Ölkə Prezidenti cənab İlham Əliyevin dünənki sərəncamına əsasən “Şöhrət” ordeni ilə təltif olunmağıma görə çox hörmətli və möhtərəm dövlət başçımıza, Azərbaycan dövlətinə öz dərin minnətdarlığımı və təşəkkürlərimi bildiirirəm.
Bu, mənim timsalımda həm də sənətdə xidməti olan bütün sənət adamlarına verilən böyük qiymətdir və bunu onlara da şamil edirəm.
Bu fikirləri Gün.Az-a açıqlamasında Xalq artisti, professor Səkinə İsmayılova ölkə Prezidenti İlham Əliyev tərəfindən “Şöhrət” ordeninə layiq görülməsinə münasibətini bildirərkən deyib.
“İnanın ki, sevincimin həddi-hüdudu yoxdur. Çox xoşbəxtəm, çox sevincliyəm. Hər kəsə, xüsusilə də, Azərbaycan sənətində, Azərbaycan mədəniyyətində yeri, rolu, çəkisi olan hər bir sənət xadiminə belə sevincli anlar arzulayıram.
Belə bir sevinci, belə bir xoşbəxtliyi yaşatdığı üçün də dövlətimə, onun rəhbəri İlham Əliyev cənablarına sonsuz minnətdaram” - deyən Xalq artistinin sözlərinə görə, ümumiyyətlə, hər zaman Azərbaycanda sənətə, sənətkara böyük diqqət və qayğı olub.
O, deyib ki, istər Azərbaycan xalqı, istər Azərbaycan dövləti öz sənətkarına qiymət verən və onu yaşadan xalq və dövlətdir.
“Azərbaycan dövləti, xüsusilə, dövlət başçısı İlham Əliyev cənabları və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyətinə, Azərbaycan sənətinə, muğam sənətinə və onun daşıyıcılarına diqqət və qayğısı çox böyükdür. Məhz onların diqqəti və qayğısı nəticəsində Azərbaycan sənəti, xüsusən də, muğam sənəti belə demək mümkünsə, həyata ikinci dəfə də vəsiqə aldı.
Bildiyiniz kimi, ötən əsrin sonlarında ölkəmizdə baş verən ağrılı-acılı hadisələr Azərbaycan sənətinə, mədəniyyətinə də öz dərin izlərini buraxmışdı.
Sənət adamları sanki bir qədər unudulmuş, arxa plana keçmişdi. Amma istər ümummilli liderimiz Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıdışından sonra, istərsə də möhtərəm Prezidentimiz İlham Əliyevin 13 illik haklimiyyəti dövründə Azərbaycan mədəniyyətində, Azərbaycan sənətində, muğam dünyasında növbəti canlanma, tərəqqi, inkişaf baş verdi.
Sənətdə böyük xidmətləri olan sənətçilərimiz Azərbaycan dövlətinin və dövlət rəhbərliyinin qayğısı ilə əhatə olundu.
Həmçinin, ölkəmiz yerli və beynəlxalq əhəmiyyətli musiqi yarışlarının, muğam festivalların, müsabiqələrinin mərkəzinə, məkanına çevrildi. Bu işlərdə Heydər Əliyev Fondu və onun prezidenti Mehriban xanımın da əməyi, zəhməti misilsizdir.
Ona görə də dövlətimə, dövlət rəhbərliyimə çox minnətdaram. Minnətdaram ki, sənətə, sətətkara bu cür yüksək dəyər verirlər. “Şöhrət” ordeninə layiq görülməyim də sənətimə, Azərbaycan sənətinə verilən dəyər, doğum günümdə mənə olan böyük etimaddır. Calışacağam ki, bundan sonra da var-gücümlə bu etimadı doğruldum, Azərbaycan sənətinin, muğam, ifacılıq sənətinin inkişafı naminə öz töhfəmi verim” - deyə, S.İsmayılova daha sonra sözlərinə əlavə edib.
Gün.Az