Mənim uğaqlığım məhz həmin gün ”“ yanvarın 20-də bitdi. Səhəri dəhşətli “Bakıda adamları qırıblar” xəbəri ilə açanda...
Sonra məktəbə getdik. Təbii ki, dərsə girməkdən
söhbət gedə bilməzdi, qəzəbdən az qala bağrımız çatlayırdı. Bizlər - 7-8-ci
siniflərdə oxuyan uşaqlar hansısa həyətdən bir it tapdıq, Qorbaçovun şəklini və
pioner qalstukunu o itin boynuna bağlayıb, kəndi gəzdirməyə başladıq. Artıq hər
məktəbli bir daha SSRİ adlı ölkənin vətəndaşı ola bilməyəcəyini, uzun illər ərzində
yalan-palan dünyasında yaşadığını, paradda gördüyü o möhtəşəm silahların əslində
uşaqlığına atılmaq üçün nəzərdə tutulduğunu anlayırdı. Gücsüzlükdən
yanıb-yaxılırdıq, partiya biletini məktəbin qabağındakı tonqala atmayanlara,
onların övladlarına pis baxırdıq. Bir sözlə, həzin, maraqlı uşaqlıq illəri əldən
getmişdi və itki nə qədər böyük olsa da, biz onunla barışmalıydıq...
Yaxşı yadımdadı, “Səhər”in o məşhur sayı əlimə
keçən kimi şəhidlərin siyahısına baxdım. O siyahıda uşaqlığı mənəvi yox, artıq
fiziki cəhətdən də bitən yaşıdlarım ”“ İlqarla Larisa da vardı. Sonradan bildim
ki, İlqar mitinqçilərin tonqalına odun aparıbmış, qayıdanda vurublar, Larisa isə
atası ilə birgə gülləyə tuş gəlib. Şəhidlər arasında ən kiçiklər elə 76-da
doğulanlar, mənim yaşıdlarım idi...
İlqar və Larisa ilə birgə uşaqlığım da öldü.
Əvvəlki adam olmadığımı, bir günün içində ən azı iki-üç il yaşlaşdığımı hər
addımda hiss edirdim. Məni həyata bağlayan ən maraqlı məşğuliyyətlərdən birinə
- futbola həvəsim ölmüşdü, böyük turnirlərdə, yoldaşlıq oyunlarında formasının
önündə “SSSR” yazılan futbol, hokkey yığmalarına həvəslə azarkeşlik etdiyim
günləri yada salır, sonra da Mirzə Xəzərin verilişində soydaşlarımın fəryad
dolu səslərini eşidincə özümə nifrət edirdim. Əlbəttə, bir 7-ci sinif
şagirdinin təfəkkürünün imkan verdiyi dərəcədə...
TV yox, qəzetlər yox, millət apatik durumda, təbii
ki, folklor yaradıcılığı ən üst səviyyədə. O vaxt ölkənin cənubunun qəhrəmanları
rəhmətlik Miralim Bəhramov, bir də Lənkəranda divan tutulan AXC üzvləri idi.
Onların sorağı uzaq Yardımlıya da çatırdı, hətta vertolyotdan bizim yerlərə
Miralim haqda vərəq də atmışdılar. Nəsə nağıl yazmışdılar. Nağıl dünyamızı
dağıdanlar yeni nağıllar düzüb-qoşurdular...
İndi qızım Şəbnəm də 14 yaşın içindədi - o
vaxtkı Mahirin, İlqarın və Larisanın yaşında. 25 il əvvəl yaşananlara onun gözü
ilə baxmağa çalışıram, karusellərə, buz üstündə xizək sürməyə hədsiz marağını
görəndə bəzən çaşıb qalıram, özümü “bu nədi, get dərsini oxu” deməkdən saxlaya
bilmirəm. Amma sonra qəlbimin dərinliklərində uşağı anlayıram, ona haqq verirəm.
Axı, mənim və yaşıdlarımın uşaqlığını əlindən alan 20 Yanvarı görməyib, onun
uşaq dünyasına dünənə qədər vətən dediyi ölkənin tankı-topu, “avtomat”ı atəş
açmayıb. Axı, İlhamla Fərizənin sevgi dastanının mahiyyətini anlamır. Axı,
uşaqlığı yarımçıq qalmayıb...
Axı... Axı... Axı...
MAHİR RÜSTƏMLİ