Rusiya xarici işlər naziri Sergey Lavrovun iyulun 5-də Yerevanda keçirilmiş Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ölkələri xarici işlər nazirlərinin görüşündən dərhal sonra Bakıya gələcəyi gözlənilirdi. Ancaq səfər gözlənilən vaxtda baş tutmadı.
Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova keçirdiyi brifinqdə məlumat verib ki, S.Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcək.
Xatırladaq ki, Rusiya XİN başçısının səfəri zamanı aparılacaq danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsinin həlli olacaqdı. Elə bu səbəbdən də Lavrovun səfərinin vaxtının dəyişdirilməsi bəzi suallar doğurur.
Maraqlıdır, səfərinin vaxtı hansı səbəbdən dəyişdirildi? Olmaya, burada da Ermənistanın hansısa formada təsiri var? Bəlkə, erməni tərəfi hələ də Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində bəzi məsələlərdə Rusiyaya tabe olmaq istəmir? Ümumiyyətlə Lavrovun Bakıya səfrindən hansı yenilikləri gözləmək olar?
Moderator.az - ın mövzu ilə bağlı suallarına politoloq Cümşüd Nuriyev aydınlıq gətirib.
C.Nuriyev ilk öncə Lavrovun Bakıya səfərinin vaxtının dəyişdirilməsi səbəblərini açıqlayıb:
“Lavrovun Bakıya əvvəlcədən deyilən vaxtda gəlməməsinin birinci səbəbi Ermənistanla lazımi razılaşmanın əldə olunmaması ilə bağlıdır. Burada başqa bir məsələ də var, yəqin ki, danışıqlarda masaya hansı rayonların qoyulacağı ilə bağlı razılıq əldə olunmayıb və bu məsələ Moskvada yenidən müzakirə olunmalıdır. Vaxtı ona görə uzatdılar ki, yeni razılaşma əldə olunsun. Çünki Azərbaycanın əsas tələbi də bilavasitə ölkənin ərazi bütövlüyü çərçivəsində Dağlıq Qarabağa istənilən statusun verilməsidir. Beş rayonla bərabər Dağlıq Qarabağa aralıq statusunun verilməsi o deməkdir ki, artıq Dağlıq Qarabağa yeni bir statusun istənilməsini gündəmə gətirmək üçün şərtlər istəyəcəklər. Bu da Azərbaycana sərf eləmir”.
Politoloq daha sonra rus nazirin Bakıya səfərinin Dağlıq Qarabağ məsələsində nə kimi əhəmiyyəti ola biləcəyinə də münasibət bildirib:
“S.Lavrov iyulun 11-12-də Azərbaycana səfər edəcəyi ona görə gündəmə gəlir ki, çoxsaylı planlar var, bu planların hansının həyata keçəcəyi isə bir qədər şübhəlidir. Medvedyev planı, Lavrov planı, Kazan planı, Madrid variantı var və bu planların hansının həyata keçiriləcəyi isə hələ tam razılaşdırılmayıb. Ona görə də biz gözləmək məcburiyyətindəyik. Amma bu danışıqlar, daha doğrusu Ermənistanın atdığı addımlar, Dağlıq Qarabağla bağlı son zamanlar göstərdiyi fəaliyyət, eyni zamanda bu əldəqayırma qurumun ayrı-ayrı nümayəndələrinin çıxışları, erməni palitoloqlarının münasibətləri birmənalı şəkildə göstərir ki, Azərbaycan düz yoldadır.
İndi ABŞ da, Rusiya da çalışır ki, Azərbaycanı öz nəzarətində saxlasınlar, onların himayəsi altında Dağlıq Qarabağ məsələsi həll olunsun. ABŞ-ın da fəallaşması bununla bağlıdır, Ermənistanın da qızışdırılmasında əsas məsələ budur. Ona görə də bu məsələlərdə bu tip hadisələr olacaq. Mənə elə gəlir ki, bu danışıqlar hələ uzun çəkəcək. Çünki növbəti gəlişdə Azərbaycana hansı şərtlər qoyulacağı bilinmir. Bu məsələlər hələlik konfedesial olaraq həyata keçirilir. Ümid edək ki, Dağlıq Qarabağ məsələsi Rusiyanın vasitəçiliyi ilə həll olunsun. Çünki başqa həll yolu yoxdur. Rusiyanın nə qədər razılığı yoxdursa, Qarabağ məsələsinin heç bir həlli yolu olmayacaq”.
Rumiyyə