Moderator.az saytına övladı qətlə yetirilsə də əsl cinayətkarın Nərimanov rayon prokuroru Fikrət Mahmudov tərəfindən gizlədildiyini iddia edən bir ana müraciət edərək fəryadını müvafiq qurumlara çatdırmağımızı xahiş etmişdi.Atlas Orucova onu da bildirmişdi ki, oğlunun qatilini gizlədənlərdən biri də Nərimanov Rayon Polis İdarəsinin rəis müavini Nadir Məmmədovdur.
Moderator.az ittihamlarla əlaqədar olaraq DİN-nin mətbuat katibliyi ilə əlaqə saxlayıb. Daxili İşlər Nazirliyi müraciətimizə operativ reaksiya verərək baş vermiş hadisəyə münasibətini bildirib və saytımıza məktub ünvanlayıb. Məktubu olduğu kimi təqdim edirik.
DİN Mətbuat
Xidmətinin rəis müavini, polis polkovniki Ehsan Zahidov :
"Törədilən cinayət nəticəsində övladı qətlə
yetirilmiş ananın kədəri başa düşüləndir və ona səbr diləyirəm. Bununla belə,
Atlas xanımın kənardan olan dedi-qodulara, şaiyələrə inanaraq bu cinayətin açılması, cinayəti törətməkdə
şübhəli bilinənlərin şəxsiyyətlərinin müəyyənləşməsi, onların yaxalanaraq
istintaqa cəlb olunması istiqamətində öz xidməti vəzifələrini layiqincə yerinə
yetirmiş polis və prokurorluq orqanları əməkdaşlarının ünvanına əsassız
ittihamlar səsləndirməsi təəssüf doğurur. Mərhum Vüqar Orucovun qətli ilə əlaqədar
CM-nin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə) maddəsi ilə
qaldırılmış cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində
bu cinayəti törətməkdə şübhəli bilinərək tutulan Münasib Xəlilov və Emin Səfərov
törətdikləri cinayəti tam etiraf etmişlər. Onların etiraflarını istintaqa cəlb edilmiş şahidlər də təsdiqləmişlər.
İstintaqla mərhumun bıçaq zərbəsindən keçindiyi və həmin bıçaq zərbəsinin də məhz Münasib Xəlilov tərəfindən
vurulduğu sübuta yetirilib. Emin Səfərovun və qeyrilərinin əməlləri isə xuliqanlıq cinayəti
kimi qiymətləndirilib.
Məndə olan məlumata görə Atlas Orucova Baş
Prokurorluğun rəhbərliyinin, eləcə də Nərimanov RPİ-nin rəisinin və rayon
prokurorunun qəbulunda olub və hər dəfə də ona istintaqın gedişi ilə bağlı məlumatlar
verilib, onu narahat edən suallara aydınlıq gətirilib."
Qeyd olunan cinayətlə bağlı aparılan istintaq
başa çatıb və Ağir Cinayətlər Məhkəməsində məhkəmə baxışındadır.