“Respublika Klinik Xəstəxanasında rüşvət ayaq tutub yeriyir”. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, dövlət xəstəxanasına giriş üçün də qeyri-rəsmi olsa da bəlli qiymətlər müəyyənləşdirilib: “Respublika Klinik Xəstəxanası dövlət müəssisəsi olsa da, burada xəstələrə göstərilən istənilən tibbi xidmətin qarşılığında pul tələb olunur. Xəstəxanada həkimlər tərəfindən yazılan bütün reseptlər xəstə yaxınlarının vəsaiti hesabına alınır ki, bu da bir neçə kursluk müalicə alan xəstələr üçün ciddi maddi problem deməkdir. Işin ən maraqlı tərəfi isə xəstəxanaya girişin pullu elan edilməsi ilə bağlıdır. Belə ki, artıq Respublika Klinik Xəstəxanasına xəstə yaxınını görmək üçün gələn vətəndaşlardan 5 manat məbləğində pul tələb olunur ki, bu da öz növbəsində xəstə yaxınları tərəfindən ciddi narazılığa səbəb olur. Vətəndaşlar hesab edir ki, Respublika Klinik Xəstəxanasına girişin və digər xidmətlərin faktiki olaraq pullu olduğunu nəzərə alan əlaqədar qurumlar bu faktı rəsmiləşdirməli və vergi orqanları xəstəxanadan vətəndaşlardan alınan bütün vəsaitlərə görə rəsmi ödəniş tələb etməlidir”.