Dünən qondarma erməni soyqırımının 101-ci anım ildönümü ilə əlaqədar olaraq erməni siyasilərlə yanaşı, bəzi əcnəbi siyasilər, kino ulduzları, incəsənət xadimləri də İrəvandakı soyqırım abidəsini ziyarət edib.
Maraqlıdır, rəsmi Bakı İrəvandakı qondarma soyqırım abidəsini ziyarət edənlərin Azərbaycana girişinə qadağa qoya bilərmi və ya qoymalıdırmı? Bu, Türkiyəyə dəstəklə yanaşı, erməni yalanlarına qarşı mübarizə baxımından da faydalı hesab edilə bilərmi?
KXCP sədri Mirmahmud Mirəlioğlu Moderator.az-a açıqlamasında məsələ ilə bağlı maraqlı fikirlər səsləndirib:
“İrəvandakı soyqırım abidəsini ziyarət edənlərin Azərbaycana girişinə qadağa qoyula da, qoyulmaya da bilər. Lakin hesab edirəm ki, qondarma soyqırıma qoyulan bu abidəni ziyarət edən, bunu özü üçün vəzifə və ya mənəvi borc hesab edən şəxsləri Bakıdakı Şəhidlər Xiyabanına buraxmaq lazım deyil. Bu, istər Rusiyanın, istər Fransanın, istərsə də digər dövlətlərin başçıları, siyasi yetkililəri olsun, fərqi yoxdur. Qondarma soyqırımlarını anan, erməni soyqırımına qoyulan abidəni ziyarət edən şəxslərin bizim üçün müqəddəs sayılan yerlərə ayaq basmasına imkan vermək olmaz.
Biz Ermənistandakı soyqırım abidəsini ziyarət edənlərin timsalında dünyanın nə qədər nahaqqın müdafiəsində dayandığının şahidi oluruq. Bununla yanaşı, hesab edirəm ki, biz bu ziyarətlərə əhəmiyyət verməməliyik. 24 aprel tarixi dünən Azərbaycanda çox böyük təntənə ilə qeyd edildi. Bu, Bütöv Azərbaycan Gənclər Günüdür. Gənclər də bunu qeyd edir. Gələcəkdə yəqin ki, bu, dövlət səviyyəsində qeyd ediləcək. Ermənistandakı abidə isə soyqırım deyil, kəsilmiş qulaqlara xatirə abidəsidir və bu abidə bizə dostumuzu düşmənimizdən daha yaxşı tanımaqda kömək edir”.
Seymur Əliyev