Dünən saytımızda vətəndaş Vesmira Bağırovanın ölkə prezidenti İlham Əliyevə ünvanlanan müraciətindən bəhs etmişdik. (//moderator.az/news/124038.html ).
Moderator.az müraciətdə yer alan fikirlərə aydınlıq gətirmək üçün Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Orxan Mansurzadə ilə əlaqə saxlayıb. O.Mansurzadə müraciətdə bəhs olunan cinayət işinin Bakı Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat İdarəsinin icraatında olduğunu vurğulayıb:
“Ötən il iyulun 21-də Rəşad Rəhimovun nümayəndəsi Elçin Mehdiyev respublika Baş Prokurorluğuna müraciət edərək bildirib ki, Altay Hüseynov iş yoldaşı R.Rəhimovu 19.10.2012-ci il tarixdə “Dəmir Bank”ın Xətai rayonu ərazisində yerləşən “Bakıxanov” filialına apararaq adına “Toyota RAV 4” markalı avtomobili girov qoymaqla 16.000 ABŞ dolları məbləğində kredit pulunu götürüb. Sonra A.Hüseynov həmin avtomobili Ramilə Babayevaya sataraq sonuncuya R.Rəhimov tərəfindən həmin avtomobili idarə etmək üçün notorial qaydada etibarnamə verilməsini təşkil edib. Qeyd olunub ki, sonra avtomobilin vurulması və kreditin banka ödənilməməsi nəticəsində R.Rəhimova külli miqdarda maddi ziyan dəyib.
Həmin ilin sentyabrında Xətai rayon Prokurorluğu tərəfindən göstərilən fakt üzrə CM-nin 178.3.2-ci maddəsi ilə cinayət işi başlanılıb. Hazırda cinayət işi Bakı BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin icraatındadır.
İstintaq zamanı müəyyən edilib ki, Altay Hüseynov Rəşad Rəhimovla qarşılıqlı razılığa əsasən ikincinin adına “Toyota RAV 4” markalı avtomobili rəsmiləşdiib. Sonra bu nəqliyyat vasitəsi R.Rəhimovun adından R.Babayevaya avtomobili idarə etmək üçün etibarnamə vermək yolu ilə satılıb. Adıçəkilən xanımın krediti mütəmadi olaraq ödəməsinə baxmayaraq R.Rəhimov aralarında yaranmış narazılıq səbəbindən R.Babayevanın etibarnaməsini ləğv etdirib və avtomobilin ona verilməsi üçün Suraxanı rayon Məhkəməsinin müraciət edib. Məhkəmənin çıxardığı qətnaməyə əsasən avtomaşın 2014-cü ilin martında R.Rəhimova təhvil verilib.
Şikayətçi R. Rəhimov, anası Vesmira Rəhimova və nümayəndəsi Elçin Mehdiyev Bakı BPİ-də qəbul edilrərək onlara hüquq və vəzifələri izah edilib, sözügedən kredit öhdəliyini və avtomobil üçün iddia olunan təmir xərclərini məhkəmə qətnaməsi əsasında Altay Hüseynovun öz üzərinə götürdüyü nəzərlərinə çatdırılıb.
Hazırda bütün xüsusatlar tam və hərtərəfli araşdırılmaqla istintaq davam etdirilir”.
Seymur Əliyev