Moldovanın ombudsmanı Aurelia
Qriqoriunun iyul ayında Ermənistan parlamentinin tribunasından ermənilərin
Xocalıda soyqırım törətdiyini söyləməsi, yəqin ki, hələ unudulmayıb. Həmin
günlərdə moldovalı insan haqları müvəkkili həmin çıxışı ucbatından İrəvanda qaldığı
otel otağında ermənilər tərəfindən girov saxlanılmışdı. Və ermənilərin ölüm
təhdidləri ilə üz-üzə idi. Aurelia Qriqoriunun “Yeni Müsavat”a verdiyi geniş
müsahibəni diqqətinizə çatdırırıq.
- Hörmətli Aurelia xanım, Siz hazırda Azərbaycanda hər kəsin
tanıdığı və rəğbət bəslədiyi bir insansınız. Ona görə də əvvəlcə ondan başlayaq
ki, Siz özünüz Azərbaycan haqqında nə bilirsiniz və bizim ölkəmizə
münasibətiniz necədir?
- Mən Azərbaycanı bütün qəlbimlə sevirəm. Bu, qürurlu və
qonaqpərvər insanların yaşadığı möhtəşəm bir ölkədir. Azərbaycan qanunun
aliliyini real olaraq, gündəlik tətbiq etməyə can atmaqla, demokratik inkişaf
yolunu seçib. Xüsusilə də, Azərbaycan xalqının tolerantlığını, keçmişə həssas
münasibətini və ölkənin proqressiv gələcəyinə inamla addımlamasını qeyd etmək
istərdim. Əlbəttə ki, hər şey hamar deyil. Ancaq problemlərin, səhvlərin
müəyyənləşdirilərək onların aradan qaldırılması istiqamətində tədbirlərin
görülməsi sevindiricidir.
- Sizin Ermənistan parlamentinin tribunasından etdiyiniz çıxış
Azərbaycan cəmiyyətində də məmnunluq qarışıq çaşqınlıqla qarşılandı. Çünki
Dağlıq Qarabağ münaqişəsinin başlandığı vaxtdan indiyə qədər heç vaxt hər hansı
xarici ölkənin və ya beynəlxalq qurumun təmsilçisi Azərbaycanın haqlı hesab edə
biləcəyi mövqedən çıxış etməmişdi. Bu səbəbdən də, Sizin ədaləti və reallığı
əks etdirən həmin çıxışınız, Azərbaycan cəmiyyəti üçün də gözlənilməz xarakter
daşıyırdı. Həmin çıxışa ehtiyac duymanızın əsas səbəbləri bizim üçün də çox
maraqlıdır.
- Azərbaycanı ziyarət etməklə mən Azərbaycanda insanların Dağlıq
Qarabağ münaqişəsindən, qaçqınlardan və soyqırımdan ağrıyla bəhs etmələrinə
şahid oldum və bundan çox təsirləndim. Təəccüblüdür ki, Azərbaycanda bu
mövzularda danışılanda biz müxtəlif beynəlxalq nümayəndəliklərin
təmsilçilərinin həyəcanlı reaksiyasını eşidirik. Ancaq sizin ölkənizin
hüdudlarından kənarda bu mövzudan israrla yan keçməyə çalışırlar. Əlbəttə ki,
bu fakt anlaşılmazlıq yaradır. Mən ombudsman olaraq, dondurulmuş münaqişələr
mövzusuna insan haqlarının pozulması prizması üzərindən nəzər salmağa çalışdım.
Mənim tərəfimdən, dondurulmuş münaqişə zonalarında insan haqlarının pozulmasına
dair konkret faktlar səsləndirilmişdi. İnsan haqlarının pozulması hallarına
daha çox məhz Ermənistan tərəfindən yol verildiyindən mən də həmin faktlar
üzərində geniş təfsilatı ilə dayandım. Əlbəttə ki, bu, tədbirin ev sahiblərinin
xoşuna gəlmədi. Amma mən əminəm ki, hüquq pozuntularının identifikasiyası
olmadan yola davam etmək mümkün deyil. Eyni zamanda, BMT-nin Təhlükəsizlik
Şurasının və BMT-nin Baş Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələri
Ermənistan tərəfindən qeyd-şərtsiz yerinə yetirilmədən Qafqazda demokratiyanın
insan haqlarının mütləq şəkildə qorunmasıyla inkişaf etdirilməsi də qətiyyən mümkün
olmayacaq.
- Sizin Ermənistan parlamentinin tribunasından etdiyiniz
çıxışdan sonra baş verən xoşagəlməz olaylar Azərbaycan cəmiyyətində ciddi
narahatlıqla qarşılandı. Həmin günlərdə Azərbaycanda hər kəsin diqqəti Sizin
taleyinizin necə olacağına yönəlmişdi. Hər kəs böyük həyəcanla və səbirsizliklə
Ermənistandan sağ-salamat çıxarılmanız barədə məlumatı gözləyirdi. Aurelia
xanım, tribunaya qalxmazdan öncə söylədiklərinizin belə qorxulu nəticələr verə
biləcəyini nəzərə almışdınızmı?
- İrəvanda, 40-dan artıq ölkənin nümayəndələrinin iştirakıyla
keçirilən bir beynəlxalq forumda çıxış edərkən mən hətta təsəvvür belə etməzdim
ki, bu il Avropa Nazirlər Kabinetinə sədrlik edən Ermənistan tərəfindən mənim
ünvanıma belə güclü hədə-qorxu hücumu olacaq. Halbuki beynəlxalq konfransın
mövzusu da elə məhz qanunun aliliyinin Avropa standartlarının müzakirə edilməsi
ilə bağlı idi. Ancaq Ermənistan nümayişkaranə şəkildə göstərdi ki, onun üçün
beynəlxalq sənədlərin və İnsan haqları barədə Konvensiyanın tələbləri deyil, məhz
milli ambisiyalar əsas prioritetdir.
- Aurelia xanım, əgər ehtiyac duysanız, eyni məzmunlu çıxışı bir
daha təkrarlayarsınızmı? Çünki etiraf etmək lazımdır ki, çox cəsarətli və cəsur
bir çıxış idi. Yaxşı xatırlayıram, Sizin dostunuzla - cənab Todur Zanetlə
Ermənistandakı vəziyyətiniz barədə məlumat alarkən, o, böyük həyəcanla mənə
Sizin həyatınızın ciddi təhlükədə olduğunu bildirmişdi.
- Birincisi, mənim üçün narahat olan, həyəcan keçirən bütün
dostlarıma təşəkkür etmək istəyirəm. Əlbəttə ki, mən dostum Todur Zanetə də
mənə göstərdiyi öz dəstəyinə görə minnətdaram. Mənim o çıxışımı təkrarlamağıma
gəldikdəsə, dediklərimin hamısı BMT-nin qətnamələrinə əsaslanır. Və mən BMT-nin
qətnamələrini müdafiə edirəm. Ona görə də, şübhəsiz ki, mən həmin çıxışımı təkrarlayardım.
Təəssüfləndiyim yeganə məqam ondan ibarətdir ki, öz çıxışımı orada tam şəkildə
səsləndirə bilmədim. Çünki iclasa sədrlik edən şəxs mənim sözümü kəsdi və mən
öz çıxışımın son hissəsini ixtisar etmək məcburiyyətində qaldım. Ona görə də,
sonradan mən Dnestryanı bölgədə insan haqlarının qorunması barədə danışmadığıma
görə dəfələrlə öz ünvanıma iradlar eşitməli oldum. Bununla belə, mən məmnunam
ki, dondurulmuş münaqişələr zonalarında insan haqlarının qorunması qarşısındakı
problemlərə, o cümlədən də Dağlıq Qarabağ və işğal edilmiş ətraf ərazilərlə
bağlı problemə dünya ictimaiyyətinin diqqətini cəlb etməyə nail ola bildim.
Rumıniyanın xarici işlər naziri, Avropa Parlamentinin Rumıniyadan olan deputatı
və Almaniya Bundestaqının bir neçə deputatı Ermənistanın BMT Baş
Assambleyasının Dağlıq Qarabağla bağlı qətnamələrini yerinə yetirməsi tələbi
ilə çıxış etdilər. Və hesab edirəm ki, bunda mənim fəaliyyətimin də payı var.
Mənə Apostola bərabər Böyük Knyaz Vladimir pravoslav ordeni
təqdim olunarkən, Ukrayna Kilsəsinin mitroforu Vitaliy Ata (Dançak) mənim üçün
unudulmaz nitq söylədi. Nitqində Vitaliy Ata qeyd etdi ki, həmin orden mənə
insan haqlarının müdafiəsi sahəsində göstərdiyim cəsarətə və Moldova
Respublikasının Ombudsmanı mandatının sona çatmasıyla bağlı verilir. Çıxışının
davamında o, “Hörmətli Aureliya Andreyevna, Sizin məhz həmin vaxtda, məhz
İrəvanda olmanız və məhz həmin çıxışı etməniz Tanrının istəyinə uyğun idi. Və
insanlar buna görə Sizə çox minnətdardırlar. Sizin qarşınızda baş əyirəm” dedi.
- Aurelia xanım, Ermənistanda Sizinlə bağlı baş verənlər
haqqında təfsilatı ilə bizə məlumat versəydiniz, bu, çox maraqlı olardı. Sizə
qarşı təzyiqlərin, hətta təhdid olunmanızı bilirik. Ancaq Ermənistan
parlamentinin tribunasından etdiyiniz çıxışdan sonra Sizə qarşı baş verənlər
haqqında geniş məlumatımız yoxdur. Həmin hadisələr haqqında Sizin vasitənizlə
Azərbaycan cəmiyyətini məlumatlandırmaqdan məmnun olardıq...
- Etdiyim çıxışdan sonra başıma gələnlər haqqında artıq bir neçə
dəfə müsahibələrimdə danışmışam. Həmin hadisələr məndə dərin psixoloji
sarsıntı, zədə buraxıb. Düzünü desəm, mən həmin hadisələri daha çox mümkün
qədər tez bir zamanda unutmaq istərdim. Ancaq sualınızı cavabsız da buraxmaq
istəməzdim və bu, doğru olmazdı.
İyulun 4-də mənim facebook səhifəmə təhdidlər daxil olmağa
başladı. Həmin təhdidlərdə deyilirdi ki, “Xocalını bütün xırdalığına qədər sənə
göstərərik”, “Saçlarından tutub meydana sürüyərik” və s. Eyni zamanda, həmin
təhdidlər mənə otel otağındakı telefon vasitəsilə deyilmişdi. Məndən erməni
xalqı qarşısında üzr istəməyi tələb edirdilər. Telefon zənglərinin hər birində
ünvanıma söylənən çoxsaylı senzuradankənar təhqiramiz ifadələr haqqındasa heç
xatırlamaq belə istəmirəm. Təşkilatçılar mənə israrla şam yeməyi ilə müşayiət
ediləcək qəbula gəlməməyi məsləhət görürdülər. İyulun 5-də mətbuatda mənim
şəklimlə yanaşı, Ermənistana gələn bütün hüquq müdafiəçilərinin, vəkillərin və
ombudcmanların güllələnməklə fiziki cəhətdən məhv edilməsinə dair çağırışlar
çap edilmişdi. Fotonu və çağırışı elə yerləşdirmişdilər ki, buna cəhd edənlər,
yəqin ki, səhv salmayacaqdılar. Otelin girişində bir neçə qrupdan ibarət
karabinçilər gəzişirdilər. Mənə Ermənistan ombudsmanının təşkil etdiyi şam
yeməyinə də getməməyi məsləhət gördülər. Telefonla və sosial şəbəkələr
üzərindən edilən təhdidlər isə ara vermədən daxil olmaqda davam edirdi. Bütün
bunların fonunda üstəlik, məni hava limanına çatdırmaqdan da imtina etmişdilər.
Moldova Konstitusiya Məhkəməsinin sədri Viktor Popa məni otelin kandarında
buraxaraq, hava limanına getdi. Bundan dərhal sonra facebookda mənə xəbərdarlıq
mesajı göndərildi ki, “Bu, məni gözləyən sonuncü ”sürpriz" deyil".
Yalnız Avropa Birliyi ölkəsinin - Rumıniyanın diplomatlarının müdaxiləsindən və
Gürcüstanın konsulunun birbaşa köməyindən sonra mənim Ermənistanı tərk edə
bilməyim mümkün oldu.
- Həmin çətin və ağır günlərdə ailənizin reaksiyası necə olub.
Moldovaya döndükdən sonra ailəniz və dostlarınız Sizinlə bağlı baş verənləri
necə dəyərləndirdilər?
- Mən ərim Dmitriyə və anama çox minnətdaram. Çünki onlar mənim
həmin çıxışla bağlı bir saniyə belə, təəssüflənməyim üçün heç bir, hətta ən
xırda əsas belə, vermədilər. Mənim bütün çoxsaylı doğmalarımın, yaxın və uzaq
qohumlarımın hamısı məni dəstəklədilər. Hətta mənim çoxdan xarici ölkələrdə
yaşayan qohumlarım və dostlarım da zəng edərək hər birisi məndən öz mövqeyimdən
geri çəkilməməyi xahiş edirdilər.
- Beynəlxalq qurumlar Sizi Ermənistanda düşdüyünüz situasiyadan
xilas etmək üçün hansı tədbirləri gördülər?
- Beynəlxalq təşkilatlar yalnız mənim ərimin onlardan mənim
Ermənistanı əngəlsiz və təhlükəsiz şəkildə tərk etməyimə yardım göstərilməsi
xahişi etməsindən sonra müdaxilə etdilər. Qeyd etməliyəm ki, Rumıniya səfirliyi
kömək barədə xahişə dərhal reaksiya verdi. Halbuki həmin vaxt Moldiva uzun
müddət hər hansı konkret fəaliyyət barədə qərar verməkdə tərəddüd etmişdi.
Əvvəl də qeyd etdiyim kimi, mənə real diplomatik kömək yalnız Rumıniya və
Gürcüstan tərəfindən göstərildi.
- Azərbaycan dövlətinin Sizin çətin günlərinizdə göstərdiyi fəaliyyət
Sizi qane etdimi?
- Sizin özünüzün də qeyd etdiniz kimi, mənim çıxışım sizin
ölkəniz üçün tamamilə gözlənilməz xarakter daşıyırdı. Azərbaycan hökuməti
tərəfindən reaksiya bir neçə gündən sonra, yəni mənə qarşı təqiblər və
pozuntular Moldovada da davam etdirilərkən verildi. Qeyd etmək lazımdır ki,
Azərbaycanın xarici işlər nazirinin mənim Ermənistandan qayıtmağımdan sonrakı
taleyimin sizin hökumətiniz tərəfindən diqqətlə izlənildiyi barədə çıxışı mənə
real dəstək xarakteri daşıdı. Çünki məhz həmin ərəfədə çıxışım zamanı
söylədiyim mövqe ilə bağlı mənə qarşı təqiblər təşkil olunmuşdu və əsassız
əks-təbliğat başladılmışdı. Bundan əlavə, Azərbaycanın insan haqları üzrə
müvəkkili Elmira Süleymanova Avropanın və dünyanın ombudsman strukturlarına
mənim müdafiə edilməyimlə bağlı müraciət ünvanlamışdı.
- Aurelia xanım, Sizin vaxtilə Bakıda səfərlərdə olduğunuz
məlumdur. Maraqlıdır, növbəti dəfə Azərbaycana nə vaxt səfər edəcəksiniz?
- Mən bu il oktyabrın sonları və noyabrın əvvəllərində Bakını
ziyarət etməyi planlaşdırıram. Məni 31 oktyarb-1 noyabr 2013-cü il tarixində
Bakıda keçiriləcək beynəlxalq humanitar forumda iştirak etmək üçün rəsmən dəvət
ediblər. Proqram üzrə 3 noyabr tarixinə qədər Bakıda səfərdə olmağım nəzərdə
tutulub.
- Sizə suallarımız, əlbəttə ki, həddindən artıq çoxdur. Ancaq
biz çox istərdik ki, nə vaxtsa Sizdən üz-üzə canlı müsahibə alaq. Əgər nə
vaxtsa Bakıya gəlsəniz, Sizi “Yeni Müsavat” qəzetinin və saytının ofisində
qarşılamaqdan çox məmnun olardıq. Ümid edirik ki, bizim bu istəyimizi nəzərə
alaraq, Bakıya səfər etdiyinizdə “Yeni Müsavat” qəzetinin və saytının da
redaksiyasına təşrif buyuracaqsınız.
- Bakıda keçiriləcək beynəlxalq forumun iştirak proqramı həmin
tədbirin təşkilatçıları tərəfindən hazırlanıb və bu proqram çox sıxdır. Ona
görə də, yəqin ki, mən “Yeni Müsavat”ın redaksiyasına gəlməyim üçün əvvəlcədən
planlaşdırılmış tədbirlərin bəzilərindən yayınmalı olacağam. Ancaq mən
çalışacağam ki, sizin redaksiyanızı ziyarət edə bilim.