Bəli, Qarabağ məsələsi ölkəmizin əsas problemlərindən biridir, amma tək və ən əsas problemi deyildir.
Əlbəttə ölkəmizin problemlərinin siyahısında, hansının birinci yerdə olduğunu demək çətindir. Üstəlik, bir neçə prioritet məsələ var ki, bunlara eyni zamanda nail olmalıyıq.
Məsələn müstəqillik. Çox vacib bir prioritetdir amma, bu eyni zamanda xalqın və millətin siyasi, sosial və mədəni inkişafı ilə bir yerdə olmalıdır. Hətta demək mümkündür ki, belə bir inkişaf naminə müstəqilliqdən az bir dərəcədə imtina etmək, mümkün sayılmalıdır ”“ bunun ən gözəl misalı Avropa İttifaqıdır; ümumi və proqressiv bir Avropa ailəsi naminə üzv dövlətlər müstəqilliklərinin bir hissəsini Aİ qurumlarına veriblər.
Yoxsa Bəşar Əsad kimi idarə olunan müstəqil Süriyə əvəzinə, Avropa İttifaqının 48-ci dövləti ya da ABŞ-ın 51-ci ştatı olmaq əlbəttə daha uğurlu olardı.
Diqqət eləsəniz, tərcih kimi Rusiyanın başçılıq etdiyi Avrasiya İttifaqının 4-cü üzvü demədim. Demərəm də.
İstər Aİ-da, istərsə ABŞ-də (Qərb dediyimiz dünyaya, bunlardan başqa ÜTT-in əsas üzvləri, Kanada, Braziliya, Avstraliya, Yaponiya kimi dövlətlər də aid edilir) sizə bir çox məsələdə nümunə olacaq göstəricilər mövcuddur. Bunu istər sənayedə, istərsə də təhsil ya da mədəniyyətdə, istərsə iqtisadi və sosial inkişafda görmək mümkündür. Vətəndaş cəmiyyəti ”“ buyurun... Sosial rifah - ideal olmasa da var... İnsan hüquqları ”“ qənaətbəxş... Başqa bir sözlə bu cəmiyyətlərdə insanların “xoşbəxtlik” göstəriciləri Rusiya və onun “kondominiumlarında” olandan qat qat yaxşıdır. Aramızda neçəmiz Moskvaya gedib və oralara kütləvi qiptə etmişik?
Adını çəkmək istəmədiyim gənc yazar dostlarımdan birisi, məni Qərbpərəst olmaqla ittiham edirdi. Necə oldu, bu bir ay ABŞ-də yaxşıca gəzdi. O gündən Amerika bunun ağzından düşmür. Təbiidir ”“ daha yüksək həyat standardı sizə izah edir ki, 20 Yanvarda tikilən körpü sistemi xeyli uğursuzdur, çünki ABŞ-də körpülər elə tikilir ki, onun altından da yol kimi istifadə edirsiniz.
Qayıdaq Qarabağ məsələsinə. Rusiya bizə 5 rayonumuzu qaytarmağa kömək edərsə, onun başçılıq etdiyi ittifaqa girməliyikmi? Millətimizin inkişafı adına bu bizə nə verəcək? Bu sualın cavabı rusların özündə gizlidir ”“ Rusiya öz vətəndaşına nə veribsə, bizə də ondan artığını verməyəcəkdir. Üstəlik, rus qoşunlarının sülhməramlılarının yerləşdirilməsindən tutmuş, xarici və müəyyən dərəcədə daxili siyasətdə onlara tabe olmaq da var bu işin içində.
Ya da baxaq görək, Rusiya şərqi Ukrainaya bu günlərdə nə verir ”“ dağıntı və tələfat... Başqa bir sözlə, 5 rayonu geri alıb, bütün ölkəni Rusiyaya təhvil verəcəyiksə, mənim aciz qənaətimə görə, belə bir alış-verişin millətimizə xeyri olmayacaqdır. Hökümət də hər halda bunu çoxdan fərq edib. Lakin insanı qəmləndirən bir hal budur ki, hansı əqidəyə qulluq etdikləri bəlli olmayanlar, Rusiyanın güya Qarabağı alıb bizə qaytaracağını yayır, canfəşanlıq edir. Ziyalılarımız da qəti mövqe tutmayıblar. Qarabağsız azadlıq, Qarabağlı köləlikdən daha rasionaldır.
Əslində bu fikir və qayğılar, millətini və onun gələcəyini özünə dərd edənlər üçündür. Şəxsi, korporativ və biznes maraqlarını üstün tutanlar isə başqa cür düşünə bilər.
Fikir azadlığı çox vacib, eyni zamanda təməl azadlıqlardan biri olduğu halda, bu sahədə çox ciddi əngəllərimiz var. Fikir azadlığı, digər əsas azadlıqların təməlidir ”“ söz və ifadə azadlığının, din və vicdan azadlığının, siyasi hüquqların, sərbəst toplaşma hüququnun təməlidir.
Lakin fikrimiz belə azad deyildir. Özünü ziyalı adlandıran insanların müstəqil düşüncələrinin olmaması, onun əvəzinə qeyri-ictimai maraqların mətbuat katibi kimi çıxış etməsi əsəf doğrurur. Bunlar millət maraqlarının təminatçısı və müdafiəçisi yox, bəlkə öz sosial statuslarının təminatçısı sayıla bilər.
Söhbət avrointeqrasiyadan gedirsə, o sadəcə orqanik olmamalıdır, hətta onun struktural olmasına ehtiyac da yoxdur. Əsas olan, fikirlərin, dünya görüşünün dəyişməsidir. Əsas olan, azad ölkənin azad vətəndaşı olmağın sevincini və qürurunu yaşaya bilməkdir.