Elmira Əliyeva bir zamanların məşhur müğənnisi olub. Böyükdən-kiçiyə az qala hamı onu tanıyır, dinləyirdi. “Lalə” qızlar ansamblının solisti olan bu xanım hazırda çox acınacaqlı durumda yaşayır.
ATV kanalında yayımlanan bir neçə proqramda- “Səbəbkar”, “Düzünü desək” və s. kimi verilişlərdə onun acınacaqlı həyatı, yararsız evi tamaşaçılara göstərilsə də, özünün də dediyi kimi hələ ki, ortada bir nəticə yoxdu: “Üç dəfə “Səbəbkar” verilişində, “Nərdivan”da, başqa verilişlərdə də məni göstərdilər. İki gün bundan qabaq ATV-də başqa verilişdə də mənim haqqımda verdilər. Amma yenə də heç kəs kömək eləmir. Gəlin siz də çəkin”.
Elmira Əliyeva Moderator.az saytına açıqlamasında öz hislərini cilovlaya bilmədiyi üçün çox danışa bilmədi. Amma qısa telefon ünsiyyəti zamanı bir neçə dəfə yaşadığı evə dəvət etdi. Dedi ki, gəlin siz də baxın, işıqlandırın. Görün ki, mən nə vəziyyətdə yaşayıram:
“Heç kəs mənə baxmır, kömək eləmir. Daha dözə bilmirəm. Ürək xəstəliyi tapmışam bu evdə. İnanın gəlib evin halını görsəniz vallah ağlayarsınız. Ev artıq tökülür. Hamısı yazır ki, buna ev də, təqaüd də, ad da verilməlidir. Daha dözə bilmirəm. Ürək xəstəsiyəm, bir xəstəm də var. Bu cür yaşamaq mümkün deyil”.
Elmin Nuri