QMİ sədrinin iqtidar namizədinə
dəstək çağırışı qanunsuzdur; Hafiz Həsənov: “O, bu cür çağırışlar edirsə, ən
azından öz vəzifəsindən istefa verməlidir...”
Xəbər verdiyimiz kimi,
sentyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsində (QMİ) Şeyxülislam Hacı
Allahşükür Paşazadənin rəhbərliyi altında toplantı keçirilib. Toplantıda ölkə
dindarlarına müraciət qəbul olunub. Toplantıda çıxış edən Şeyxülislam prezident
İlham Əliyevlə fəxr etdiyini deyərək dindarları seçkilərdə hazırkı dövlət
başçısına səs verməyə çağırıb.
Sitat:
“Çünki ölkə başçısının apardığı uğurlu siyasət bəhrəsini verir. Ötən gün ölkə
başçısının Quba məzarlığının açılışında etdiyi çıxış mənim üçün çox fərəhləndirici
oldu. Yəni prezident tərəfindən aparılan bu siyasət təqdirəlayiqdir. Ölkəmiz
günü-gündən inkişaf edir, məscidlər tikilir, bərpa edilir. Biz Heydər Əliyev
siyasətini aparırıq. Çünki onun siyasətində həm din, həm də axirət var. İndi də
onun yolunu İlham Əliyev aparır. Qarşıdan gələn prezident seçkilərində sizi
fəal olmağa çağırıram. Biz hamımız İlham Əliyevi dəstəkləyirik”.
Sentyabrın 21-də Mərkəzi Seçki Komissiyasının (MSK) üzvü Almaz
Qəhrəmanlı Qafqaz Müsəlmanları İdarəsində sentyabrın 19-da keçirilən iclasa
münasibət bildirərək bu toplantıda dindarların İlham Əliyevin prezidentliyə
namizədliyinin dəstəklənməsi barədə qərar verməsi və digər dindarların da buna
çağırılmasını qanunvericiliyə zidd adlandırıb və Seçki Məcəlləsinin 90.2.11-ci
maddəsinin tələblərini pozduğunu deyib.
Qeyd edək ki, Seçki Məcəlləsinin 90.2 maddəsində qeyd olunur ki,
namizədlərin, qeydə alınmış namizədlərin, siyasi partiyaların, siyasi
partiyalar bloklarının, referendum üzrə təşviqat qruplarının seçki fondlarına
könüllü ianə ayırmaq yaxud natura şəklində və ya xidmət göstərilməsi yolu ilə
yardım etmək aşağıdakılarla qadağan edilir:
90.2.11-ci maddədə qadağan olunan qruplar siyahısında “xeyriyyə
təşkilatlarına, dini birliklərə, idarələrə və təşkilatlara” sözləri qeyd olunub.
Bu isə o deməkdir ki, Şeyxülislamın bu çağırışı mövcud Seçki Məcəlləsinə ziddir
və məsuliyyət nəzərdə tutur.
"Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz
Həsənov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, əgər vəzifəli şəxs
səlahiyyətlərindən istifadə edərək seçkilərə müdaxilə edirsə, təsir göstərirsə,
təşviqatda kiminsə xeyrinə təbliğat aparırsa, bu artıq cinayət tərkibi yaradır.
Cinayət Məcəlləsinin 108-ci maddəsinə görə, cinayət məsuliyyəti və 8 ilə qədər
həbs nəzərdə tutulur: “Əgər Şeyxülislam bu cür çağırışlar edirsə, ən azından o
öz vəzifəsindən istefa verməlidir. Konkret olaraq dini qurumun seçki təbliğatı
ilə bağlı qanunvericilik hansısa cəza növünü nəzərdə tutmur. Sadəcə, Seçki
Məcəlləsində göstərilir ki, dini qurumlar seçkiqabağı təşviqat apara bilməzlər.
Əgər bu olursa, seçkiqabağı təşviqat qaydalarının pozulması adlandırıla bilər.
Təşviqatla bağlı Seçki Məcəlləsində müddəalar var, həmin müddəaların
pozulmasıdır. Artıq burda hansı müddəanın pozulmasını Mərkəzi Seçki Komissiyası
araşdırıb qərar verməlidir”.
H.Həsənov deyir ki, indiki halda namizədlər və ya onların
təşviqat qrupları məsələ ilə bağlı MSK-ya müraciət edərək baş verənlərə hüquqi
qiymət verilməsini tələb etməlidir: “Yaxşı olar ki, o namizədlərdən biri bu
məsələni MSK qarşısında qaldırsın. Bu artıq seçki təşviqatına müdaxilə ilə
bağlı məsələdir. Əgər Şeyxülislam indiki halda vəzifəli şəxs kimi müəyyən
edilsə, artıq onun barəsində cinayət məsuliyyəti nəzərdə tutula bilər. Bu
barədə MSK-nın qərarı ola bilər. Bu barədə daha yaxşı olar ki, namizədlərdən
biri və ya təşəbbüs qrupu məsələni MSK qarşısında qaldırsın”.