Cari ayın əvvəllərindən etibarən Sumqayıtın dənizkənari obyektləri satışa çıxarılıb. Bu barədə Moderator.az saytını bilgiləndirən mənbənin sözlərinə görə, alqı-satqı üçün qanuni rüsumdan əlavə hər sot üçün 3 min manat məbləğində pul tələb olunur: “Sumqayıtdakı dənizkənari obyektlərin demək olar ki, hamısı arenda əsasında fəaliyyət göstərir və onların hər biri ay ərzində “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətinə 700 manat məbləğində icarə haqqı ödəyir. Son iki həftədir ki, ərazidəki çimərliklərin icra hakimiyyəti tərəfindən özəlləşdirilməsinə start verilib. İşin ən maraqlı tərəfi isə özəlləşdiriləcək hər bir sot üçün vətəndaşlardan qanunsuz olaraq 3 min manat ödənişin tələb edilməsidir. Artıq bir neçə obyektin bu qaydada özəlləşdirilməsi prosesi həyata keçirilib ki, nəticədə yüz min manatlarla vəsait ayrı-ayrı şəxslərin cibinə axıb”.