“Aprel döyüşləri Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına olan ümidini boşa çıxartdı”.
Bunu Moderator.az-a a açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirib. Millət vəkilinin sözlərinə görə, Sərkisyan hakimiyyəti bu vaxta qədər KTMT-nin də Azərbaycana qarşı cəbhə alacağı ilə bağlı təbliğat aparsa da, aprel əməliyyatları bu təbliğatın əsassız olduğunu ortaya qoydu:
“Sərkisyan hakimiyyəti erməni ictimaiyyətini inandırmışdı ki, Ermənistan KTMT-nin üzvü olduğu üçün, bu təşkilat Azərbaycanla konfiliktə Ermənistanın yanında olacaq. Lakin aprel olayları göstərdi ki, Sərkisyan bu məsələdə də erməni xalqını aldadıb. Çünki aprel döyüşlərində KTMT-ə üzv olan dövlətlər açıq şəkildə Azərbaycana qarşı cəbhə almaqdan imtina etdi. Onlar bildirdilər ki, döyüşlər Azərbaycanın işğal edilmiş ərazilərində gedir. Yəni Azərbaycan Ermənistan ərazisində əməliyyat aparmır ki, təşkilat da onu müdafiə etmək haqqında düşünsün.
Bu və bu qəbildən olan yalanların ifşası Sərkisyan hökumətinin nüfuzunu sürətlə aşağı salmaqdadır. Artıq erməni ictimaiyyəti başa düşür ki, Sərkisyan hökumətinə inanmaq olmaz və hakimiyyət onları fəlakətə aparır”.
Seymur Əliyev