Millət vəkili Fəzail Ağamalı Moderator.az-ın sualına açıqlamasında ANS telekanalının bağlanmasına münasibət bildirib. ANS-in geniş tamaşaçı auditoriyasına malik olduğuna diqqət çəkən millət vəkili, telekanalın fəaliyyətinin bərpa edilməsinin arzuedilən olduğunu vurğulayıb:
“ANS telekanalının
bağlanmasından təəssüf hissi keçirirəm. Belə bir olay gərək baş verməyəydi. ANS
yalnız Azərbaycanda deyil, ölkəmizdən kənarda da böyük auditoriyaya malikdir. Onun
milyonlarla tamaşaçısı var. Ümidvaram ki, ANS-in bağlanması müvəqqətidir.
Telekanalın bağlanması tamaşaçıları
da narahat edir. ANS-in tamaşaçısı kimi mən də onun bağlanmasından narahatam. Ümidvaram
ki, Milli Televiziya və Radio Şurası ANS teleşirkətinin vitse-prezidenti
Mirşahin Ağayevin etirafını, onun baş verənlərlə bağlı üzr istəməsini nəzərə
alacaq.
ANS yeganə telekanal oldu
ki, gecə saat 12-dən qiyam yatırılana qədər baş verənlərlə bağlı tamaşaçılara ətraflı
məlumat verdi. ANS-in Türkiyə bürosunun əməkdaşı çox böyük təhlükələr altında ən
son yeniliklərlə bağlı məlumatlarını çatdırırdı. ANS həm də tanınmış
politoloqları, siyasətçiləri, millət vəkillərini, jurnalistləri studiyaya dəvət
edərək Türkiyədə dövlət və hakimiyyətə, konstitusiya rejiminə, demokratiyaya
qarşı baş verən qiyamla bağlı onların da
rəyini öyrənirdi. Bütün rəylərdə isə Türkiyədə baş verənlər, qiyam kimi qiymətləndirilir,
bu hadisə pislənilirdi. Həmin verilişlərdə Azərbaycan xalqının Türkiyə xalqının
yanında olduğu ilə bağlı ifadələr də öz əksini tapırdı.
ANS-in Azərbaycan xalqı və
dövləti qarşşısındakı xidmətləri göz önündədir. ANS Azərbaycanın ərazi
bütövlüyü uğrunda gedən mübarizədə öndə olub, onları işıqlandırıb. Daim vətənpərvərlik
mövqeyi nümayiş etdirib. Ümidvaram ki, ölkə prezidentinin söz və mətbuat
azadlığına vermiş olduğu son dərəcə böyük diqqət həm də Milli Televiziya və
Radio Şurası tərəfindən də nəzərə alınacaq.
Əlbəttə, ANS-in
müxbirinin buraxdığı səhv qəbuledilən deyil. O, gərək bunu etməzdi. Ancaq bəzən
situasiya elə bir şərait yaradır ki, doğru qərar qəbul etmək çətin olur. ANS-in
Vaşnqton bürosunun müxbirinin də bu qərarı yaranmış situasiyanın mürəkkəbliyindən
doğan yanlış addımdır. Bu yanlışlıq da M.Ağayev tərəfindn etiraf olunub. Həm Türkiyə,
həm də Azərbaycan xalqından üzr istənilib.
Hesab edirəm ki, ANS
telekanalının bərpa edilməsi bütün tamaşaçıların ürəyincə olardı. Bu, bizim
sahib olduğumuz demokratik dəyərlər baxımından da təqdirəlayiq olardı”.
Seymur Əliyev