Son bir neçə aydır ki, ölkəmizdə ərzaq oğurluğu hallarının sürətlə artması müşahidə edilməkdədir. Əvvəllər ümumiyyətlə rast gəlinməyən və ya nadir hallarda baş verən bu hal, bu gün çoxsaylı Azərbaycan reallıqlarından birinə çevrilməkdə, bir növ tendensiya xarakteri almaqdadır. Xüsusilə də cari ilin 16 aprel tarixində Bakıda Xəzər rayonunun Şağan qəsəbə sakini olan iki qadının mağazadan ərzaq oğurlayarkən həbsi ilə bağlı DİN-nin yaydığı məlumat vəziyyətin hər cür təxmin və ehtimaldan daha təhlükəli olduğunu göstərir.
Artıq
heç kəsə sirr deyil ki, yalnız ərzaq oğurluğu hallarının deyil, silahlı basqın
və cinayətlərin sayının artmasında ölkədəki iqtisadi-sosial vəziyyətin
ağırlaşması amilli mühüm rol oynayır. Ərzaq oğurluğu hallarının tədricən kütləviləşməyə
doğru getməsi isə bilavasitə xalqın maddi-sosial durumunun sürətlə
ağırlaşdığının bariz nümunəsi hesab oluna bilər. Çünki yalnız ac insan,
alıcılıq qabiliyyətindən məhrum insan ərzaq mağazasından oğurluğa cəhd edər.
Ölkədəki
ərzaq oğurluğu ilə bağlı baş verən olaylar fonunda ən çox ürəkağrıdan mənzərə
isə artıq ölkə qadınlarının da qapılarını döyən səfalətdən müvəqqəti də olsa
yaxa qurtarmaq üçün ərzaq oğurluğuna əl atmasıdır.
Bəli,
ölkə rəsmilərinin verdiyi açıqlamalara inansaq, biz iqtisadi inkişafına görə
analoqu olmayan, Avropanın enerji təhlükəsizliyini təmin edən, qlobal miqyasda
üzərinə böyük missiyalar götürən və bu missiyaları nümunəvi şəkildə yerinə
yetirən dövlətik. Biz o qədər qüdrətli dövlətik ki, hətta əsən küləyin iqtiqamətini,
yağan yağışın miqdarını da biz müəyyən edirik. Lakin nə sirdirsə, bizim nə
analoqsuz iqtisadi inkişafımız, nə təbiətə hökm edən qüdrətimiz öz sakinlərimizin
ac qarnını doyurmağa kiafyət etmir. Biz öz neft-qaz sərvətimiz, qara kürü
ehtiyatımızla Avropa xalqlarının krallara layiq həyatına rəng qatsaq da, vətəndaşlarımız
hədsiz yoxsulluq və aclıq səbəbi ilə marker və mağazalarda oğurluq etmək üçün
fürsət gözləməkdədir. Bu gün sadə vətəndaşların hamısı potensial çörək oğrusuna
çevrilməkdədir. Kütləvi işsizlik, dövlət rəsmiləri səviyyəsində müşahidə edilən
soyğunçuluq, vətəndaş taleyinə olan laqeyd və qəddar münasibət insanların
namuslu yolla pul qazanmaq, şərəflə yaşamaq imkanını əlindən alıb. Hakimiyyətin
yürütdüyü anti-xalq siyasətinin amansızlığı, siyasi elitanın misli görünməmiş
tamahkarlığı və görməmişliyi bu gün ən namuslu, ən dürüst insanı da öz
dünyasına xəyanət etmək, öz prinsip və əxlaqına arxa çevirməyə vadar edir. Bu
vaxta qədər bütün dünyada namus, ismət, əxlaq simvolu olan Azərbaycan qadını
özünün və ailəsinin yaşamını təmin etmək üçün oğurluğa bir dolanışıq vasitəsi
kimi baxmaq, halalına haram qatmaq məcburiyyətindədir.
Bu,
bir xalqın üzləşə biləcəyi ən böyük fəlakət, ən dəhşətli özünəqəsddir. Bu, bir
ölkənin öz namusuna, öz şərəfinə ləkə yaxmasıdır ki, ləyaqətli bir xalqın bu ləkə
ilə yaşaması mümkün deyil.
Bütün
bunlar mövcud idarəetmə sistemin xalqın sadəcə varını, pulunu, halal zəhmətinin
nəticəsini deyil, həm də mənəvi dünyasını, dəyərlərini əlindən aldığını
göstərir. Bu isə Azərbaycan üçün Qarabağ itkisindən daha böyük, daha ağır, daha
qəbuledilməz bir itkidir.
Biz
bəlkə də günü sabah özümüzdə təpər tapıb Qarabağı geri qaytara, öz ərazi
bütövlüyümüzü təmin edə bilərik. Lakin dünya durduqca namusumuza, qeyrətimizə
vurulan bu ləkəni silə, yenidən paklaşa, məsumlaşa bilmərik.
Odur
ki, mövcud idarəetmə sisteminin başında dayanan, ona yön verən şəxslərin
damaralarında az da olsa türk qanı axırsa bütöv bir xalqı oğruya, cinayətkara
çevirməkdən imtina etməli, Azərbaycan qadınını bir oğru, bir suçlu kimi yaşamaq
faciəsini önləməlidir. Əks təqdirdə, bu qorxunc gedişat bizim bir xalq, bir
millət kimi sonumuz demək olacaq və bəlkə də bu sonluq artıq başlayıb.
Fərid
Kuhi