Bundan əvvəlki yazım dinimizin bu güngü vəziyyəti və onun ətrafında baş verən özfəaliyyətə etirazımla bağlı idi. Mövzu necə deyərlər aktual olaraq qalır. Son günlər rayonlarımızın birində ehtiraslı saqqal qırxmaq əməliyyatından tutmuş İraqdan Azərbaycana qədər uzanan beynəlxalq ekstremizm hədyanları kimi hər gün yeni sürprizlərin şahidiyik. Sanki bu proses yüksələn xətlə inkşaf edir.
Təcrübə göstərir ki, bu və ya digər cəmiyyətdələrdə qeyri-ənənəvi dini cərəyan və sektalara həssaslıq iki amildən yaranır. Onlardan biri sözü gedən cəmiyyətdə maddi nemətlərin bölgüsü və yenidən bölgüsünün ədalətsizliyi və bunun nəticəsində insanlarda sabaha ümidsizliyin formalaşması, digəri isə cəmiyyətin intelektual səviyyəsinin aşağı olması, maarifçiliyin iflası, insanların dini biliklərin məhdudluğu və dünya görüşlərindəki problemlərlə bağlıdır.
Azərbaycan cəmiyyətində maddi nemətlərin bölgüsü və yenidən bölgüsündə vəziyyətin faciəli olmasıyla bağlı çox deyilir, çox yazılır. Məsələnin köklü həllinə nail olmaq o qədər də asan iş olmayacaq. Ümid ikinci faktorla bağlı cəmiyyətin hələ müqaviməti itirməyən hissəsinin gücünü səfərbərliyə alınmasına qalır. Cəmiyyətimizdə maarifçiliyin iflası, insanların dini bilik və dünyagörüşlərindəki problemlərdən çıxış üçün bütün yolları normal vətəndaş yetişdirməsinin və onun bazasında durmalı olan təhsilin üstünə aparır.
Bu arada dinlə bağlı Avropa və Azərbaycan təhsilində xırda bir müqayisəli təhlil aparacam. Niderland ibtidai (bazis) məktəbin 7-ci qrup şagirdi olan ailəmizin sonuncusunun məktəbdən aldığı ev tapşırığı bu mənada maraq kəsb edir. Söhbət dindən getdiyindən sözügedən materialın bir hissəsini olduğu kimi təqdim edirəm:
"Dinə başqa sözlə Allaha xidmət deyilir... Dünyada əsasən 5 din: xristianlıq, islam, yəhudilik, iudizm və buddizm yayılmışdır.
Xristianlar inanırlar ki, yeri və göyü God (Allaha deyilir) yaradıb, İsa onun oğludur. Xristianların müqəddəs kitabı Bibliyadır.
İslam dininə sitayiş edənlər müsəlman adlanır. Onların "God"u Allahdır. Məhəmməd (s.ə.s.) onların peygəmbəri və Allahın elçisidir. Müsəlmanların müqəddəs kitabı Qurandır. İldə bir dəfə onlar Ramazan saxlayır. O vaxt müsəlmanlar günçıxandan günbatana qədər heç nə yemirlər.
Yəhudiliyin təxminən 4000 yaşı vardır. O, orta-şərqdə yaranmışdır. Onların vacib kitabı Tövratdır.
İnduistlər allahlarını Brahma adlandırır. O, müxtəlif görkəmdə təzahür edir. İudizm sitayiş edənlərin sayına görə dünyanın üçüncü dinidir.
Buddizimdə Budda adlandırılan insan obrazı sayğılandırılır. Onlar Allaha deyil, həmin obraza sitayiş edirlər. Buddistlər reinkarnasiyaya (ruhun təkrar qayıdışı və bir bədəndən digərinə keçməsi) inanırlar.
Əksər dinlərin yemək, geyim, saç düzümüylə bağlı özünəməxsus qaydaları vardır. Eyni zamanda, hər bir dinin öz sitayış qaydaları və sitayiş evləri vardır. Xristianlar kilsəyə, müsəlmanlar məscidə gedirlər. Yəhudilərin sitayiş evi sinaqoq adlanır. Buddistlər və induistlər isə məbədə gedir".
Bundan sonra isə təqdim edilən materialda dünyada din üzündən meydana gələn konfliktlər xatırlanır. Niderlandda 11-12 yaşlıların oturduğu 7-ci qrup şagirdlərindən qeyd edilən məzmunda informasiyanın mənimsənilməsi, ondan xüsusi test vermək şərtilə tələb olunur. Bəs Azərbaycanda bu sahədə vəziyyət necədir?
Face sosial şəbəkəsi üzərindən dostlara aşağıdakı məzmunda bir çağırış yolladım: "Azərbaycanda 1-8-ci siniflərin dərsliklərdə dünyada mövcüd olan dinlər haqqında və yaxud məxsusən İslam dini haqqında hansısa informasiya varmı? Əgər varsa, məzmunu nədən ibarətdir? "
Orta məktəb müəllimlərin verdiyi reaksiyalardan belə bəlli oldu ki, 2008-ci ilə qədər orta məktəb materiallarında dini mövzularıyla bağlı hər hansı məlumata rast gəlinməyib. Yalnız son 6 ildə orta məktəblərdə "Həyat bilgisi" adlı fənnin tədrisinə başlanılmış və sözü gedən dərslikdə bir neçə mövzu dinə həsr edilmişdir. Orta məktəb müəlliməsi Dilşad xanım Ələkbərlinin fikrinə görə bu sahədə olan məlumat və "biliklər çox azdır. Təbii ki, bununla islam dini və onun özəllikləri haqda məlumat vermək mümkünsüzdür. Uzun illərdir biz müəllimlər Təhsil Nazirliyinə "İslam dininin tarixi və islam əxlaqı" fənninin tədrisini təklif etsək də bu mümkün olmayıb... Bütün inkişaf etmiş ölkələrdə din dərsləri keçilir. Bizdə bu sahədə boşluq olduğu üçün insanlar müxtəlif dinlərə və ya təriqətlərə meyllənirlər".
Seyid Talış adlı istifadəçinin reaksiyası da maraq kəsb edir: "Mən 25 il Tarix, Coğrafiya, İnsan və cəmiyyət və s. fənlərdən dərs demişəm. Dinlər haqqında məlumat "xala xətrin qalmasın" deyə çox cüzi idi... Məmurların, yazıçı, şair və incəsənət xadimlərin, televiziya-radio rəhbərlərinin 90 faizi ateist olduqları üçün bu sahədə olan bədbəxtliklər gələcək nəsildə özünü daha eybəcər formada göstərəcəkdir... Mədəniyyət və təhsil nazirlikləri bir də oyanıb görəcəklər ki, xalqın əksəriyyəti vahabi, sələfi və s. olub. Gündəlik həyatdan açıq-aşkar görürük ki, xalqın mənəviyyatını "sehrli çubuqla" məhv edirlər... Suriyada və s. yerlərdə vuruşan azərbaycanlıların olması subut edir ki, Azərbaycan cəmiyyəti dəhşətli depressiyadadır..."
Göründüyü kimi qaldırmaq istədiyim məsələnin mahiyyəti və ondan çıxış yolları uzun illər müəllimlik təcrübəsinə malik insanlar tərəfindən çılpaqlığı ilə hələ bir çox illər bundan əvvəl ortaya qoyulub. Təhsilə cavabdeh olanların hərəkətsizliyi isə artıq "bəhrəsini" vermiş kimi görünür...