“Sumqayıtdakı 2 saylı xəstəxananın xəstələri titrətməyə tutulublar”. Bu barədə Moderator.az saytını özəl mənbə bilgiləndirib. Mənbənin sözlərinə görə, xəstəxanada istilik sistemi olmadığı üçün xəstələr soyuğa qarşı öz imkanları daxilinə mübarizə aparmağa çalışırlar: “2 saylı xəstəxana uzun illərdir ki, Sumqayıtın ən bərbad, ən baxımsız xəstəxanası olmaqla yanaşı, həm də istilik sistemindən məhrum müəssisə kimi tanınmaqdadır. Xəstəxanada heç bir istilik sistemi olmadığı üçün soyuq aylarda xəstəxana yetkililəri nisbətən yüngül xəstələrə evə getməyi, soyuq günləri öz mənzillərində keçirməyi məsləhət görür. Vəziyyəti daha ciddi olan xəstələr isə soyuqdan qorunmaq üçün evdən gətirdikləri elektrik qızdırıcıları ilə isinməyə çalışırlar ki, bu da təbii ki, yetərli olmur. Xəstə və xəstə yaxınları isə hesab edir ki, xəstəxananın ümumi istilik sistemi olmayacağı təqdirdə qarşıdakı soyuq aylarda vəziyyət daha kritik olacaq ki, bu da xəstələr üçün ikiqat problem deməkdir”.
Seymur Əliyev