Neçə gündü gündəlik cızmaqaralarımı nəzərə almasaq, yazmıram. Nə yazım axı? “Qabında bir urvalıq un olmayan kişilər” başlıqlı köşə yazımdan sonra umu-küsünün biri “min bir” oldu. Elə yazının başlığından konkret ünvandan bəhs etdiyim bilinsə də, facebook sosial şəbəkəsindəki KİŞİ dostlardan “Yeganə xanım, kişilərin hamısını bir çuvala yığmayın”deyib, qaş-qabaq sallayanlar oldu. Ha dedim ki, and bu, qəssab bu, mən olsa-olsa o yazımda “qabında bir urvalıq un olmayan kişilər”ə Allahdan bərəkət diləmişəm. Bizim obada da bərəkət dediyin bir tək əppək deyil. Kişi olanın bərəkəti ilk öncə onun KİŞİLİYİDİ. Cinsiyyət fərqi hələ KİŞİLİK sayılmaz. Uşaq vaxtlarımızda bir çoxbilmiş sinif yoldaşım vardı-Nəzakət. Boğazında hülqumu hələ çıxmayan oğlan sinif yoldaşlarımıza deyərdi ki, “sən kişi deyilsən. Kişinin hulqumu olar”. Yaman hökümlüydü. Bir də görərdin yığıb oğlanları önünə, bir-bir “ekspertiza” edir. Çünki bəzilərinin hulqumu ancaq udqunanda bəlli olurdu. Bəlkə də uşaqların çoxunun hulqumu elə udquna-udquna çıxırdı...
Nə isə... Sözümün canı, KİŞİ olmaq elə də hünər-zad istəmir bu çağda. Beş-üç KİŞİNİN yanında verdiyin sözü tutdunmu, kifayət edir desinlər ki, “KİŞİ ADAMDI”. Vay o gündən ki, üç-beş adamın yanında verdiyin sözü “kişi” kimi tutmayasan. Bax onda da ikicə hərfi artırırlar o boyda sifətin önünə və... Allah KİŞİLƏRİMİZİ o ikicə hərfdən qorusun.
Nə gizlədim, bu köşəmin də “ilham mənbəyi” elə önündə iki hərf olan “kişidi”. Nəsil-nəcabətinin kişiliyindən də qürurla dəm vurduğu bir ortamda, “etsəm nakışiyəm” deyib, sonra da edən adam yalını yeyib, “qapısında” zəncirdə hərləndiyi məhşur bir professoru “sədaqətiylə” necə ovsunlayıbsa mat-məəttəl qalmışam. Hər şey “Azadlıq” qəzetində gedən video-seriallar kimi aydın olsa da, professor eləcə deyir ki, “siz ona ilişdiniz birinci. İndi sakit durun, onu qaşındırmayın(!) uşaqlarınız var...” Deyirəm ay cənab professor, axı mən ona neynədim ki, dörd nəfərlik nəzarət-təftiş komissiyasının bir üzvü kimi bizə göstərilən etimada xəyanət etmədim və gerçəkləri dedim. Deyir “yox, sizin üçün ölümə getməyə hazır olduğu halda, onu Moskvada öləsinə siz döydürmüsünüz. O boyda (!) təşkilatı siz dağıtdınız” Lənət şeytana...İnsafla belə yerdə elə özümə bir “halal olsun KİŞİNİN QIZINA” demək gəldi içimdən.
Di mən neynim axı, ha deyirəm bir az “yavaşlayım”...qarşı tərəfdəki “komanda” start götürür... Amma finişə çox var hələ. Yallananların yalı, ballananların balı kəsiləndədi qiyamət...
Qonşuluğumuzda Qubadlı rayonundan məcburi köçkün olan bir ailə yaşayır. Ailənin üç qız atası olan ikinci oğlu ağzına sahib çıxmayan bir şərəfsizə görə 8 il həbsdə yatdı. O səkkiz ili elə bizim ailə də sıxıntı ilə keçirdi. Jurnalist kimi hər fürsətdə onun cəza çəkdiyi müəssisəyə gedirdim. Necə olmasa dövlət qəzetinin xüsusi müxbiriydim axı. Müəssisə rəhbəri daha uslu davranırdı. Qonşuma mənim ata-ana bir qardaşım kimi yanaşırdılar. Əslində Qubadlı balası özü də balaca bala deyildi. Qubadlıdan olan qonşumuzu təsadüfü xatırlamadım. Mənə qarşı hər türlü vasitədən istifadə edən o “kişi” də nə yazıq ki, bu rayondandı. Novlu kəndindən olan bir qrup yoldaşım da keçənlərdə dedi ki, “onun ayıbını qara yer örtsün, onu saçını süpürgə edib böyüdən çox ləyaqətli bir müəllimə bacısı var, anası xəstə... biabır elədi bizi”.
Yeri gəlmişkən, üzümü Qubadlıdan olan dostlarıma tutub deyirəm ki, nə siz, nə onun müəllimə bacısı, xəstə anası, qardaşı, otuz illik dostu günahkar deyilsiniz. Hər elin olduğu kimi, hər evin də bir “çıxdaşı” olur. Qubadlıdan olan qrup yoldaşlarımı, qonşularımı, dostlarımı daha çox sevdim bu olayda. Çünki onların hamısı KİŞİ kimi haqqı dedilər. Bəziləri hamıya açıq statusda, kommentlərdə, bəziləri “inbox” da...Fərq eləməz.
Nə deyirsiniz deyin. Vallah bəzən köşə yazmaqdan oxumaq yaxşıdı.
Neçə gün idi özümü yazmamağa zorladım və Sinan Meydanın düz 742 səhifəlik “Bir ömrün öteki hikayesi” kitabını 3 günün içində Gədəbəyin “turşsuyu” kimi “içdim”. Əsrləri, qərinələri adıyla tanıdan KİŞİLƏRDƏN olan Mustafa Kamal Atatürkü elə gözəl anladır ki, müəllif...
Hə, bir də, hardasa oxudum ki, erməni general Arkadi Ter-Tadevosyan Ermənistanın Azərbaycana hücum etməyə hazırlaşdığı barədə bəyanat verib. Özü də, “sadəcə ağır zərbə endirmək lazımdır”, deyib.
Nənəm demiş, tufanın dağılsın belə “kişi”, erməni “kişisi” Vətənə meydan oxuyur, bu da mənə...