Dövlət tərəfindən şəhidlərə göstərilən diqqət və qayğının mütəmadi surətdə artırılmasına baxmayaraq, bəzi məmurların şəhdi ailələrini süründürməçiliyə məruz qoyması, onlara gərəkli olan sənədləri vermək üçün günlərlə get-gələ salması ilə bağlı üzücü faktlara da rast gəlinir.
Maraqlıdır, həyatını vətəninə fəda edən şəhidin ailəsinin hansısa bir arayış üçün günlərlə get-gələ salınması nə dərəcədə doğrudur? Şəhidlərə olan bu münasibətin kökündə hansı amillər dayanır? Şəhid ailələrinin hüquqlarının qorunması üçün ölkə qanunvericiliyinə əlavə və dəyişikliklər edilməsinə ehtiyac varmı?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən tanınmış hüquqşünas Namizəd Səfərov şəhid ailələrinin üzləşdiyi bu kimi problemlərin həm hüquqi, həm də mənəvi baxımdan qəbuledilməz olduğunu vurğulayıb:
“Bu məsələ hüquqdan, qanundan daha çox mənəvi məsələdir. Bu gün bizim ölkəmiz əsrin 1/4-ə birinə yaxındır ki, düşmənlə müharibə vəziyyətindədir. Bizim başlıca problemimiz Qarabağ problemidir. Ölkəmizin bütün maddi-mənəvi potensialı bu problemin həllinə yönəlməlidir. Biz şəhid ailələrini, müharibə veteranlarını, müharibə veteranlarını əllərimiz üzərində saxlamalıyıq. Bu məsələni hansısa qanunla nizama salmaq düzgün deyil.
Ikincisi, qanuna gəlincə, bu məsələləri nizama salan kifayət qədər qanun var. Çox təəssüf ki, bu qanunlar kağız üzərində qalıb. Əslində, şəhid ailələri evlərində oturduqları halda icra hakimiyyəti orqanları onların bütün qanuni hüquqlarını təmin etməli, lazımi sənədləri onlara evlərində çatdırmalıdırlar. Axı niyə vətəndaşlar qanunla onlara verilən hüquqlardan istifadə etmək üçün günlərlə, aylarla icra hakimiyyətlərinin qarşısında ayaq döyməlidirlər? Vətəndaş öz qanuni hüqualarını təmin etmək üçün ora-bura qaçmamalıdır. Şəhid ailələrinə verilən hüquqlardan istifadə etmələri üçün onların qapılara düşməsinə ehtiyac yoxdur. Hər bir dövlət qurumu, hər bir vətəndaş bu məsələyə həssas yanaşmalıdır. Dövlət qurumları bunu özləri həyata keçirməlidirlər. Biz şəhid ailələrini başımız üzərində gəzdirməliyik. Bizim onlara verilən kiçik imtiyazlardan istifadə etmələri üçün şəhid ailələrinin idarə qapılarında aylarla ayaq döyməyə məcbur etməyə nə hüquqi, nə də mənəvi haqqımız yoxdur”.
Seymur Əliyev