Milli Məclisin bugünki iclasında çıxış edən BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev hökumətə bəzi tövsiyyələrini verib. Moderator.az onun təkliflərini təqdim edir:
“Mən də deputat həmkalarımın dedikləini dəstəkləyərək təklif edirəm ki, Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birləşdirilməlidir ki, bürokratik aparat maksimum dərəcədə yığcam olsun. Bundan başqa mən əvvəllər də söyləmişdim ki, yaşayış minimumu ilə ehtiyac meyarı anlayışları birləşdirilməlidir. Yaxşı olar ki, hökumət üzvləri deputatlara məlumat versinlər. Hökumət bəyan edir ki, son beş ildə bir milyondan artıq yeni iş yerləri açılıb. Əgər yeni iş yerləri açılıbsa o zaman ünvanlı sosial yardımların sayında bu göstərici özünü çox ciddi şəklidə göstərməliydi. Ancaq çox təəssüf ki, ildən-ilə sosial yardımlar alanların sayı nəinki azalmır, artır. Bu məsələyə də aydınlıq gətirilməlidir. Əlavə olaraq mən burda bir məqama da toxunmaq istəyirəm ki, prezidentlər 15 min maaş, eks-prezidentlər isə 7500 manat pensiya alır. Hakimiyyətin digər iki qolunda-məhkəmə hakimiyyətinin və qanunverici hakimiyyətin başında dayanan şəxslər də buna nisbətən , ən azı həmin məbləğin 60 faizi civarında əmək haqqı almalıdırlar. Bu çox ədalətli və normal olar. Yeri gəlmişkən, bu gün iqtisadi inkişafı ilə dünyanı heyrətləndirən Sinqapurda korrupsiyaya qarşı mübarizə birinci ondan başlanıldı ki, məmurların, xüsusilə yüksək vəzifəli şəxslərin maaşları birdən-birə kəskin şəkildə artırıldı. Nəticədə bu dövlət üçüncü dünya ölkələri sırasından qısa bir müddətdə inkişaf etmiş ölkələr səviyyəsinə gəlib çatdı. Bu gün Sinqapur korrupsiyanın ən aşağı səviyyəsinə malik ölkədir. Düşünürəm ki, hökumət üzvləri bunu da nəzərə alsalar yaxşı olardı.”