Burada üzərinə məsuliyyət düşən təbii ki, sürücülər qədər, hətta sürücülərdən daha çox sənişindaşımanı həyata keçirən şirkətlərdir. Çünki işə nəzarəti həyata keçirən də, sürücülər qarşısına həmin yüksək planı qoyan da, sürücüləri seçib nəzarət etdiyi xəttə buraxan da elə məhz həmin sərnişindaşımanı həyata keçirən şirkətlərdir.
Maraqlısı isə ondan ibarətdir ki, istər Avropa ölkələrində istərsə də qonşu Rusiyada avtobus sürücüləri səhər saat 5-dən və axşam 23:00-a qədər işləyirlər və əziyyətlərinin müqabilində aylıq maaş alırlar. Ölkəmizdə bu təcrübəni “Birinci Avropa Oyunları”ndan başlayaraq “BakuBus” MMC həyata keçirir və yüksək nəticələrin də əldə edildiyini demək olar.
Çünki bir vaxtlar gündəlik plana işləyən və bəzi sürücülər kimi marşrut avtobuslarını bəzi hallarda bardürlərlə idarə edən həmin sürücülər hazırda tam bir nəzakət abidəsinə çevrilib desək yanılmarıq.
Belə olan halda digər şirkətlərin də “BakuBus” MMC-nin texnologiyasından niyə istifadə etmədiyi maraq doğuran məqamlardandır.
Paytaxtda sərnişindaşımanı həyata keçirən şirkətlərdən birinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Füzuli Sadıqov deyir ki, onların şirkətləri özü sürücülərin maaş sisteminə keçirilməsində maraqlıdır: “Maaş və kart sisteminə keçidlə bağlı iki aydır ki, müvafiq qurumlara müraciət etmişik. Düzdür hələlik müraciətimiz cavablandırılmayıb. Ancaq yəqin ki, yaxın vaxtlarda qurumlar bizim kart sisteminə və bununla paralel də maaş sisteminə keçidlə bağlı təklifimizə müsbət cavab verərlər. Çünki bunlar ikisi bir-biri ilə əlaqəli məsələlərdir. Kart sistemi quraşdırılan kimi nağd pul sıradan çıxır və sürücü də məcburi şəkildə maaş sisteminə keçirilir.
Şöbə rəhbəri onu da bildirir ki, sürücünün aylıq planının azaldılması çıxış yolu deyil: “Düşünürəm ki, gündəlik planı 100 manat olan sürücünün ödədiyi məbləğ azaldılaraq 50 manat edilsə də bu, həmin sürücünü sakitləşdirməyəcək. O istəyəcək ki, bu dəfə evinə daha çox pul aparsın. Çünki bu daha çox psixoloji proseslərlə əlaqədardır”.
Şirkət rəsmisi sərnişinlərin kart, sürücülərin isə maaş sisteminə keçməsinin maddi baxımdan şirkətə o qədər də təsiri olmayacağını deyir: “Düzdür kart sisteminə keçid zamanı hər kəsin kartı olmaması ilə bağlı müəyyən müddət sıxıntılar olacaq. Ancaq bu tez bir zamanda aradan qalxacaq”.
Sadalanan problemlərlə bağlı Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirdilər ki, bütün bu fəaliyyətlər Bakı Nəqliyyat Departamentinəverilib. Departament isə hazırda Nəqliyyat Nazirliyi ilə təhvil-təslim işləri həyata keçirdiyi üçün bu kimi məsələlər hələlik müzakirə edilmir.
Ölkəmizdə sürücülərə maaş sistemini ilk tətbiq edən “BakuBus” ilk marşrut xəttini ötən il sentyabr ayının 7-də istifadəyə verib. İlk 1 nömrəli marşrut xətti 28 MAY m/st ”“ KOROÄžLU m/st istiqaməti üzrə hərəkət edib.
Bundan başqa “BakuBus” bu il iyunun 10-dan etibarən Hava Limanı-28 May metrostansiyası və əks istiqamət üzrə "EKSPRESS XƏTT"ini istifadəyə verib.
Bu avtobuslar ölkəyə ilk olaraq Avropa Oyunları üçün gətirilib. "BakuBus” MMC-nin avtoparkı Fransa istehsalı olan 151 “İveco Crealis” və 151 “İveco Urbanway” markalı avtobuslarla təchiz olunub.
Nəqliyyat sahəsi üzrə ekspert Azər Allahverənov da kart sisteminə keçidin zəruri olduğunu deyir: “Artıq 2 ildir ki, bununla bağlı danışıqlar aparılır. Ancaq hər dəfə müəyyən problemlər səbəbindən bu reallaşmır. Lakin müəyyən nəticə əldə etmək üçün bütün sistem bir mərkəzdən idarə edilməlidir. Bunun üçün isə Bakı Nəqliyyat Departamenti bir modeldir. Bundan başqa sürücülərin iş saatları da azaldılmalıdır. Məsələn, Avropa ölkələrində sürücünün iş vaxtı 6 saatdır. Bu vaxt ərzində də ona iki saatdan bir müəyyən dəqiqələr ərzində istirahət imkanı yaradılır”.
Ekspert bununla yanaşı sərnişindaşıma lisenziyası şərtlərinə bir maddənin əlavə edilməsininin labüd olduğunu da deyir: “Hazırda şirkətlər qarşısında sürücülərin maaş sisteminə keçirilməsi, yaxud da avtobuslara kart quraşdırılması kimi bir tələb qoyulmur. Ancaq müqavilə şərtlərinə belə bir maddə əlavə edilsə, o zaman problem kökündən həll edilər. Bu tələbə cavab verməyən sahibkara lisenziya verilməsə, sahibkar da məcburi şəkildə belə bir addım atmış olacaq. Hazırkı dövrdə şirkətlərin kart sisteminə keçməməsi isə onların vergidən yayınmasına səbəb olur ki, nəticədə də büdcəyə hər il müəyyən məbləğin daxil olmasının qarşısı alınır”.
Avropa ölkələrində isə istənilən sürücülük vəsiqəsi olan şəxs ictimai nəqliyyat idarə etmək istədikdə əlavə olaraq 18 aylıq kurslara dəvət edilir. Məsələn, Almaniya bu sistemdən istifadə edir. Bu ölkədə avtobus sürücüsü olmaq üçün minimum yaş 23-dür. Bundan başqa, 18 aylıq kursu keçən şəxslərə ictimai nəqliyyat idarə etmək üçün lisenziya verilir. Həmin kursa daxil olan şəxs ilk 6 ayı ərzində nəzəriyyə, növbəti 6 ayda hansısa sürücünün yanında baxaraq öyrənir, sonuncu 6 ayda isə praktika keçərək sərnişin avtobusu sürmək üçün lisenziya əldə etmiş olur.
Görünən odur ki, Bakının ictimai nəqliyyat sahəsində kifayət qədər problemlər var. Bu problem özünü şəhərin mərkəzindən kənarlara getdikcə daha çox biruzə verir. Bakı kəndlərinə hərəkət edən avtobuslardakı vəziyyəti isə həmin nəqliyyat vasitələrindən istifadə edənlər daha yaxşı bilər. Bu avtobuslarda müxtəlif növ problemlərlə qarşılaşmaq mümkündür. Bütün bu problemlərin yaranmasına səbəb isə dövlət nəzarətinin olmaması və bəzi şirkət rəhbərlərinin insan həyatına olan biganə münasibətidir.
Ancaq insanların həyatını təhlükəyə atmaqdan çəkinən ictimai nəqliyyat xətlərinin sahibləri marşrut xəttə buraxılmazdan əvvəl sənədlər yoxlatmalıdır. Yol və sürücülük vəsiqələri uyğun olan şəxslər xəttə buraxılmalı, sürücülərin geyimlərindən başlayaraq xarici görünüşlərinə qədər diqqət yetirilməlidir. Bütün bunlardan sonra sürücülər tibbi yoxlamadan keçirilməli, yoxlamadan müsbət keçən sürücülərə buraxılış icazəsi verilməlidir. Marşrut avtobuslarının dezinfeksiya işləri isə mütəmadi həyata keçirilməlidir. Bütün bunlar baş verdiyi təqdirdə ölkə ərazisində, xüsusən də Bakıda nəqliyyat sahəsində yaranan problemlər aradan qalxmış olacaq.