Hələ 9 oktyabr seçkilərindən xeyli əvvəl seçkisonrası yaranacaq ümidsizlik və xəyal qırıqlığından ölkəni daha bir neçə min vətəndaşın tərk edəcəyini proqnozlaşdıran eks-spiker Rəsul Quliyev haqlı çıxdı. ADP Ali Məclisinin sədri, illər uzunu demokratlaın düşərgəsində aktiv siyasi fəaliyyət göstərmiş Vaqif Şirinov siyasi mühacirətə getdi.
Moderator.az hazırda Belçikada olan V. Şirinovla əlaqə
saxlayaraq qərarının səbəbini açıqlamağı xahiş edib. Onun açıqlamaları
gerçəkdən çox üzücüdür və illər uzunu haklimiyyətə qarşı müxalif mövqedə
dayandığına görə məhrumiyyətlərlə üzləşən hər kəsə tanışdır:
“Mən 2005-ci ildən ADP-nin maliyyə məsələləri üzrə
səlahiyyətli nümayəndəsi olmuşam. Bütün seçkilərdə, referendumlarda partiyanın
maliyyə məsələsi üzrə səlahiyyətli nümayəndəsi kimi tanınmışam. Bunu təsdqiedən
sənədlər var. Bildirmək istəyirəm ki, həmişə mənə bu və ya digər formada
təzyiqlər olub. Bunların bir çoxunu nəinki ictimailəşdirməmişəm, hətta patiya
sədri Sərdar Cəlaloğluna belə deyib onlara əlavə gərginlik yaşatmaq
istəməmişəm. 2000- ci illərin əvvəllərindən, konkret olaraq 2003-cü ildə
işlədiyim maliyyə və bank işlərindən qanunsuz olaraq kənarlaşdırılmağımdan
başlayaraq məni dəfələrlə şantaj ediblər, həbslə, ailə üzvlərimlə hədələyərək
hakimiyyətin xeyrinə əməkdaşlıq etməyə təkid ediblər. Bundan əlavə dəfələrlə
ADP rəhbərliyinə hansısa məmurlardan və ya xaricdəki maliyyə qaynaqlarından
vəsait alıb verdiyimi etiraf etməyimi tələb ediblər, yaxud çoxsaylı
şirnikləndirici təkliflərin qarşılığında belə bir uydurma iddiayla çıxış
etməyimi təklif ediblər. Təbii ki, bütün bu repressiv addımlar və
mənəvi-psixoloji basqılar sağlamlığıma sarsıdıcı zərbələr vurmuş və infarkt
keçirmişəm, ağır şəkər xəsətsiyəm, iki dəfə ürəyimdən ağır açıq əməliyyat
olunmuşam. Hətta Neftçilər Xəstəxanasında məni əməliyyat etmiş məhşur kardioloq
Rəşad Mahmudov kliniki ölüm keçirməyimdən bərk qorxuya düşmüşdü. Sonradan
deyirdi ki, ürəyi “remont” edib yerinə qoyandan sonra bir neçə cəhd uğursuz
olub və ürək sanki “daha işləmək istəmirəm” cavabını veribmiş. Deməyim odur ki,
Azərbaycandakı mövcud hakimiyyətə qarşı müxalif mövqeyim həm özümə, həm ailə
üzvlərimə çox baha başa gəlib və hamımız ölkədən baş götürüb qaçmaq zorunda
qalmışıq. Ona görə də qəbul etdiyim bu qərarımı dostlarımın, partiyadaşlarımın, əqidə
yoldaşlarımın anlayışla qarşılayacaqlarına ümid edirəm.