Dünən Ermənistanda keçirilən qondarma soyqırımın 101-ci ildönümü mərasiminə erməni ictimaiyyətinin nümayəndələri ilə yanaşı, Corc Kluni kimi bəzi dünya ulduzları, incəsənət xadimləri də qatılıb.
Maraqlıdır, qondarma soyqırım abidəsini ziyarət edən bu insanların Azərbaycana səfərinə qadağa qoyulmalıdırmı? Bu, erməni yalanlarına qarşı mübarizə və Türkiyəyə dəstək məsələsində nə dərəcədə effektli addım olar?
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu bunun qeyri-mümkün olduğunu vurğuladı:
“Doğrusu, normalda belə şeylər olmur. Hər bir dövlətin öz daxili məsələsi, daxili siyasəti var. Hansısa siyasilərin, yaxud digər qəbildən olan insanların məsələyə necə yanaşmaları, daha çox onların şəxsi işidir. Burada söhbət təbii ki, dövlət səviyyəsində soyqırımın tanınmasından getmir. Bu, tamam başqa bir şeydir. Bildiyiniz kimi, bəzi dövlətlərin qanunvericiliyində bu soyqırımının tanınması ilə bağlı qanun qəbul edilib. Hətta bəzi dövlətlərdə qondarma “erməni soyqırımı”nın inkarına görə cinayət məsuliyyəti nəzərdə tutulur. Lakin Azərbaycan həmin dövlətlərlə münasibətinə xələl gətirməyib. Ona görə də indi hansısa abidəni ziyarət etməyə görə onların gəlişinə qadağa qoymaq absurd olar”.
Seymur Əliyev