Noyabrın 14-də saat 17:00-da Yasamal rayon Məhkəməsində hakim Sərdar Mehrəliyevin sədrliyi ilə Milli Şuranın komissiya sədri, sabiq deputat Gültəkin Hacıbəylinin 9 il öncə ayrıldığı keçmiş həyat yoldaşı Mahmud Mehdiyev və onun bacısı Aynur Mehdiyeva tərəfindən sabiq deputata qarşı Cinayət Məcəlləsinin 147.1 və 147.2-ci maddələri ilə irəli sürülmüş xüsusi ittıham üzrə məhkəmə prosesi keçirilib. Gozetci.az portalının məlumatına görə, məhkəmə prosesində G.Hacıbəyli, onun vəkilləri Elçin Sadıqov, Muxtar Mustafayev, Bəhruz Bayramov, xüsusi ittihamçılar M.Mehdiyev və A.Mehdiyeva iştirak ediblər.
G.Hacıbəyliyə dəstək üçün AXCP sədri Əli Kərimli, onun müavinləri Nürəddin Məmmədli, Fuad Qəhrəmanlı, AXCP-nin Ali Məclisinin sədri Həsən Kərimov, Milli Şuranın üzvü Vidadi Mirkamal, vəkil Aslan İsmayılov və digər ictimaiyyət nümayəndələri də məhkəmə prosesinə qatılıblar.
Öncə A.Mehdiyeva özü haqda məlumat verdi. O, Bakı şəhəri, Sabit Rəhimov küçəsi 35, mənzil 16-da yaşadığını, evdar qadın olduğunu bildirdi. Proses zamanı onun başqa ünvanda qeydiyyatda olduğu, şikayət ərizəsinin bu və digər pozuntularla tərtib olunduğu da aşkara çıxdı.
G. Hacıbəyli hakimə şikayət ərizəsinin Cinayət Prosessual Məcəllənin 293-cü maddəsinin tələblərinin kobud şəkildə pozulması ilə icraata qəbul edilməsinə etiraz etdi. “Hörmətli hakim bu cür kobud qanun pozuntuları olan işi icraata qəbul etmisiniz. İddianın icraata qəbulu üçün heç bir əsas, fakt yoxdur. Bu, təqib birmənalı şəkildə mənim siyasi fəaliyyətimlə bağlıdır”.
G.Hacıbəyli əlavə etdi ki, üçüncü məhkəmə iclası keçirilir, lakin ona qarşı irəli sürülən xüsusi ittihamın mahiyyətini hakim ona hələ izah etməyib, halbu ki, CPM tələbinə görə hakim bunu ittiham elan olunandan dərhal sonra etməli idi. G. Hacıbəyli üzünü hakimə tutaraq “mən bilmək istəyirəm ki, nədə ittiham edilirəm, konkter nəyə görə təqib olunuram, bu mənim hüququmdur. Nə siz, nə ittihamçılar bunu mənə və vəkillərimə izah edə bilmirsiniz” deyə bildirdi. O, məhkəmənin yol verdiyi kobud qanun pozuntularına etiraz edərək hakimdən qanun pozuntularının aradan qaldırmasını tələb etdi.
Vəkil Muxtar Mustafayev qeyd etdi ki qarşı tərəf G.Hacıbəylini hansı ifadəyə görə ittiham etdiyini izah etsin.
Vəkil Elçin Sadıqov dedi ki, 147.2-ci maddəs ilə ittiham haqda xüsusi ittihamçı izah edə bilmir. O bildirdi ki, belə olan halda məhkəmə izah verməlidir, amma izah etmir.
Hakimin "Bunu xüsusi ittihmçılar izah etməlidirlər, onlar izah edə bilmirsə, mən nə etməliyəm" sözlərinə cavabında G.Hacıbəylinin digər vəkili Bəhruz Bayramov üzünü hakimə tutaraq “Bu işi siz icraata qəbul etmisiniz” deyə hakimin diqqətinə çatdırdı.
“ Hörmətli hakim, şikayət ittihamçılar tərəfindən verilsə də, bu işi icraata siz götürmüsünüz, onu məhkəmə baxışına siz təyin etmisiniz. Gec-tez bu qanunsuz və əsassız siyasi təqibin məsuliyyətini də siz daşıyacaqsınız”, deyə Hacıbəyli hakimə müraciət etdi.
G.Hacıbəyli məhkəmə prosesinin düzgün qurulmadığını, nədə ittiham edildiyini bilmədiyini bir daha bəyan etdi. Bu zaman hakim “Siz məhkəmənin obyektiv aparılmasını istəyirsiniz?” deyə G. Hacıbəyliyə sual etdi. G.Hacıbəyli isə bunları dedi: “Bəli, amma siz siz bizə izah etmirsiniz ki mən nədə ittiham edilirəm. Xüsusi ittihamçı may ayında keçirdiyi mətbuat konfransında bütün ölkənin gözü qarşısında məni təhqir edib və böhtan atıb. Buna görə onlar da qanun qarşısında cavab verəcəklər”.
Sonra G. Hacıbeyəli verdiyi vəsatəri oxumağa başladı. O, bu işin onun siyasi fəaliyyəti ilə bağlı siyasi təqib olduğunu deyən hakim onun sözünü kəsdi. G.Hacıbəyli və vəkilləri hakimin bu hərəkətinə etiraz etdilər. G.Hacıbəylinin hakimə Sərdar bəy deyə müraciət etməsi isə hakimin etirazına səbəb oldu. Hakimin “Siz məhkəməyə müraciət etməyi öyrənin” replikasına G.Hacıbəyli “Hörmətli hakim, əgər sizə Sərdar bəy deyə müraciət etməyimi özünüzə qarşı təhqir hesab edirsinizsə, üzr istəyirəm” deyə cavab verdi.
G. Hacıbəyli oktyabrın 28-də keçirilən məhkəmə prosesində M.Mehdiyev tərəfindən hüquq müdafiəçisi, şahid Əlövsət Əliyevin, jurnalist Xədicə İsmayılın, vəkil Bəhruz Bayramovun və özünün təhqir edildiyini hakimə xatırlatdı. O, buna görə M.Mehdiyev barəsində məhkəmənin xüsusi qərar çıxardıb Baş Prokurorluğa göndərilməsi haqda vəsatət verdi: “Mahmud Mehdiyevin adını belə çəkmədiyim, heç bir aşağılayıcı məzmunu olmayan ümumi ifadələrə görə mənə qarşı cinayət təqibinə başlatmısınızsa ya bilavasitə məhkəmə iclasının gedişində məni təhqir edən Mahmud Mehdiyevin barəsində cinayət işi açılması barədə xüsusi qərar çıxardıb Baş Prokurorluğa göndərməlisiniz, ya da ki, deyin ki, Gülətkin Hacıbəylini Milli Şuranın üzvü olduğuna, hakimiyyəti tənqid etdiyinə görə Konstitusiyanın hamının qanun və məhkəmə qarşısında bərabərliyi haqqında 25-ci maddəsi ona şamil edilmir" .
Hakim bildirdi ki, vəsatətlə bağlı yekun qərar sonda qəbul olunacaq: “Məhkəmədə kimin kimi təhqir etməsi haqda qərar qəbul etmək məhkəmənin müstəsna səlahiyyətindədir”.
Hakimin bu sözlərinə reaksiya verən E.Sadıqov “ Onda belə çıxır ki, məhkəmə prosesində “mənəviyyatsız” sözünü işlətmək olar. Bu nə dərəcədə doğrudur?” Hakim vəkilin sözlərinə cavab verə bilmədi.
Məhkəmə prosesində hiss olunurdu ki, hakim özü də düşdüyü vəziyyətin faciəviliyini anlayır və tərəfin ona etiraz etməsini istəyir. Bunu hakimin dəfələrlə, “Əgər Gültəkin xanım hesab edirsə ki, hakim qərəzlidir, onda hakimə etiraz edə bilər” deməsindən açıq-aydın hiss olunurdu.
G.Hacıbəyli isə bunları bildirdi: “Hörmətli hakim, mənim sizə, sizin də mənə qarşı heç bir şəxsi qərəzimiz yoxdur. Sadəcə, siz siyasi fəaliyyətimə görə işə qərəzli baxır və məni əsassız təqib edirsiniz. Odur ki, mən sizə yox, tərəfinizdən yol verilən kobud prosessual pozuntulara etiraz edirəm. Başqa hakim də gəlsə, Prezident Administrasiyasından ona zəng edilərək nə sifariş veriləcəksə, o qərarı da elan edəcək.”.
Bu zaman M.Mehdiyev hakimdən icazə almadan “Prezident Administrasiyasından zəng ediləcək sözləri protokola yazılsın” dedi. G.Hacıbəyli M.Mehdiyevin icazəsi olmadan yerindən danışmasına etiraz etdi. Hakim isə M.Mehdiyevi ayağa qaldırıb, icazəsiz yerindən danışdığı üçün sonuncu xəbərdarlıq etdi.
G.Hacıbəyli Filippinli xanımın yerli mediaya verdiyi açıqlamada A.Mehdiyeva tərəfindən həmin xanıma işgəncə verilməsi- döyülməsi, təhqir edilməsi, sutkada 21-22 saat işlədilməsi, ac saxlanılması haqqında danışdığını deyib. Bundan sonra G. Hacıbəyli filippinli xanımın şahid qismində məhkəməyə çağırılıb dindirilməsi və Aynur Mehdiyeva ilə üzləşdirilməsi haqda vəsatət verdi. Hakim yerində müşavirə edərək vəsatəti təmin etdi.
Sonra G.Hacıbəyli filippinli xanımın insan alverinin qurbanına çevirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində aparılan istintaqdakı cinayət işindəki sənədlərin sürətinin məhkəməyə təqdim edilməsi haqda da vəsatət verdi. M.Mehdiyev filippinli xanımın məhkəmədə dindirilməsi haqda verilən vəsatətə və onunla bağlı aparılan istintaqdakı sənədlərin sürətinin məhkəməyə təqdim edilməsinə sərt bir şəkildə etiraz etdi. O, vəsatətlərin rədd edilməsini hakimdən xahiş etdi və hətta Aynur Mehdiyevanın cinayət məsuliyyətinə cəlb olunacağı halda belə, Gültəkin Hacıbəylinin məsuliyyət daşımalı olduğunu bildirdi, "çünki o Aynur Mehdiyenın saxlandığını yazıb".
G.Hacıbəyli bu məsələ ilə bağlı mediada yayılan məlumatlara istinad edərək danışdığını qeyd etdi: “Aynur Mehdiyevanın saxlanılması haqda əksər mediada, hakimiyyət mediasında da məlumatlar yayılıb. Mən mediada yayılan məlumatlara istinad edərək danışmışam və KİV haqqında Qanunun 62-ci maddəsinə görə heç bir məsuliyyət daşımıram”.
Daha sonra hakim G.Hacıbəylinin vəsatətini qismən təmin etdiyini elan etdi. Belə ki, filippinli xanımın insan alverinin qurbanına çevirilməsi ilə bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində cinayət işinin başlanılması haqda qərarın, cinayət işinin hazırda hansı mərhələdə olması haqda sənədlərin sürətinin məhkəməyə təqdim edilməsini təmin edib.
Hakim dekabrın 2-nə, saat 16:30-a kimi məhkəmə prosesini təxirə saldı.
- See more at: //gozetci.az/index.php?option=com_content&view=article&id=4387%3Agueltkin-hacbyli-mhkmd-hakimi-ittiham-etdi&catid=1%3Alatest-news&Itemid=37#sthash.22MfseSr.dpuf