı
fikirlərini səsləndirdilər.
Tədbirə yekun
vuran Xalid Kazımov vurğuladı ki, Başlıbel kəndi işğal olunarkən diri-diri
yandırılan da, ağır işgəncələrlə öldürülən də, övladının, valideyninin, həyat
yoldaşının gözləri qarşısında güllələnənlər də olub: «Girov götürülən Başlıbel sakinləri
isə ermənilərin aylarla davam edən vəhşiliyinə dözməli olublar. İllərlə
qazandıqlarından bir kibrit çöpü belə çıxara bilməyən, bütün var-dövlətləri
qarət olunan, qurub-yaratdıqları kəndləri viran qoyulan başlıbellilər bu gün öz
yaşayışlarını təmin edə biliblər. Amma Başlıbeldə törədilən faciənin onların
ürəyinə vurduğu ağrılar uzun illər sağalmayacaq. Amma Başlıbel hadisəsi bütün
bu ağırlıqlarına rəğmən düşmən arxasında yaşamağın, bir məqsəd uğrunda birləşən
insanların hər şeyə qadir olduqlarını göstərdi. Demək, hər daşı, hər
qayası, hər dağı alınmaz bir səngər olan Kəlbəcəri, Laçını düşməndən azad
etmək o qədər də çətin deyil. Ömrünün böyük bir hissəsini orada yaşayan
insanlar o torpaqların hər cığırına bələddir. Kəlbəcərin işğalından sonra da dəfələrlə
öz torpaqlarını ziyarət etmək üçün düşmənin bütün mövqelərini keçib gedən
oğullar həmin torpaqlarda aparılan partizan müharibəsində böyük uğur qazana,
torpaqlarımızı qısa müddətdə düşməndən azad edə bilərlər. Amma üzücü hal odur
ki, o insanların sayı hər ötən gün azalır və əksəriyyəti dünyasını dəyişib. Bu
gün Kəlbəcərdən, böyük faciənin yaşandığı Başlıbeldən kənarda dünyaya gələn
uşaqların isə artıq 21 yaşı var. Həmin gənclərimizin qəlbində
vətənpərvərlik ruhu nə qədər yüksək olsa da, ataları, babaları qədər o yerlərə
bələd deyillər. Odur ki, işğal altında olan torpaqlarımızın düşməndən azad
edilməsi işini övladlarımıza miras qoymamalıyıq».
-FOTO" src="//old.moderator.az/fotobaza/original/447.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/448.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/449.jpg">-FOTO" src="//old.moderator.az/fotobaza/original/450.jpg">