İran prezidenti Həsən Ruhani Tehranda səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevə Xəzərdə neft-qaz əməkdaşlığına dair yeni planı rəsmən təqdim edib. Bu barədə İranın neft naziri Bejan Zəngane bildirib. Nazir deyib ki, plana əsasən İran Azərbaycana Xəzərdəki neft-qaz yataqlarının istismarında birgə iştirak və svop neft nəqli təklif edir. Onun sözlərin görə, İranın təklifinə Xəzərdəki bəzi neft-qaz yataqlarının birgə istismarı daxildir. Habelə, onun ölkəsi Azərbaycanla neft və qaz mübadiləsində (svop mexanizmi) maraqlıdır:
"İlham Əliyevin səfəri zamanı iki ölkə arasında yüksək səviyyəli siyasi danışıqlarda bu məsələlər müzakirə olunub. Bu təkliflər dövlət başçılarının görüşündə masaya qoyulub”.
Planın ölkəmiz üçün mahiyyətindən danışan Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Moderator.az-a söyləyib ki, Azərbaycan Dövlət Neft Şirkəti ilə (ARDNŞ) İranın müvafiq neft strukturlarının rəhbərləri arasında son iki ildə bir neçə görüşlər baş tutub:
"2014-cü ildən sonra hər iki ölkənin enerji sahəsində əlaqələri intensivləşib. Bu münasibətlər çərvivəsində birgə əməkdaşlığa dair memorandum da imzalanıb. Cənub qonşumuz Azərbaycanla enerji sahəsində əməkdaşlığda maraqlıdır. Eyni zamanda ölkəmiz də bu əməkdaşlığa meyl edir. Hər ikisi neft, qaz ölkəsidir".
Eskpertin sözlərinə görə, Azərbaycan xarici investorları ölkəmizə dəvət edərək, onların təcrübəsindən yararlanıb:
"Məhz bu baxımdan dünyanın mütərəqqi texnologiyası ilə müasir infrastrukturlar yaratmışıq və Xəzərin ən dərin qatlarından dünya bazarlarına neft və qaz hasil edirik. Ancaq İran bunu hələ indi gerçəkləşdirmək niyyətindədir. 2015-ci ilin noyabrın 28-də İran böyük konfrans keçirildi. Tədbirdə qeyd olundu ki, xarici şikətlərlə əməkdaşlıq etmək lazımdır. Ora ARDNŞ də dəvət almışdı. Bir sözlə, İranın Azərbaycandan öyrənmək istəyi və ölkəmizin təcrübəsindən faydalanmaq niyyəti var. Cənub qonşumuz uzun müddət qapalı qaldı. Azərbaycan isə son 20 ildə bu sahədə uğurlu yol keçdi. Bu yol İrana bir örnəkdir. Ona görə də, Tehran ARDNŞ mütəxəsislərinin və servis şirkətlərinin əldə etdiyi təcrübədən faydalanmaq istəyir. Fikir verin, Azərbaycanda təxminən 7 min metrə yaxın qazma işləri aparılır. İranda isə qazma işlərinin səviyyəsi aşağıdır. İran istəyir ki, Azərbaycan mütəxəssisləri və şirkətləri onlar üçün servis işləri görsün".
Neft- qaz hasilatına gəlincə ekspert söyləyib ki, bu, bir az qəliz məsələdir:
"Faktiki olaraq İran "Şahdəniz" yatağında hasilatla məşğul olur. Cənub qonşumuz 1996-cı ildən o layihənin iştirakçısıdır. Ancaq passiv iştirakçısıdır. Azərbaycanın isə İranda hər hansı bir yataqda iştirakçı olması mümkündür. Ancaq bunun üçün vəsait tələb olunur. Neft qiymələrinin aşağı olduğu bir dövrdə hasilata böyük məbbləğdə sərmayə qoymaq risklidir. Bunu nəzərə almaq lazımdır".
İ. Şaban onu da əlavə edib ki, 10 ildən artıqdır ki, Naxçıvanın qazla təmin edilməsində İranın xidmətlərindən istifadə edirik:
"Yəni biz svota əməliyytalarını çoxdan həyata keçirmişik. Hər şey konvensiya üzərində qurulub. Konvensiya baxımından bizə əl verən hər bir məsələ gerçəkləşəcək".
Seymur Əliyev