Son bir aydır ki, Bakı və Bakıətrafı ərazilərdə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrində qəribə yenilik tətbiq edilib. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, yenilik müştərilərə “xoşgəldin” kampaniyası kimi nəzərdə tutulsa da, bu yenilik vətəndaşlar tərəfindən ciddi narazılıqla qarşılanmaqdadır: “Artıq bir neçə həftədir ki, şəhər və şəhərətrafı bəzi yanacaqdoldurma məntəqələrində müştərilərlə xoş münasibət qurmaq, onları yanacaqdoldurma məntəqəsinin daimi müştərisinə çevirmək üçün “xoşgəldin” kampaniyasına start verilib. Bu kampaniyanın mahiyyəti ondan ibarətdir ki, yanacaqdoldurma məntəqəsində çalışan və yüksək danışıq qabiliyyətinə malik bir nəfər avtomobilinə yanacaq dolduran vətəndaşa yaxınlaşaraq onu salamlayır, onları yenidən öz yanacaqdoldurma məntəqələrində görməkdən məmnun olacaqlarını bildirir. Lakin bəzi yanacaqdoldurma məntəqələrində məlum kampaniyası vətəndaşlar üçün əsl mənəvi işgəncəyə çevrilib. Belə ki, bəzi obyektlərdə müştəri ilə ünsiyyət quran yanacaqdoldurma məntəqəsinin əməkdaşı müştərini daha çox yanacaq almaq üçün dilə tutur, müştəriyə qaytarmalı olduqları qalıq pulun əvəzinə də yanacaq tökməyi təklif edirlər. Bu isə təbii ki, vətəndaşlar tərəfindən ciddi narazılığa səbəb olur. Vətəndaşlar hesab edir ki, “xoşgəldin” kampaniyasını “qırsaqqız” kampaniyası çevirmək əbəsdir və bu, müştəri artımına deyil, müştəri itkisinə səbəb olur”.