Son vaxtlar sərnişinlər arasında ən çox narazılıq doğuran məsələlərdən biri yol polisinin avtobusları yarı yolda saxladaraq sərnişinləri düşürməsi və nəqliyyat vasitəsini cərimə meydançasına aparması ilə bağlıdır. Əksər vətəndaşlar hesab edir ki, yol polisi əməkdaşı içərisində sərnişin olan avtobusun sonuncu dayanacağa daxil olmasına şərait yaratmalı və yalnız bundan sonra problemin həlli istiqamətində gərəkli addımları atmalıdır.
Maraqlıdır, yol polisi cərimə borcu olan sərnişin dolu avtobusu yarı yolda saxlayıb cərimə meydançasına apara bilərmi? Avtobusun cərimə borcuna görə onlarla sərnişinin yarı yolda düşürülməsi nə dərəcədə məntiqlidir?
Bununla bağlı Moderator.az-ın sualını cavablandıran Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev yol polisinin cərimə borcu olan avtobusu istənilən yerdə saxlamaq hüququna malik olduğunu qeyd edib:
“Əgər nəqliyyat vasitəsinin cərimə borcu səbəbindən saxlanılması barəsində qərar varsa, şübhəsiz ki, o nəqliyyat vasitəsi saxlanılan kimi müvəqqəti duracağa, yəni mühafizə olunan duracağa aparılmalıdır. Sözsüz ki, bu marşrutlar işləyirsə, onun sahibkarı, yəni hüquqi şəxs bu məsələlərə özü nəzarət etməlidir. Hüquqi şəxslə müqavilə bağlayan sürücünün cərimə borclarını ödəməməsinə görə nəqliyyat vasitəsinin saxlanılması barəsində qərar qəbul edilmir. O halda ancaq sürücünün hüququnun məhdudlaşdırılması haqqında qərar qəbul edilə bilər. Əgər avtobus hüquqi deyil, fiziki şəxsə məxsusdursa, o zaman ödəniş aparmaması səbəbi ilə nəqliyyat vasitəsi saxlanılaraq müvəqqəti duracağa aparılır.
Qanunvericilikdə var ki, marşarur avtobusu hər hansı yol hərəkəti qayda pozuntusuna yol verərəsə, o halda sürücüyə həmin yerdə məlumat verməklə sonuncu dayanacaqda da saxlanıla bilər. Ola bilsin ki, avtobusun sonuncu dayancağı uzaqdadır. Yol polisi 5-10 km onun dalınca düşməli deyil ki, onu gedib sonuncu dayanacaqda saxlasın. Əgər sonuncu dayanacaq yaxın məsafədədirsə, yol polisi buna imkan verə bilər ki, sürücü sərnişinləri düşürsün və bundan sonra onun barəsində müvafiq protokollaşma aparılsın. Amma burada söhbət protokoldan deyil, saxlanılaraq duracağa yerləşdirilməsindən getdiyinə görə, həmin avtomobil saxlanılan kimi duracağa yerləşdirilir. Avtobusun içindəki sərnişinlərin isə mənzilbaşına digər nəqliyyat vasitələri ilə çatdırılması təmin edilir”.
Seymur Əliyev