Bir neçə gün öncə keçmiş müdafiə naziri Rəhim Qazıyevin sələfi Zakir Həsənovun yeni təyinatına şərhi də daxil olmaqla bir çox məqamlar barədə Moderator.az saytına geniş müsahibəsində səsləndirdiyi fikirlər cəmiyyətin marağına səbəb olmuşdu. Xüsusən də onun Nəcməddin Sadıqovun bu günü və keçmişi barədəki fikirləri, eyni zamanda vaxtilə Surət Hüseynovun Etibar Məmmədovun baş nazirliyə namizədliyini təklif etməsindən qaynaqlanan soyuqluğun sonda AXC iqtidarının süqutuna səbəb olmasını iddia etməsi birmənalı qarşılanmamışdı. O dövrdə proseslərin iştirakçısı olmuş sabiqlərdən İsgəndər Həmidov, onun qardaşı Sərdar Həmidov, politoloq Cümşüd Nuriyev mövzu ətrafında öz fikirlərini bildirmiş, bəzi məqamlarla razılaşmadıqılarını bildirmişdilər. Həmin vaxt biz daha bir məhşur sabiqin-general Tahir Əliyevin münasibətini öyrənmək istəmişdik. Bildirmişdi ki, qoy hamı danışsın, ən sonda mən onların demədiklərini deyəcəyəm. Beləliklə, dünən AXP sədri Pənah Hüseyn Moderator.az-a açıqlamasında bu mövzudakı müəmmaya aydınlıq gətirdikdən sonra T. Əliyevin dediyi vaxt tamam oldu və o bəzi “yaddan çıxmış” detallara aydınlıq gətirdi. Onun Moderator.az-a açıqlamasını təqdim etməklə oxucuları 20 il öncəyə qısa ekskus etməyə dəvət edirik...
-Rəhim Qazıyevin də, İsgəndər Həmidovun da
saytınıza müsahibələrini oxudum. Bildirim ki, o vaxt Mərdəkanda doğrudan da belə
bir toplantı olub, ancaq bu gizli görüş olmayıb. Özü də o toplantı bir yox,
iki dəfə olub. Birinci dəfə Mərdəkandan bir gün öncə həmin
müzakirələrin başlanğıcı Milli Məclisin sədri İsa Qəmbərin xidməti otağında
olub. Biz nahar fasiləsinə çıxmışdıq, bizə dedilər ki, İsa Qəmbərin xidməti
otağına getmək lazımdı. Mən getdim və içəri girəndə Rəhim Qazıyevi, Surət
Hüseynovu, Etibar Məmmədovu, Şadman Hüseynovu, Tamerlan Qarayevi İsa Qəmbərin yanında gördüm.
-İsgəndər Həmidov orda yox idi?
-Yox , o yox idi.
-Bəs Pənah Hüseyn necə?
-Bax o dəqiq yadımda deyil. Məncə Pənah Hüseyn
də yox idi. Nahar fasiləsi olduğuna görə vaxt məhdud idi, naharı da elə İsa Qəmbərin
otağında elədik.
-Surət Hüseynov ora hansı missiya ilə gəlmişdi?
-Surət Hüseynov bildirdi ki, bildiyiniz kimi əlavə
qüvvələr də cəlb etməklə hərbi əməliyyatlarda xeyli uğurlarımız var. Rəhim
Qazıyev də müsahibədə həmin əlavə qüvvələrdən danışıb.
-Əlavə qüvvə dedikdə rusları nəzərdə tuturdular?
-Bəli, Gəncədə olan rus hərbi qüvvələrini.
Bildirdi ki, necə ermənilər rus qoşunlarının köməyi ilə ərazilərimizi işğal
ediblər, bu gün də mənim belə bir imkanım var ki, eynilə biz də Gəncədəki hərbi
hissələrin köməyi ilə onları geri oturdaq. Surət gəlirlərini də dedi və
bildirdi ki, Yevlax Yun Zavodunda işləyir və eyni zamanda dədə- babasından,
qohum ”“qəbiləsindən qalan külli miqdarda qızıl-zinət əşyaları və pullar hesabına
bu işi həyata keçirəcək. Onu da xatırlayıram ki, Gədəbəydə olan qohumlarından
söz saldı və “zaqatkantora”da (zaqotovitelnaya kontora-red.)işləyən yaxın
qohumundan nə qalıbsa onların hamısını
Qarabağın işğaldan azad edilməsinə sərf etməyə hazır olduğunu dedi. Qərara gəlindi ki, sabahası gün Mərdəkanda
geniş tərkibli görüş olsun. Orda adını çəkdiyim adamlardan əlavə Pənah Hüseyn,
İsgəndər Həmidov, Fəhmin Hacıyev, bir sözlə, o dövrdə üzdə olan adamların əksəriyyəti
həmin görüşdə iştirak edirdi. Mərdəkanda da Surət Hüseynov bir gün öncə İsa Qəmbərin
xidməti otağında dediklərini bir daha təkrarladı. Dedi ki, bu görüşdən öncə
Əbülfəz Elçibəylə görüşüb. Elçibəyin ünvanına xeyli xoş sözlər bildirdikdən
sonra dedi ki, mən prezidentə də seyid olduğumu bildirəndə o da cavab verib ki,
mən də seyid övladıyam, əslim-nəslim seyiddir. Xülasə, sözünün sonunda Surət
dedi ki, “Quran”ı gətirin, əlimi “Quran”ın üstünə qoyub and içim ki, gəlin
hamımız birləşərək torpaqları işğaldan azad edək, mən gedib Gəncədə evimdə
oturacam. Yəni bu məqamı xatırladıram ki, görüş iştirakçılarının yadına düşsün.
Bir sözlə, hamı Surətin danışığından razı qaldı və qərara alındı ki, Türkiyəyə
səfərdən qayıdan Elçibəyi qarşılayanlar onunla bu mövzu ətrafında söhbət etsinlər.
Razılaşdıq ki, Elçibəylə söhbətdən sonra eyni tərkibdə üçüncü dəfə yığışaq. Hətta
bu məsələləri kordinasiya etmək üçün iki nəfər-Şadman Hüseynov və Pənah Hüseyn
seçildi. Məclisin sonunda Surət Hüseynov baş nazir Rəhim Hüseynovdan söhbət
açdı. Onun ünvanına da çox xoş sözlər dedi və bildirdi ki, məlum səbəblərə görə,
yəni keçmiş kommunist olduğu üçün yaxşı işləyə bilmir, işləməyə qoymurlar, odur
ki, onu bir başqa yaxşı işə keçirməklə Etibar Məmmədovu baş nazir qoyun,
müxalifət də birləşsin. Hamımız da Əbülfəz Elçibəyin ətrafına yığışaraq işğal məsələsini
birdəfəlik həll edək. O birisi gün Elçibəyin iştirakı ilə nəzərdə tutulan görüş
baş tutmadı.
-Surət Hüseynov Etibar Məmmədovun namizədliyini
səsləndirəndə görüş iştirakçılarının reaksiyası nə oldu?
-Kimsənin bu təklifə etirazını eşitmədim,narazı
reaksiya da hiss etmədim.
-Sonradan Pənah Hüseyn və Şadman Hüseynovdan
soruşmadınız ki, o məsələnin axırı necə oldu?
-Mən Şadman Hüseynovdan soruşdum, o da cavab
verdi ki, həmin görüşün baş tutmamasının səbəbini bilmir.
-O dövrün reallıqlarını bilən və proseslərin
içində olan bir adam kimi necə düşünürsünüz, Etibar Məmmədovun baş nazirlik məsələsi
alınsaydı doğrudan da Surət iddia etdiyi kimi Qarabağ məsələsini birdəfəlik həll
etmək olardımı?
-Doğrusu, mən nə o vaxt , nə indinin özündə də
bilmirəm ki, AXC iqtidarı ilə Etibar Məmmədovun arasındakı soyuqluğun kökündə
konkret olaraq hansı məsələ dayanırdı.
-Sonradan Surəti görmək və ondan yarımçıq
qalmış təklifin taleyi ilə maraqlanmaq imkanınız oldumu?
-Sonradan Gəncə hadisələri zamanı mən deputat
istintaq komissiyasının üzvü olanda Gəncədə gördüm, onda da o söhbətin yeri
deyildi. Əgər nəyisə düz demirəmsə toplantı işltirakçılarının irad və təkliflərini
dinləməyə hazıram.