Ukrayna Milli Polisinin rəhbəri Xatiya Dekanoidze maraqlı açıqlama ilə çıxış edib. O, siyasətə qoşulan bütün “vor zakon”ları Rusiyanın xeyrinə casusluq etməkdə ittiham edib.
Maraqlıdır, dövlətə qarşı
cəbhə alan qanuni oğruların hakimiyyətin sifarişlərini icra etməsi mümkündürmü?
Ümumiyyətlə, sovet dönəmində “vor zakon”lardan dövlət və hakimiyyətin maraqları
baxımından istifadə etmək təcrübəsi olubmu?
Moderator.az-a açıqlama
verən ehtiyatda olan ədliyyə generalı Vidadi Mirkamal belə bir təcrübənin
mövcudluğuna diqqət çəkdi:
“Vor zakon” dediyimiz “qanuni
oğrular” SSRİ dönəmində KQB tərəfindən yaradılıb. Onlar ölkədəki. eləcə də həbsxanadakı
cinayətkarlara nəzarət etmək üçün bu sistemi yaratdılar. Onlar həmişə hakimiyyətin
nəzarətində olub. Hakimiyyət həmişə onlardan öz məqsədi üçün istifadə edib. Bir
“vor zakon” hakimiyyətin tabeçiliyindən çıxarsa ya öldürülür, ya da həbsdən
çıxa bilmir. Bu mənada ukraynalı yetkilinin dediklərində həqiqət var. Hakimiyyət
orqanının iradəsindən kənarda heç kim özbaşına dəstə yığa bilməz, oğru aləmində
nüfuz sahibi ola bilməz. Hökmən ona hakimiyyətin hansısa qolu kömək etməlidir”.
Seymur Əliyev