I
2-5 aprel döyüşləri ərəfəsindəki vəziyyət
1. Azərbaycan dövlət
başçısı və digər rəsmilər səviyyəsində danışıqların heç bir nəticə vermədiyini,
beynəlxalq təşkilatların ədalətsiz mövqe tutduqlarını açıq şəkildə bəyan edir,
vasitəçiləri kəskin şəkildə tənqid edirdi.
2. Ermənistan barışmaz
mövqedən çıxış edir, Azərbaycan tərəfini guya danışıqlar prosesini pozmaqda
ittiham edir, Azərbaycanı yeni işğal hərəkətləri ilə hədələyir, kompromis
ehtimalını yaxına da buraxmır, güclü müdafiə xəttinin olması və Kollektiv Təhlükəsizlik
Müqaviləsi Təşkilatının üzvü olması ilə öyünür, Dağlıq Qarabağdakı qondarma
rejimin dünyada tanıtdırılması üçün intensiv cəhdlər edirdi.
3. Beynəlxalq təşkilatlar,
vasitəçi qurumlar, xüsusilə də ATƏT-in Minsk qrupu həmsədrləri danışıqlarda
Dağlıq Qarabağdakı qondarma rejimin statusu məsələsini qabardır, digər məsələləri,
o cümlədən işğalın nəticələrinin aradan qaldırılması, yəni status-kvonun dəyişdirilməsi
məsələsini status məsələsindən asılı vəziyyətdə saxlamağa çalışır, atəşkəsin
qorunub saxlanmasını ən vacib məsələ hesab edir, tam ermənipərəst mövqe
tuturdular. Böyük dövlətlər münaqişənin həllini ləngidir, mövcud vəziyyətdən öz
maraqları üçün daha çox yararlanmağa çalışırdılar.
4. Azərbaycanda belə bir
fikir geniş yayılmışdı ki, əgər Azərbaycan hərbi əməliyyatlara cəhd edərsə,
beynəlxalq təşkilatların sanksiyaları, böyük dövlətlərin təzyiqlərinə məruz
qala bilər, bəzi dövlətlər, birinci növbədə Rusiya Ermənistana açıq dəstək verər,
Dağlıq Qarabağdakı qondarma rejimin tanınması prosesinə start verilə bilər. Hərbi
əməliyyatların Azərbaycan üçün yeni təhlükələr yaradacağı, cəmiyyətin hansı əhval-ruhiyyədə
ola biləcəyi, hansı reaksiyanı verə biləcəyi ilə bağlı müəyyən tərəddüdlər var
idi.
II
Hərbi əməliyyatların başlanması və gedişi
1. İşğalçı Ermənistan
beynəlxalq təşkilatların və bəzi dövlətlərin onları müdafiə edəcəyinə arxayn
olaraq, həmçinin Azərbaycan ərazilərinin daha bir hissəsini ələ keçirərək
danışıqlarda üstünlüyü ələ almaq, Azərbaycanı daha ciddi güzəştlərə məcbur etmək
məqsədilə bütün cəbhə boyu hücuma keçdi.
2. Azərbaycan Ordusu düşmənin
ilk həmləsini dəf edərək, əks-hücuma keçdi, 4 gün ərzində düşməni ağır itkilərə
məruz qoyaraq, bəzi qeyri-rəsmi məlumatlara görə 30-40 km eninə və 10-12 km dərininə
olmaqla irəlilədi, 5-10 yüksəkliyi, 3-5 kiçik yaşayış məntəqəsini düşməndən təmizlədi.
Bu döyüşlərin əsas nəticəsi ondan ibarət oldu ki, düşmənin öyündüyü möhkəmləndirilmiş
ön müdafiə xətti Azərbaycan hərbi birləşmələrinin təzyiqinə davam gətirə bilmədi
və az vaxt ərzində darmadağın edildi.
3. Azərbaycanın dövlət rəhbərliyi
çevik və məqsədyönlü siyasət yeritmək bacarığını, hərbi rəhbərlik yüksək döyüş hazırlığı
və qalib gəlmək qüdrətini, əsgər və zabitlər fərdi qəhrəmanlıq nümunələri göstərdi.
Azərbaycan cəmiyyəti ruh yüksəkliyi və fədakarlıq keyfiyyətlərini nümayiş
etdirdi. Şəhidlik ən ali dəyər səviyyəsinə yüksəldi. Cəmiyyətin böyük əksəriyyətinə
belə bir düşüncə hakim oldu ki, “şəhid verməsək torpaqlarımızı azad
olmayacaq!”, “şəhid verməsək bir millət kimi mövcudluğumuzu qoruyub saxlaya bilməyəcəyik!”.
Cəmiyyətin böyük bir qismi şəhid olmaq arzusu ilə yaşayır. Ölkədə bayrağa məhəbbət,
bayraq sevgisi ən yüksək həddə çatdı.
4. Ermənistanda tam əks
proseslər müşahidə olundu. Cəmiyyəti ruh düşgünlüyü və hakimiyyətdən narazılıq
dalğası bürüdü, orduya inam ən aşağı səviyyəyə endi, Azərbaycana qarşı müharibənin
və Azərbaycan torpaqlarının işğalda saxlanılmasının əhəmiyyətsizliyi və persrektivsizliyi
fikri gücləndi. Ermənistan ordusunun zəifliyi və döyüş qabliyyətinin çox aşağı
səviyyədə olduğu aydın şəkildə göründü.
Ermənistanın beynəlxalq təşkilatların, bəzi dövlətlərin, KTMT- nin dəstəyinə olan ümidləri özünü doğrultmadı və
tam iflasa uğradı. Ermənistan tam müttəfiqsiz olduğunu anladı. Ermənistan kömək
üçün ənənəvi müttəfiqləri olan Rusiya,
Fransa, hətta güclü lobbisinin olduğu ABŞ-a deyil, Almaniyaya üz tutdu, oradan
da hər hansı dəstək ala bilmədi.
5. Beynəlxalq birliyin,
ayrı-ayrı aparıcı dövlətlərin mövqelərinin Azərbaycan üçün münasib olduğu üzə
çıxdı. Azərbaycanin ciddi müttəfiqlərinin olduğu aşkara çıxdı. Beynəlxalq
birlik tərəfindən Azərbaycanının haqlı mövqeyinə dəstək, Azərbaycanın haqlı tələbləriinin başa düşülməsi və rəğbətlə
qarşılanması istiqamətində irəliləyiş hiss olundu. Beynəlxalq təşkilatlar, aparıcı
dövlətlər, o cümlədən ABŞ, Rusiya, Almaniya Azərbaycanın haqlı maraqlarının nəzərə
alınması və bu yöndə “real danışıqların” başlanması zəruriliyini qəbul etdilər.
III
Aprel döyüşlərindən sonra prosesin inkişaf edə biləcəyi
iki istiqamət
1.Azərbaycanın döyüş
meydanındakı uğurlarından sonra məntiqlə başlaya biləcək birinci inkişaf
istiqaməti: beynəlxalq təşkilatlar, böyük dövlətlər “real danışıqlar” yolunu
tutur, Ermənistan Dağlıq Qarabağ və digər işğal olunmuş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxmasına, həmin ərazilərin Azərbaycana qaytarılmasına nail
olurlar. Bu, optimal yoldur və beynəlxalq təşkilatların gücü daxilindədir.
Bunun üçün hərtərəfli şərait yetişib. Beynəlxalq təşkilatlar, böyük dövlətlər
münaqişənin asan və itkisiz həllini doğrudan da istəyirlərsə, bu yolla getməlidirlər.
2. Beynəlxalq birlik,
böyük dövlətlər Aprel döyüşlərinin yekunlarından düzgün nəticə çıxararaq dinc nizamlanma
yolunu tutarsa, bu, hər kəsin xeyrinə
olar. Amma Azərbaycan tam ehtiyyatlı olmalı, yarımçıq addımların atılmasına
imkan verməməlidir. Məsələ Dağlıq Qarabağın və ətraf rayonların eyni vaxtda və
qeyd-şərtsiz azad olunması şəklində
qoyulmalıdır. Dağlıq Qarabağa Azərbaycanın sərhədləri xaricində hər
hansı statusun verilməsinə heç bir halda razılaşmaq olmaz. Məsələ konkret və
aydın şəkildə öz həlini tapmalıdır: Ermənistanın silahlı qüvvələri Dağlıq
Qarabağ və digər ərazilərdən dərhal çıxarılmalı, həmin ərazilərdə Azərbaycanın
suveren hüquqları bərpa olunmalıdır.
3. Dinc nizamasalma
prosesində iki təhlükəli məqam diqqətdə saxlanılmalıdır:
a) Vasitəçilər obyektiv təkliflərlə
çıxış edə, lakin nəticənin əldə olunmasında maraqlı olmaya bilərlər. Burada təhlükə
vaxtın suni şəkildə uzadılması ilə bağlı ola bilər. Bununla vaxtı uzadıb, Azərbaycan
dövlətini və cəmiyyətini yenidən arxayınlaşdıra, mövcud vəziyyəti qoruyub
saxlamağa cəhd edə bilərlər. Ona görə də Azərbaycan bu varianta imkan verməməli,
danışıqlar üçün konkret müddət müəyyənləşdirməlidir.
b) Digər təhlükə bölgəyə
sülhməramlı qüvvələrin yerləşdirilməsi ilə bağlıdır. Azərbaycan sülhməramlı
qüvvələrin yalnız bir dövlətin hərbçiləri hesabına formalaşdırılmasına
razılaşmamalıdır, tərkib ən azından bir neçə dövlətin nümayəndələrindən ibarət
olmalıdır. Sülhməramlı qüvvələrin Dağlıq Qarabağ boyunca yerləşdirilməsinə də
yol vermək olmaz. Sülhməramlılar yalnız Azərbaycan-Ermənistan sərhəddi boyunca
yerləşdirilə bilər ki, Ermənistan bir daha Azərbaycana qarşı təcavüz etmək
fikrinə düşməsin.
4. Hadisələrin inkişaf edə
biləcəyi ikinci istiqamət hərbi yolla bağlıdır. Böyük ehtimalla beynəlxalq təşkilatlar
mənasız danışıqları davam etdirərərk vaxtı uzatmaq yolu tutacaqlar. Bu şəraitdə
Azərbaycanın vaxtı itirmədən hərbi əməliyyatlara başlaması qaçılmaz olacaqdır.
5. Azərbaycan daxili
resurslar baxımından müharibəyə tam hazırdır. Buraya Ordunun hazırlıq səviyyəsi,
silah-sursat və texnika ilə təminatı, cəmiyyətin əhval-ruhiyyəsi və digər amillər
daxildir.
6. Xarici amillər də Azərbaycan
üçün əlverişlidir. Bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı nüfuzlu dövlətlər Azərbaycanın
haqlı olduğunu qəbul edir və yalnız bir məsələdə israr edirlər ki, məsələ dinc
vasitələrlə, siyasi yolla həllini tapmalıdır. Ermənistan bundan sonra da öz
mövqeyində qalarsa, işğal etdiyi ərazilərdən çəkilməzsə, onda beynəlxalq təşkilatlar
da Azərbaycanın hərbi yoldan başqa yolunun qalmadığını qəbul edəcəklər. Hər
halda cəbhədəki son gərginlik zamanı beynəlxalq təşkilatların sərgilədikləri
loyal münasibət bunu deməyə əsas verir.
7. Son hadisələr göstərdi
ki, Ermənistandan fərqli olaraq Azərbaycan ciddi müttəfiqlərə malikdir. Bir
sıra dövlətlər, regional qurumlar Azərbaycanı dərhal dəstəklədiklərini
bildiriblər. Ermənistan isə hətta çox yaxın hesab etdiyi dövlətlərdən də dəstək
görmədi.
8. Bütün deyilənlər
torpaqlarımızın azadlığı üçün hərbi yolun yeganə yol olduğunu bir daha nümayiş
etdirir.Cəmiyyətdə son hərbi uğurlarımızla bağlı böyük ruh yüksəkliyi hökm
sürür, hərbi əməliyyatların davam etdirilməsi üçün ciddi sosial sifariş
mövcuddur. Silahlı Qüvvələrimizn gücünə və qalib gələcəyinə heç bir şübhə
yoxdur. Bu imkan əldən buraxılmamalıdır. Torpaqlarımız işğaldan azad
olunmalıdır. Biz Qarabağımızın azadlığı üçün, bəzilərinin dediyi kimi, sülh
yolu və ya hərbi yol seçimi qarşısında deyil, şərəfsizlik və ya savaş seçimi
qarşısındayıq. Biz ikinci yolu, əziyyət, qan, tər, ölümlə dolu, amma millətimizə,
dövlətimizə şərəf gətirəcək ikinci yolu seçməliyik! Başqa yolumuz yoxdur!
Ya Qarabağ, ya Ölüm!
Akif Nağı
QAT sədri