Moderator.az xəbər verir ki, 97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin deputatı, parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Ağalar Vəliyev aprelin 28-də Ağdam və Tərtər rayonlarının təmas xəttinə yaxın yaşayış məntəqlərinə baş çəkib.
Təmas bölgəsindəki hazırkı vəziyyətlə maraqlanan millət vəkili
düşmənin atdığı mərmilər nəticəsində dağıdılan evlərə baxış keçirib, həmçinin
yerli sakinlərlə görüşüb. Ağalar Vəliyev yerli ictimaiyyət nümayəndələri ilə söhbətində
əminliklə bildirib ki, Milli Ordumuzun aprel ayının əvvəllindəki qələbələri
davamlı olacaq və bu qələbələr tezliklə torpaqlarımızın düşməndən azad edilməsi
ilə nəticələnəcək.
Yerli sakinlər isə düşmənin kəndləri atəş altında saxlamalarına baxmayaraq,
öz doğma yurdlarında möhkəm dayandıqlarını, ordumuza və dövlətimizə inamlarını
ifadə ediblər.
Xatırladaq ki, aprelin 27-də axşam saatlarından başlayaraq gecə
saatlarınadək erməni silahlı bölmələri Tərtər və Ağdam rayonları ərazisində
yerləşən yaşayış məntəqələrini iriçaplı minaatanlardan, həmçinin D-30
haubitsalarından atəşə tutub. Nəticədə hər iki rayonda xeyli evə ciddi
ziyan dəyib. Ümumilikdə Tərtər və Ağdam rayonlarında 100-dən çox ev, mağaza,
məktəb, bağça, ferma, 1 yarım stansiya və digər obyektlər dağıdılıb. Ağdam rayon sakinlərindən 8 nəfər yaralanıb, 1 nəfər
isə ölüb.