Cari ilin sentyabr ayından icrasına başlanmış «Cəza çəkməkdən azad edilmiş gənclərin sosial adaptasiya mərkəzinin yaradılması» layihəsi “Gənclərin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin elan etdiyi layihələrin qismən maliyyələşdirilməsi müsabiqəsi çərçivəsində həyata keçirilir.
Layihə çərçivəsində cəzaçəkmə müəssisələrindən azadlığa çıxmasına üç aydan az qalmış məhkum
olunmuş gənclərin azadlıq şəraitinə
adaptasiyasının təmin olunması istiqamətində izahat işlərinin
aparılması, onlara azadlığa çıxdıqdan sonra qarşılaşdıqları hüquqi məsələlərlə
bağlı məsləhət və tövsiyələrin verilməsi, bununla bağlı əlaqədar qurumlarla
qarşılıqlı fəaliyyətin təşkil edilməsi nəzərdə tutulur.
Həmçinin seçilmiş gənclər arasında
müvafiq mövzularda (o cümlədən,
azadlığa çıxdıqdan sonra onların cəmiyyətə
adaptasiyasında lazımi sosial və hüquqi məsləhətlər və s. söhbətlər) təlim
və görüşlərin keçirilməsi, müvafiq məlumat və təbliğat materiallarının
hazırlanıb paylanması planlaşdırılır.
Layihə müddətində
Sosial Adaptasiyası Mərkəzinin yaradılması da, nəzərdə tutulub. Burada ehtiyacı
olanlara pulsuz lazımi sosial və hüquqi xidmətlərin göstərilməsi həyata keçiriləcək.
Layihənin əsas məqsədi
cəza çəkməkdən azad edilmiş gənclərin Sosial Adaptasiya Mərkəzinin yaradılması
yolu ilə gənclər arasında cinayətkarlığın azaldılması, cəzaçəkmə müəssisələrindən
azad olunmuş gənclərin sosial problemlərinin həll edilməsi, onların sosial
mühitə adaptasiya edilməsinə nail olmaq, bu qrup insanların qanunlara riayət
etməklə yaşamaları, cəmiyyətə tam hüquqlu vətəndaş kimi inteqrasiya olunması,
onlara sosial, psixoloji və hüquqi məsləhətlərin verilməsindən ibarətdir.
Layihə “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət
Proqramının Tədbirlər Planının “6.6.6. Cəzaçəkmə
müəssisələrindən azad olan gənclərin
reabilitasiyası məqsədilə tədbirlərin həyata keçirilməsi” istiqamətinə
uyğun olaraq icra edilir.
Layihə 2013-cü ilin
dekabr ayında başa çatacaqdır.