Dünən vəkil Elçin Sadıqov MTN-də saxlanılan jurnalist, vicdan məhbusu Pərviz Həşimli ilə görüşüb.
Görüş barədə facebook səhifəsində məlumat verən vəkil bildirib ki, jurnaloist saxlanma şəraitindan narazıdır. «Bildirdi ki, hələ də Ombudsman nümayəndələri onunla görüşməyib, qəzetlər verilmir. (Hətta mənim özümlə apardığım qəzetləri də, P.Həşimlinin yanına keçirməyə icazə verilmir.) Ailəsi ilə görüş və telefonla danışmaq kimi minimal hüquqları təmin edilmir. Kamera daim rütubət olur, nəfəs almaq mümkün deyil, ayaqyolu kameranın içərisindədir, kamerada daim ağır iy var, hətta yatmaq istədikdə də, ona başını yatağın istədiyi yerinə qoymağa icazə vermirlər, deyirlər ki, gərək biz sənin üzünü görək. Bildirdi ki, hətta MTN-ə qarşı yazdığı yazıları da qabağına qoyub belə yazıları niyə yazması barədə izahat tələb edirlər.
Bundan başqa Pərviz Həşimli dünən istintaqa nəzarət edən prokuror Alim Cəbrayılova etdiyi şikayət vəkili Bəhruz Bayramovun əlindən zorla alınıb».Vəkil daha sonra bildirib ki, dünən Səbail rayon Məhkəməsinin hakimi Anar Tanrıverdiyevə 07 noyabr 2013-cü il tarixdə həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə vəsatətə baxış iclasının protokolu ilə tanış olub qeydlər vermək barədə ərizəsi əlindən alınıb. Onların danışığından belə çıxdı ki, P.Həşimlinin məhkəmə iclas protokolu ilə tanış olmaq və ona qeyd vermək hüququ da yoxdur. Həmçinin mənim əlimdən qeydlərim yenidən məcburi qaydada alındı və sürəti çıxarıldı».
Vəkil məlumat verib ki, P.Həşimli barəsində həbs qətimkan tədbirinin 3 ay uzadılması barədə Səbail rayon Məhkəməsinin 07 noyabr 2013-cü il tarixli qərarından verdiyimiz apellyasiya şikayətinə bu gün saat 14.50-də Bakı Apellyasiya Məhkəməsinin binasında hakim Sahibxan Mirzəyevin sədrliyi ilə baxılacaq.