Bu gün, iyul ayının 23-ü Ağdamın işğalından nə az, nə çox 23 il ötür. El diliylə desək, bir igidin ömrü qədər məsafə, zaman ayırır bizi Ağdamdan.
Düz 23 idir ki, Ağdamsız yaşamağa məhkum edilib ağdamlılar... 23 ildir ki, ağdamlılar Ağdamlarının qara dərdini çəkməklə sabaha yol gedirlər. Çoxunun qulağı səsdə, gözü yolda qalaraq, dərd kəndiri buraxılıb əlindən. Ağdam həsrətlərini özləriylə bərabərabər haqq dünyasına aparıblar. Çoxusu da Ağdamın üzünü görmədən, ancaq adını eşidə-eşidə Ağdamsız böyüyüb, 23 yaşa dolublar. Çoxusu da Ağdamda qoyduları uşaqlıqlarının həsrətini çəkə-çəkə yaşa dolublar artıq...
Görəsən, bu illər ərzində Ağdamsızlıq dərdinin ağırlığına necə tab gətirə bildi uşaqlıqlarını Ağdamda qoyub gələnlər? Ağdamın qara dərdini çəkməyə daha neçə il gücləri yetər?
Suallarımızı ağrılı da olsa, uşaqlıqlarını Ağdamda qoyub gəlmiş aktrisa Şəbnəm Hüseynova və telejurnalist Günay Yelmarqızı cavablandırdı.
Aktrisa Şəbnəm Hüseynova:
“Bu "Ağdamsız yaşamaq" yox, daha ağır bir həyat idi.
Ağdamsız yaşamaq - evsiz, keçmişsiz, heç kimsiz, heç nəsiz, dəyərsiz, məzarsız yaşamaqdır. Hələ ağlın kəsməmiş həyatda nəyin varsa, itirmisən və böyüklərin bu əksikləri necəsə tamamlamaqla məşğuldur. Səni saxlamaq üçün uçuq da olsa, bir dam düzüb-qoşmağa çalışırlar, çörək qazanmağa çalışırlar... Sənin uşaq olduğunu hamı, elə sən özün də unutmusan. Nazını çəkən yox, qayğısına qalmalı daha böyük problemlər var. Saysız hesabsız köçlər, məktəb dəyişməkləri, müəllimin, sinif yoldaşının üzünü, adını əzbərləməyə imkan tapmamış növbəti köç... Bir sözlə ifadə eləməyə çalışsam: "Parçalanmış, məhv olmuş ömür"
Telejurnalist Günay Yelmarqızı:
“Bilirsiz, Vətən insanın doğulduğu yerdən başlayır. Ağdam mənimçün Vətənin başlanğıc nöqtəsidir. 10 yaşıma qədər Ağdamda yaşamışam. Təbii ki, illər ötdükcə, yaşa dolduqca, insan üçün itkinin ağırlığını yaşamaq daha çətin olur. Daha dərindən dərk edirsən torpaq, Vətən, yurd itkisini.
Ancaq mən inanıram ki, Ağdam yenə bizim olacaq. Tezliklə doğma yurd-yuvamız düşmən işğalından azad olunacaq. Mən dövlətimə, orduma və Ali Baş Komandanımıza inanıram”.
Rumiyyə