Azərbaycan Mətbuat Şurasının monitorinq qrupu sentyabrın 22-də
Yasamal rayonunda yerləşən İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirilmiş
icazəli mitinqdə jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə qarşı
hər hansı maneə qeydə almayıb.
Şuranın Daxili İşlər Nazirliyi ilə birgə yaradılmış monitorinq
qrupunun üzvlərinə, həmçinin Mətbuatla dövlət qurumları arasında problemlərin
həlli Daimi Komissiyasının təmsilçilərinə bununla bağlı hər hansı müraciət
edilməyib.
MŞ-nin mitinq müddətində “qaynar xətt” rejimində fəaliyyət
göstərən (055) 2019926 və (012) 4086275 telefon nömrələrinə də prosesi
işıqlandıran kütləvi informasiya vasitələrinin nümayəndələrindən məlumat daxil
olmayıb.
Mətbuat Şurasının monitorinq qrupu icazəli aksiyada peşə
vəzifəsini yerinə yetirmiş jurnalistlərin əsasən üzərində «PRESS» yazılmış
xüsusi gödəkcələrdə olduqlarını qeydə alıb.
Qeyd edək ki, Mətbuat Şurası seçki kampaniyası müddətində
kütləvi toplantıların daha çox keçirilmə ehtimalını, aksiyaları işıqlandıran
jurnalistlərin təhlükəsizliyini təmin etmək, mövcud istiqamətdə yarana biləcək
problemlərin operativ aradan qaldırılmasına kömək göstərməyin zəruriliyini
nəzərə alaraq Mətbuatla dövlət qurumları arasında problemlərin həlli Daimi Komissiyasının
tərkibini artırıb. Şuranın daxili işlər naziri cənab Ramil Usubova
müraciətindən sonra Daimi Komissiyanın işinə bu dövlət orqanından daha iki
nümayəndə cəlb olunub.