Dünən Azərbaycanda Polis günüydü. Facebook profilimdə də yazmışdım ki, əslində daha bizim olmayan ölkəmizdə hər gün onlarındı. Keçmiş polis rəisi Əlövsət Əliyev başda respublikanın baş polisi olmaqla bütün şəxsi heyətə şanlı bir təbrik də göndərmişdi saytımız vasitəsilə. İlk abzasdakı “Polis cəmiyyət üçün elə əhəmiyyətli qurumdur ki, əslində bu peşə bayramı hər kəsin sevincinə səbəb olmalıdır” cümləsini oxuyanda gerçəkdən dodağım qaçdı. Təbii ki, sevincdən deyil. Həmən iki gündən bəri məhz bu günü necə adladacaqları ilə bağlı narahatçılıq keçirdiyim Əhmədbəyovları düşündüm...
Polis mayoru Emin və polis kapitanı Nigar Əhmədbəyovları. O gün onların sevinməyəcəklərindən əmin idim. Çünki onların peşə sevincini Azərbaycanda elə həmkarları alıblar əllərindən. Səbəb? Sadəcə biriləri üçün adi, gündəlik həyat tərzinin “elementlərindən” olan məsələyə Emin Əhmədbəyovun “qeyri-adi” yanaşması olub səbəb. Bu günlərdə Mirvari Qəhrəmanlı da qeyd etdiyim “həyat tərzini” gündəmə gətirmişdi facebook səhifəsində:
“ARDNŞ -nin rəhbərliyi, bəlkə kimi isə rəhbər vəzifəyə təyin edəndə ona and içdirəsiniz ki, başqasının ana-bacısına pis nəzərlə baxmayacam, nəfsimin qarşısını alacam?”
Mən də rəy bölməsində təxminən belə yazmışdım ki, məgər təkcə ARDNŞ-nin rəhbər vəzifəli şəxslərimi tabeçiliyində olan qız-gəlinə “qıyqacı” nəzərlərlə baxır? Bu hakimiyyətinin qoyduğu bu “ənənə” milli dəyərlər sistemimizə vurulan “ləyaqət naxışıdı”...
Bir dəfə yaxşı tanıdığım bir xanım uzaq qohumunun aracılığı ilə nazirliklərdən birinə getmişdi iş üçün. Nazirliyin ikinci adamı sayılan şəxsin təklifi konkret olub: “Mən həm sevgili, həm də katibə saxlayacaq qədər səxavətli deyiləm. Bu şərti qəbul edirsənsə, elə indidən işə başlaya bilərsən”. Həmin xanım bir müddət “sərfəli” təklifi qəbul etməsə də, sonradan onu həmin nazirlikdə, elə həmin “şərəfli” vəzifənin başında gördüm...
Yazımın qəhrəmanı olan Emin Əhmədbəyovunsa şərəfli polis adına “ləkə” gətirməsinin səbəbi rəislərinin, böyüklərinin qabağında qeyrət atını dördnala çapması olub. Hər şey burdan başlayıb ki, bir gün Emin xanımının iş yerinə gələndə onu gərgin, gözləri şişmiş vəziyyətdə görür və bu bir neçə dəfə təkrarlanır. Polis kapitanı olan xanımı həkim Nigar Əhmədbəyova əvvəl-əvvəl ərinin başını bəlaya salacağından çəkinib, “başım ağrıyır, yorğunam” və s. kimi bəhanələr gətirir. Peşəkar polis və xanımını yaxşı tanıyan bir ər kimi o nəhayət ki, Nigarı dindirə bilir. O ağlayaraq ərinə baş həkimin onunla yola getmədiyi üçün işləmək istəmədiyini deyir və... Eminin “dikbaşlığı” qısa zamandaca onun şərlənərək həbs olunması ilə nəticələnir...
Əslində isə, baş həkimin bəhs etdiyim davranış metodlarına etiraz edən Nigar Əhmədbəyova rəhbərlik tərəfindən iş yerində hər gün təzyiqə məruz qalırmış.
Təbii ki, Əhmədbəyovların həyat hekayəsini bir köşəyə sığdırmaq mümkün deyil.
Məqəsdim başqadı. Axı dünən polis günüydü. Avropa ölkələrindən birində siyasi sığınacaq almış bu iki polisin də günü idi dünən. Başqalarını deyə bilmərəm, mən təbrik edə bilmədim onları. Bağışlayın Əlövsət bəy, o üzdən bu peşə bayramı mənim sevincimə səbəb olmadı.
Azərbaycanın ilk professor qadını, Respublika Dövlət mükafatı laureatı Püstəxanım Rzazadənın (ana tərəfdən nənəsi),əsrin əvvəllərində Qərbi Avropa və Şərq ənənələrini memarlıq sənətində böyük məharətlə birləşdirirən, Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra Bakı şəhərinin baş memarı olmuş Zivər bəy Əhmədbəyovun nəvəsi olan Emin Əhmədbəyin yeganə suçu namusuna sahib çıxmaq olub.
Nigar Əhmədbəyova da Azərbaycanın köklü, sayılıb-seçilən nəslindəndir. Böyük Vətən Müharibəsi Veteranı olan babası Kamal Məmmədov uzun illər DİN-də müxtəlif məsul vəzifələrdə çalışıb. O, kişilərin nəvələri bu gün Vətəndən didərgin salınıblar. Suçları sadəcə və sadəcə öz mənliklərinə sahib çıxmaları, haqqı, ədaləti “tuman bağı” edənlərə baş əyməməkləri olub.
...Dünənki mətbuat yazmışdı ki, Polis günü münasibətilə 2 iyul 2014-cü il tarixdə Polis Akademiyasında təşkil edilən tədbirdə polislərimiz yer silkələyib...
Elə mənim də Əhmədbəyovların dramını eşidəndən sonra ayağımın altından yer qaçmışdı... Amma dünən yox, iki il öncə...