Dünya gündəmi fasiləsiz olaraq İslam adına ortaya
çıxan radikal qruplarla məşğul olur. Bu qrupların yalnış mənbələri əsas götürərək fəaliyyət göstərməsi Amerika və Avropada yaşayan insanların İslama düşmən
olmasına və İslamofobiyaya səbəb olur. Bəzən
də Qərb ölkələri və ya ABŞ İslam adına ortaya çıxan radikal qrupları bəhanə
edib müsəlman ölkələrinə qarşı qərəzli mövqe nümayiş etdirir.
Qərb dünyası İslam adı altında
ortaya çıxaraq terrora əl atan təşkilatlara görə narahatdır və bu narahatlıq
yersiz deyil. Terroru həyata keçirən və buna dəstək olan şəxslər beynəlxalq
hüquq və ədalət qarşısında cəzalandırılmalıdırlar. Ancaq bundan daha vacib olan
məsələ bu problemin həlli üçün hansı yollardan istifadə edilməsi məsələsidir.
Terrorun qaynağı cəhalət, xurafat
və fanatizmdir və bunun həlli də təhsildir. Terrora yönələn insanlara bunun
İslama tamamilə zidd olduğu, əksinə, bu şəkildə İslama, müsəlmanlara və bütün
insanlığa zərər verəcəkləri izah edilməlidir.
İslamın sevgi, sülh, dostluq dini
olduğu göstərilməlidir. Dünyada dinin əslinin cəmiyyətlər tərəfindən başa
düşülməsinə çalışmaq lazımdır. İnsan haqları, demokratiya, azadlıq, gözəl əxlaq,
elm, sənət kimi Quran anlayışlarını mənimsəyən, insanlığa xoşbəxtlik gətirəcək
müsəlman modeli tanıdılmalıdır.
Unutmayaq ki, terroristlərin adı müsəlman adları ola bilər,
şəxsiyyət vəsiqələrinə müsəlman yazılar, lakin törətdikləri cinayətlərə din adı
ilə haqq qazandırmaq olmaz. Terror hadisələrində öldürülən insanlar arasında
hz. İsanı sevənlər (xristianlar), hz. Musanı sevənlər (yəhudilər) və
müsəlmanlar da var. Bu günahsız insanları öldürmək cəhənnəm əzabı ilə nəticələnə
bilən böyük bir günahdır. Dinə inanan, Allah
qorxusu olan bir insan belə bir şey edə bilməz.
Bu cür vəhşiliklərin
səbəbkarları bunu ancaq dinə hücum etmək məqsədi ilə edə bilərlər. Dini
insanların gözündə alçatmaq, insanları dindən soyutmaq, dindarlara qarşı nifrət
yaratmaq üçün edə bilərlər.
Din sevgini, mərhəməti, sülhü əmr edir. Terror isə bunun
əksidir: mərhəmətsizdir, qan tökmək, öldürmək, işgəncə vermək istəyir. Bu
səbəbdən, bir terror hərəkatına günahkar axtararkən qaynağı dindarlıqda deyil,
dinsizlikdə axtarmaq lazımdır. Hadisənin mənşəyini faşist, kommunist, irqçi,
materialist düşüncəli insanlarda axtarmaq lazımdır. Günahsız insanlar göz
qırpmadan öldürülürsə, onlar dindar deyil, dinsizdir. Allahdan qorxmayan, tək
məqsədi qan tökmək və əzab vermək olan bir şəxs canidir. İslam dinində heç bir şəkildə terrora yer
yoxdur. Əksinə, İslama görə "terror" adlandırdığımız hərəkətlər (yəni
günahsız insanlara qarşı işlənən cinayətlər) böyük cinayətdir və müsəlmanlar bu
hərəkətlərə mane olmaqla, dünyaya sülh və ədalət gətirməklə məsuldurlar.
Terrorçuların hədəfləri tamamilə günahsız olan
insanlardır və bunun heç bir əxlaqi bəhanəsi yoxdur. Bu, Hitlerin və ya
Stalinin cinayətləri kimi "insanlığa qarşı işlənmiş cinayət"dir.
Quran bizə gözəl əxlaqı əmr edir. Bu əxlaqın əsasında isə sevgi, şəfqət və
mərhəmət kimi anlayışlar durur.
Quran əxlaqına görə, bir müsəlman qarşısındakı
insanın müsəlman olub-olmamasından asılı olmayaraq, bütün insanlara qarşı
ədalətli davranmaqla, zəifləri və günahsızları qorumaqla və "yer üzündə
fitnənin qarşısını almaqla" məsuldur. Bir ayədə buyurulduğu kimi “Allah
isə fitnə-fəsadı sevmir.” (Bəqərə surəsi, 205)
Bir insanın günahsız yerə öldürülməsi isə ən böyük
fitnələrdən biridir:
“...kim bir adamı öldürməyən və ya yer üzündə fəsad
törətməyən bir şəxsi öldürərsə, sanki bütün insanları öldürmüşdür. Kim də onu
ölümdən xilas edərsə, sanki bütün insanları xilas etmiş hesab olunar...”(Maidə surəsi, 32)
Günahsız insanları öldürmək İslama
tamamilə ziddir və heç bir müsəlman belə bir cinayət törədə bilməz. Əksinə, müsəlmanlar
bu cinayətləri törədən insanların qarşısını almalı, "yer üzündəki
fitnəni" aradan qaldırmalı və bütün insanlara rahatlıq və təhlükəsizlik bəxş
etməlidirlər. Müsəlmanlıq terrorla birlikdə düşünülə bilməz, əksinə İslam
terrorun çarəsi və həllidir.