Mirzə Xəzər: “Azərbaycan hökuməti Qarabağ məsələsində beynəlxalq himayəni təmin edə bilməyib”
Tanınmış beynəlxalq şərhçi Mirzə Xəzər ölkə gündəmini məşğul edən başlıca məsələlərlə bağlı “Moderator”.az saytı və "Hürriyyət" qəzetinə müsahibə verib. Həmin müsahibəni oxucuların diqqətinə çatdırırıq:
-Azərbaycan-Ermənistan təmas xəttindəki
gərginliklə bağlı düşüncəniz nədən ibarətdir? Sizcə indiki halda bu gərginliyin
genişmiqyaslı hərbi əməliyyatlarla, müharibə ilə əvəzlənməsi nə dərəcədə
realdır?
-
Aprelin 2-də Azərbaycan ordusunun təmas xətti adlanan cəbhə bölgəsində həyata
keçirtdiyi hərbi əməliyyatlar işğal edilmiş əraziləri qaytarmaq mümkün olmasa
da, Qarabağ münaqişəsi tarixində dönüş nöqtəsi sayıla bilər. 1993-cü ildən bəri
Azərbaycan ordusu ilk dəfə ermənilərin müdafiə xəttini aşaraq düşmənə gözlənilməz
ağır zərbə endirə bildi. Şübhə yoxdur ki, Moskvanın təzyiqi olmasaydı, Kreml
ermənilərin köməyinə gəlməsəydi, ermənilər Azərbaycan Silahlı Qüvvələrinin həmləsinə
tab gətirə bilməyəcəkdi. Lakin Kreml təkcə ermənilərin məğlubiyyətindən yox,
özünün məntəqədəki nüfuzunun silinməsinə yol vermədi. Amma necə olsa, 3 günlük
müharibə Azərbaycan ordusunu, Azərbaycan cəmiyyətini 23 il ərzində pəncəsində əzən
bacarıqsızlıq, qətiyyətsizlik kompleksinə qalib gəlmək mümkün oldu. Bunun özü də
böyük qələbədir. O biri tərəfdən isə aprel müharibəsi ermənilərin daimi
"qalib" imicini yerlə-yeksan etdi. 23 ildən bu yana ilk dəfədir ermənilər
qorxu içindədir. Cəbhə bölgəsində gərginlik davam edəcək, lakin geniş müharibənin
başlanacağına inanmıram. Aprelin 2-si fürsət idi, lakin Moskva Azərbaycana mane
oldu.
-Sizcə Ermənistanın hərbi toqquşmalarda
qadağan edilmiş kasetli bombalardan istifadə etməsi, Azərbaycanı atom bombası və
radioaktiv tullantılardan hazırlanan “çirkli silah”la hədələməsi kimi amillərdən
beynəlxalq aləmdə Ermənistana qarşı ifşaedici arqument kimi istifadə etməliyikmi?
Rəsmi Bakının bu istiqamətdəki fəaliyyəti qənaətbəxş sayıla bilərmi?
- Bəli,
bundan istifadə etmək olar və istifadə etmək lazımdır. Rəsmi Bakının bu istiqamətdə
fəaliyyətini gücləndirmək üçün kifayət qədər maliyyə imkanları vardır. Ən
başlıcası, yaxşı düşünülmüş diplomatik həmləyə keçmək lazımdır. Və bu işdə xalq
diplomatiyasından da istifadə etmək faydalı olar.
-Düşmənin atəş məsafəsində yerləşən
yaşayış massivləri boşaldılmalıdırmı? Dinc insanları düşmən hədəfində
saxlamağın bir mənası varmı?
-Yox,
boşaldılmalı deyildir. Mülki obyektlərin atəşə tutulması terrorun bir növüdür.
Erməni tərəfinin məqsədi yaşayış məntəqələrini bombalamaqla xalq arasında
panika yaratmaq, qəsəbə və kəndlərin boşaldılmasına nail olmaqdır. Bu, düşmənin
apardığı psixoloji müharibənin ilk hədəfidir. Yaşayış məntəqələrini boşaltmaq,
erməniləri sevindirmək deməkdir. Buna yol vermək olmaz. Yerli sakinlər Azərbaycan
ordusunun qanadı altındadır. Azərbaycan ordusu sakinləri qorumaq üçün sərəncamında
olan bütün vasitələrdən ermənilərə qarşı istifadə etməli və onları
susdurmalıdır.
-Ermənistan Silahlı Qüvvələrinin
atəşi nəticəsində həlak olan mülki azərbaycanlılara dövlət tərəfindən
kompensasiya ödənilməlidirmi?
- Əlbəttə,
dövlət ermənilərin atəşi nəticəsində həlak olan azərbaycanlılara təzminat ödəməli
və zərər çəkmiş ailələrə təcili yardıım göstərməlidir. Bu, dövlətin və hökumətin
boynuna düşən vəzifədir. Dövlət öz vətəndaşlarına sahib çıxmalıdır.
-Qarabağda müharibə başlayacağı
təqdirdə İranın proseslərə neytrallığını təmin etmək mümkün olacaqmı? Qarabağda
Azərbaycanın uğur qazanması İran üçün nə dərəcədə arzuediləndir?
- İran
münaqişədə bitərəf olmağa çalışacaq.
-Azərbaycanın mövcud maliyyə-iqtisadi
gücü uzunmüddətli müharibə üçün yetərlidirmi?
- Bəli,
Azərbaycanın maliyyə və canlı qüvvə baxımından gücü uzunmüddətli müharibə üçün
kifayətdir. Ermənilər isə uzunmüddətli müharibəyə həm maliyyə-iqtisadi
baxımdan, həm də canlı qüvvə baxımından tab gətirə bilməzlər. Sürəkli müharibə
ermənilərin sonu deməkdir.
-Hazırda ordudakı problemlər və
ya cəbhədəki durumla bağlı tənqidi yazılar yazmaq ölkə mediası üçün faktiki
olaraq qadağan edilib. Sizcə baş verənlərin əsl adı nədir ”“ media və hökumətin
Qarabağ məsələsində həmrəyliyi, yoxsa müharibə şəraitinin doğurduğu yeni
situasiyadan istifadə edərək tənqidi medianın susdurulması?
-
Hökumət bilməlidir ki, jurnalistin siyasi görüşləri onun vətənpərvərliyinə kölgə
salmır. Qarabağda müharibə gedən zaman jurnalist tənqidi yazı yazsa da, o, öz vətənini
sevən bir vətənpərvərdir. Jurnalistin öz vətəninə loyallığının təməlində onun
hökumətə müsbət və ya mənfi yanaşması meyarı deyil, onun öz vətəninə sədaqəti
durur. Burada həmrəyliyin, həmrəylik meyarının təməlini təşkil edən prinsip çox
bəsitdir: Qarabağ Azərbaycanındadır; Ermənistan Azərbaycan torpaqlarını işğal
edib; yüz minlərlə azərbaycanlı yurd-yuvasından qovulub; düvlət sirrlərini
yaymaq xəyanətdir və sairə...İnanmıram ki, Azərbaycanda bu prinsiplərə şübhə edən,
zidd gedən hansısa bir jurnalist vardır. Həmrəylik bu məsələlərdə olmalıdır. Bu
prinsiplər xaricində isə hər bir jurnalist öz şəxsi mövqeyini, düşüncəsini ifadə
etməkdə azaddır. Bundan Azərbaycan zərər görməz.
-Sizcə Azərbaycan Qarabağ məsələsində
beynəlxalq dəstəyi təmin edə bilibmi? Müharibə başlayacağı təqdirdə belə bir dəstəyi
hiss edə biləcəyikmi?
- Yox,
Azərbaycan hökuməti Qarabağ məsələsində beynəlxalq himayəni təmin edə bilməyib.
Bu səbəbdən, müharibə başlayacağı təqdirdə Azərbaycan bu olmayan himayənin təsirini
hiss etməyəcək. Niyə? Çünki xaricdə fotosessiya çəkdirib daxildə qəzetlərdə
özünü reklam etməklə beynəlxalq himayəni qazanmaq mümkün deyildir. İş
görmək lazımdır, iş...
Seymur Əliyev