Son vaxtlar təmas xəttində atəşkəsin pozulması nəticəsində ard-arda Silahlı Qüvvələrimizin bir neçə hərbçisinin şəhid olması bir sıra məqamlarla yanaşı, ön xətdə məhz kasıb övladlarının xidmət çəkməsi ilə bağlı məsələnin də gündəmə gəlməsinə səbəb olub. Hansı ki, ön xəttin yalnız yoxsul ailələrin övladlarına təhkim edilməsi ilə bağlı narahatlıq əslində Azərbaycan cəmiyyəti üçün yeni hadisə hesab edilə bilməz.
Bəli, nə qədər ağır olsa da Azərbaycan-Ermənistan təmas xəttinin məhz kasıb ailələrə məxsus əsgərlər tərəfindən qorunması bir həqiqətdir və bu vaxta qədər kimsə eşitməyib ki, düşmən həmləsini dəf edən zaman şəhid olan hərbçilərimizin içində bir nəfər də olsun hakim, prokuror, millət vəkili, nazir, nazir müavini oğlu olsun. Halbuki, torpaqları işğal altında olan, müharibə şəraitində yaşayan bir dövlətdə sosial mənsubiyyətindən asılı olmayaraq, hər kəsin vətən qarşısındakı xidməti borcunu qüsursuz şəkildə, coğrafi relyefin mürəkkəbliyi və ərazinin təhlükəlilik dərəcəsindən asılı olmayaraq yerinə yetirməsi mütləqdir. Lakin təəssüf ki, bu gün nəinki məmurlar, hətta sadə vətəndaşlar, media təmsilçiləri arasında da imkanlı ailələrin övladlarının ön xətdə xidmət etməməsinə müxtəlif formada bəraət qazandıranlar az deyil. Bu qəbildən olan insanlar baş verənlərə “vətən hamımızındır”, “vətəni həmişə kasıblar qoruyub”, “vətən kasıba məxsusdur” kimi ifadələrlə bəraət qazandırmağa çalışır ki, bu da absurd və gülüncdür. Ona görə yox ki, məsələyə bu cür yanaşmaq ilk növbədə mövcud qanun və konstitusiyaya ziddir. Ona görə ki, zənginli yoxsullu hər kəsin yaşadığı, varlının kasıbdan daha çox zövq-səfa gördüyü bir məmləkətin müdafiəsini ancaq yoxsulların boynuna biçmək, həmin şəxsləri bunun məhz onların işi olduğuna inandırmaq nromal məntiqə zidd və eləcə də əxlaqdan uzaq bir davranışdır.
Vətən hamımızındırsa, onun müdafiəsi də hamılıqla təşkil edilməli, vətən uğrunda öldürmək də, ölmək də ümumxalq işi olmalıdır. Kimsə kiminsə yerinə vətəni qorumağa, kimsə kiminsə yerinə özünü qurban verməyə məcbur deyil və məcbur edilə bilməz. Kimsə soyuq səngərlərdə düşmənlə üz-üzə dayanan kasıb övladını inandıra bilməz ki, səninlə bir səngərdə dayanmalı olan məmur övladının Hilton otelində eyş-işrətlə məşğul olması, qoruq yerlərində ov etməsi, xaricdə təhsil adı altında bizneslə məşğul olması ədalətlidir və bu, elə belə də olmalıdır. Kimsə aldığı güllə yarasında can verməkdə olan kasıb övladını bununla təsəlli edə bilməz ki, vətən hamımızın olduğu üçün onun uğrunda kimin can verməsinin əhəmiyyəti yoxdur və əhəmiyyəti olmadığı üçün də ölən məhz sən olmalısan. Kimsə ailəsini taleyin ümidinə qoyub soyuq səngərləri özünə sığınacaq edən yoxsul övladlarına belə bir fikri təlqin edə bilməz ki, vətən uğrunda ölmək şərəf işi olduğu üçün onlar varlı balalarının yerinə də döyüşüb öldükləri üçün sevinməli, bundan qürur duymalıdırlar.
Biz anlamalıyıq ki, kimsə ədalət prinsipinin pozulduğu, vətən övladları arasında sosial mənsubiyyətə görə fərq qoyulduğu bir şəraitdə kimsədən xüsusi, əlahiddə fədararlıq tələb edə bilməz. Çünki belə bir tələb üçün heç bir zəmin, heç bir bazis formalaşmayıb.
Vətəni qorumaq, onun uğrunda ölmək kasıb ailələrin alın yazısıdırsa, o zaman bu vətənin suyunu içən, çörəyini yeyən, havasını udan qalan hər kəs bu vətəni tərk etməli, vətənin səfasını da onun cəfasını çəkənlərin ixtiyarına verməlidir. Yalnız bu halda ön xətti kasıb övladlarına həvalə etmək, bütün tabutları yalnız yoxsul ailələrin övladları ilə doldurmaq anlam kəsb edə bilər. Nə qədər ki, bu yoxdur, nə qədər ki, “Hilton” otelinin “qəhrəmanlarına” “döyüşə!” əmri verilməyib, nə qədər ki, minlərlə məmur övladı, milyonçu balası vətən məfhumuna yalnız eyş-işrət, pul-para, kef-əyləncə sözlərinin sinonimi kimi yanaşır, kasıb övladlarını şərəf və borc adı altında ölümə göndərməyə əxlaq, məntiq və ədalət donu geyindirmək mümkün olmayacaq.
Seymur Əliyev