Bugünlərdə keçmiş müdafiə naziri Rəhim Qazıyev Moderator.az saytına açıqlamasında Əbülfəz Elçibəy dönəmində baş verən bəzi olaylarla bağlı maraqlı fikirlər səsləndirib. Onun bildirdiyinə görə, həmin vaxt Surət Hüseynov Gəncədəki rus qoşunlarından ermənilərə qarşı istifadə etməyi təklif edib və bildirib ki, o, bunu öz şəxsi maliyyə vəsaiti hesabına reallaşdıra bilər. S.Hüseynov bu məsələdə həmrəylik nümayiş etdirməyi, Etibar Məmmədovu baş nazir postuna gətirməyi, bütün bu məsələlərlə bağlı prezident Əbülfəz Elçibəylə görüşüb razılaşmağı təklif edib. Ancaq sonradan Surət Hüseynovun bu təklifi naməlum səbəbdən “yaddan çıxıb...”
Həmin dövrdə proseslərin içərisində
olan AXP sədri P.Hüseyn saytımıza açıqlamasında deyilənləri təsdiqləsə də, razılaşmadığı
məqamları da vurğuladı: “Əvvəla onu deyim ki, həmin vaxt bizim nə rəsmi, nə də
qeyri-rəsmi toplantımız olmayıb və heç kim də məni hansısa missiya üçün seçməyib.
Sadəcə, həmin vaxt müdafiə naziri Rəhim Qazıyevin təşəbbüsü ilə 5-10 dəqiqəlik
bir müzakirə oldu. Həmin toplantıda, əgər bu müzakirəni toplantı adlandırmaq
mümkündürsə, Ali Sovetin o vaxtkı sədri İsa Qəmbər də iştirak edirdi. O vaxt
Surət Hüseynov belə bir təkliflə çıxış etdi. Bu görüşdən sonra mən həmin
müzakirə və orada səslənən fikrilərə bağlı prezidenti məlumatlandırdım. Lakin
Ə.Elçibəy onun iştirakı olmadan belə bir müzakirənin keçirilməsini müsbət
qarşılamadı. O, bunu siyasi əxlaq baxımından qeyri-düzgün addım kimi dəyərləndirdi
və bildirdi ki, əgər lazım bilsə, həmin müzakirədə iştirak edən şəxsləri qəbul
edəcək. Bütün məsələ bundan ibarətdir”.
Seymur Əliyev