Azərbaycanda milli məhsul kimi təqdim edilən bir sıra məhsullar, xüsusilə də sənaye məhsullarının hissələrinin demək olar ki, hamısı xarici ölkələrdən gətirilir. Xaricdən gətirilən bu hissələrin yalnız quraşdırılması ölkəmizdə həyata keçirilir ki, bundan sonra həmin məhsullar “milli məhsul” kimi təqdim edilir. Maraqlıdır, hissələri xaricdən gətirilən məhsulların sadəcə Azərbaycanda yığılması onları “milli” edirmi?
Məsələ ilə ağlı Moderator.az- a açıqlama verən tanınmış iqtisadçı Samir Əliyev bu məsələyə birmənalı yanaşmağın çətin olduğunu bildirib:
“Məsələ ondadır ki, hansısa məhsulun hissələrinin xaricdən gətirilərək ölkəmizdə yığılmasının özünün də müsbət tərəfləri mövcuddur. Çünki bu məhsulların ölkəmizdə yığılması yeni iş yerlərinin açılmasını, işçi qüvvəsinin ayrılmasını tələb edir ki, bu da məğulluq probleminin həlli baxımından önəmlidir. Bundan başqa, bu məhsulların xaricə satışı təşkil edilərsə, bu, ölkəmizə əlavə valyuta da gətirə bilər. Lakin təbii ki, hansısa məhsulun hissələrini xaricdən gətirib ölkəmizdə yığan şirkətlər çalışmalıdırlar ki, zamanla o məhsulun hissələrini elə ölkəmizdə istehsal etsinlər. Bu, həm məhsulun maya dəyərinin aşağı düşməsinə səbəb olar, həm də yeni iş yerlərinin açılmasına gətirib çıxardar. Başqa sözlə desək, hissələri xaricdən gətirilən məhsulların ölkəmizdə istehsal edilməsi daha məqsədəuyğun və faydalıdır. Ümid edirəm ki, sözügedən şirkətlər bu məsələni diqqət mərkəzində saxlayacaq”.
Seymur Əliyev