Ötən həftə Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə ölkədə, regionda , və Yaxın Şərqdə baş verən siyasi proseslərlə bağlı mətbuata verdiyi müsahibə geniş rezonans doğurdu. Hətta onun İslam dini ilə bağlı söylədiyi fikirlər bəzi Türkiyə mediasında yazıldı. Və müsahibədə İqbal bəy sərgilədiyi bəzi fikir və proqnozlarla deyəsən düz hədəfi vurdu. Odur ki, doğru proqnozların dəydiyi hədəf özünü çox gözlətmədi. Ağalarının əmr verməsi üçün pusquda yatan bəzi özünü “filosof”, “politoloqhesab edənlər “Evrika” deyərək əllərinə fürsət düşmüş kimi hərəkətə keçdilər. Azuqələri iqtidara yalmanmaqdan, müxalifəti söyməkdən çıxanlara bundan yaxşı fürsətmi olacaqdı...? Beləliklə adam öz aləmində İqbal bəyin fikirlərini təftiş edib. Cızma-qarasını oxuduqda isə adamın nə istədiyi belə başa düşülmür. Əvvəlcə elə bildik ki, İqbal bəyin müsahibəsini təhlil edən əməlli başlı politoloqdur. Kimin kimi və nəyin nəsi olması ilə maraqlanmaq istədik. Az-çox tanınmış adamlar haqında məlumatlar əsasən “Google”də axtarıldığı üçün ad və soy adını yazaraq axtarışa versək də, bu şəxs haqda heç bir məlumata rast gəlmədik. Sadəcə yazı verdiyi saytda bir neçə cızma-qarası olmasa idi məndə elə bir təsəvvür yaranacaqdı ki, heç belə bir adam yoxmuş. Onun müxalifət haqqında yazdığı son yazını oxuduqdan sonra isə Azərbaycan mediasında ikinci Etibar Hüseynlinin peyda olması qənaətinə gəldim. Başqa bir məsələnin də şahidi oldum ki, sən demə, bu adam da Azərbaycanın çörəyini yeyib, havasını udan və məqamı gələndə dönük çıxan rusların “beşinci kalon”una məxsus biri imiş . Cızma-qaralarında ABŞ və Avropanı “yıxıb sürüyən” “dahi politoloq” Rusiyanın əleyhinə bircə kəlmə belə işlətmir. Yazdıqlarından belə görünür ki, adamı və ağalarını İqbal Ağazadənin müsahibəsində yer verdiyi bir neçə fikir narahat edir ki, bunlardan da bir iqtidarın Avroasiya İttifaqına qoşulduğu zaman hakimiyyətdən getməsi fikridir. Adam müsahibədəki fikirləri anlamır, anlaqlı olsa idi görərdi ki, Ağazadə nədən bu qədər Rusiya ilə bir ittifaqda olmağın əleyhinə çıxır? Anlaqlı olsaydı görərdi ki, ən azından müsahibədə xronoloji ardıcıllıqla rusların bu günə qədər başımıza gətirdikləri fəlakətlər sadalanır və səmimi olmayan birlikdə Azərbaycanın yer almaması üçün səbəblər göstərilir. Eyni zamanda müsahibədə Rusiyadakı soydaşlarımıza qarşı Rusiyanın münasibətinə də aydınlıq gətirilir.
“Tez-tez hakimiyyət içində olanlardan, cəmiyyət üzvlərindən, ictimai-siyasi statusu olanlardan eşidirik ki, Rusiya Azərbaycana pislik etməyib, 2 milyon azərbaycanlı orada işləyir, ölkə tarix boyu Rusiya ilə isti münasibətlərdə olub. Bunu deyənlər Azərbaycan tarixini vərəqləyiblərmi? 30 milyon soydaşımız hüquqsuz vəziyyətdə İranın əsarəti altındadırsa, bu, Rusiya ilə İranın müharibəsinin nəticəsi deyilmi? 19-cu əsrin əvvəllərindəki Rus-İran müharibələrinin nəticə olaraq, Azərbaycan iki yerə parçalanmayıbmı? 1905-ci il, 1918-ci il baş verən qırğınları törədən, 1920-ci ildə cümhuriyyətimizi dağıdan Rusiya deyildimi? Rusiya Azərbaycanın əraziləri olan İrəvanı, Göyçəni, Zəngəzuru alıb Ermənistan dövləti yaratdı. 1990-cı ilin 20 yanvar hadisəsini də , 1992-ci ildə baş verən Xocalı faciəsini də Rusiya törədib. Dağlıq Qarabağ və ərtaf əraziləri işğal edən Rusiya deyilmi? Bütün bunların hamısını görən insanlar necə deyə bilər ki, Rusiyanın Azərbaycana ziyanı dəyməyib? Bugün Rusiyada yaşayan azərbaycanlılara rusların ehtiyacı var. Çünki orada insan potensialı, demoqrafik vəziyyət gündən-günə pisləşir. Rusiyanın orada yaşayan 2 milyon azərbaycanlıya ehtiyacı olmasa, inanın, 1 saatın içində hamısını Rusiya sərhədlərindən kənara qovar. Deyirlər, bizimkilər orada pul qazanırlar, sanki, bu insanlar işləmirlər, amma hökumət bunların cibini pulla doldurur. Azərbaycanlıların hamısı orada əziyyət çəkib pul qazanırlar. Ən dəhşətlisi odur ki, bəzən məmur təbəqəsinin içində də bu düşüncəyə sahib insanlara rast gəlinir. O məmurlar düşünməlidirlər ki, Azərbaycan Rusiyanın tərkibində olanda, bir kölə idiniz, Moskvadan idarə olunurdunuz. İndi isə azadıq, bayrağımız dalğalanır. Bu Rusiya sevgisi haradan çıxıb? Bizim Rusiyaya nifrətimiz yoxdur. Sadəcə, reallığı söyləmək lazımdır.”
Yuxarıda deyilən fikirlər hansısa şərhə, analizə yer qoymur. Bu fikirləri təftiş etmək və rişxəndlə yanaşmaq isə məncə ağlı başında olmayanların işidir.
“Azərbaycan nədən üzünü Rusiya çevirməlidir ki? Hesab etmirəm, hakimiyyət Rusiyanın yanına gedəcək. O quruma qoşulacaqsa, çox qısa zamanda hakimiyyəti təhvil verməli olacaq”
Deyəsən bu ifadə necə deyərlər bunların “kürkünə bit salıb”. Əgər həmkar demək olarsa həmkarım bilməlidir ki, qorxaq və yaltaq gündə min dəfə ölər və qorxunun əcələ faydası yoxdur. Bu şəxsin deyəsən Ukraynada baş verən proseslərdən, Yankoviçin hakimiyyətdən nə üçün qovulmasından xəbərsizdir.
Bir şey də bəlli oldu ki, sən demə “dahi politoloq” o qədər kölə və mütiliyə öyrənib ki, kimsənin hakimiyyətə, özündən yuxarı orqanlara tövsiyə verməsini qəbul edə bilmir və yazını hazırlayarkən təsadüfən bir hörmətli partiyadaşımın sosial şəbəkədə paylaşdığı bir kuplet şerə rast gəldim. Və həmin şer necə də haqında danışdığım şəxsin portretini cızırdı.
Söyüdü badama calaq etdilər
Söyüd pöhrə verdi badam olmadi.
Nadana bir xeyli elm öyrətdilər
Böyük alim oldu ADAM olmadi.
Elman Abbasov Ümid Partiyası sədrinin İnformasiya və Mətbuat üzrə müavini