(Ədalət Partiyasının sədr müavini)
Dünyada baş verən son hadisələr, xüsusilə
Rusiya ilə ABŞ və Qərb ölkələri arasında baş verən qarşıdurma dondurulmuş
konfliktlərin həllini yenidən gündəmə gətirib. Bu arada Dağlıq Qarabağ münaqişəsi
ilə bağlı fəallaşma da müşahidə edilməkdədir. Cəbhə bölgəsində atəşkəsin
pozulması ilə başlayan proses danışıqlar masasında aparılan müzakirələrdən
sonra “stabilləşdirildi”.
Görünən odur ki, rəqabətdə olan tərəflər: Rusiya
”“ ABŞ və Qərb problemin həllində daha çox aktivlik nümayiş etdirməklə dəyişə
biləcək situasiyada təşəbbüsü əldən verməməyə çalışırlar. Rusiya prezidentinin
təşəbbüsü ilə Azərbaycan və Ermənistan dövlət başçılarının uzun müddətli fasilənin
ardından görüşünün təşkil edilməsindən sonra eyni addımı Qərb ölkələri və
ABŞ-da atdı. Müşahidələr göstərir ki, qeyd edilən tərəflərdən hər hansı biri
problemin həllində səmimi görsənmir və məsələyə yanaşmada öz maraqlarını daimi
olaraq öndə tuturlar. Beynəlxalq hüquq və digər bütün nəzəri və faktolojo
nüanslar bizim tərəfimizdə olsa da yenə də ermənilər müdafiə edilməkdədir.
Əslində burada onların Ermənistanı müdafiə etməsindən danışmaq yox, Ermənistanın
simasında öz maraqlarını təmin etməkdən söhbət getdiyi başa düşülməlidir. Deməli,
elə bir situasiya yaranıb ki, hazırda Ermənistanın müdafiə olunması bir-biri ilə
qarşıdırma vəziyyətində olan iki tərəf üçün də məqbul sayılır. Deməli, Azərbaycan
münaqişənin dinc həlli üçün yalnız bu vəziyyəti dəyişməlidir. Nəinki Ermənistanın
iqtisadi çöküşünü, ermənilərin öz ölkələrini tərk etməsi kimi qeyri-real
sonluğa ümid etməlidir. Çünki maraqlı tərəflərin lazım olduğu qədər Ermənistanı
ayaqda tutacaqları şübhə doğurmur.
Son günlər təşəbbüsü ələ almağa çalışan ABŞ hətta
yeni təkliflə də çıxış edir. Belə ki, ATƏT-in Minsk qrupunun amerikalı həmsədri
Ceyms Uorlik açıqlamasında Dağlıq Qarabağ münaqişəsinin həllinə dair bildirib
ki, danışıqlar prosesində qondarma “Dağlıq Qarabağ Respublikası”nın rəhbərliyinin
mövqeyinin eşidilməsi vacibdir. O deyib ki, “biz Dağlıq Qarabağda de-fakto
hakimiyyətdə olan rəhbərliyin mövqeyinin eşidilməsinin vacib olduğunu düşünürük
və onların fikirlərini öyrənmək məqsədilə tez-tez regiona səfər edir, görüşlər
keçiririk”. Amerikalı həmsədrin bu açıqlaması onsuz da mürəkkəbləşən problemi
sadələşdirib həll etmək yox, onu daha da çətinləşdirərək öz ölkəsinin
maraqlarını diqtə etməsidir. Azərbaycanın ərazisi olan Dağlıq Qarabağda baş
qaldıran separatizmə ABŞ-lı həmsədrin bu cür mövqeyini nədənsə biz Ukraynanın
Donetsk və Luqansk əyalətlərinə olan münasibətdə görmürük. ABŞ öz müttəfiqləri
ilə Ukraynadakı separatçıları məhv etmək üçün bu ölkəyə hər cür yardım ”“
siyasi, iqtisadi, maliyyə, psixoloji və s.
göstərir. Bu cür ikili yanaşma ABŞ-ın dünyada üzərinə götürdüyü sülh, təhlükəsizlik,
demokratiya və insan haqqlarının qorunması kimi müqəddəs missiyasının üzərinə
kölgə salır. Ona qarşı hörmət və inamı sarsıdır.
Hətta Amerikalı həmsədr “Dağlıq Qarabağ”ın üzdəniraq
“rəhbərliyinin” mövqeyindən danışanda Azərbaycan icmasının da fikirlərinin öyrənilməli
olduğunu yada salmayıb. Həmsədrin bu açıqlaması, əvvəla, açıqca Azərbaycana qarşı təhdiddir. İkincisi,
ABŞ və müttəfiqlərinin problemi həll etmək əzmində olmadıqlarını, fürsətdən
istifadə edərək regionda möhkəmlənmək niyyətlərini ortaya qoyur.
Bütün bunları nəzərə alaraq, Azərbaycan
Prezidenti İlham Əliyev Ermənistan dövlət başçısı Sarkisyanla planlaşdırılan
görüşündən imtina etməlidir. 20 ildən bəri keçirilən görüşlərdə bir addım da
olsa irəliləyişin əldə olunmaması Prezident Əliyevə kifayət qədər əsas verir.
Bununla da Azərbaycan Prezidenti Dağlıq Qarabağ üzərindən oynanılan oyunlara həm
son qoymuş olar, həm də indiyə qədər elan etdiyi birmənalı və kəskin mövqeyini
nümayiş etdirər.