“Bilirsiniz,
əslində "çətin"dən daha çox
nəsə anlaşılmaz bir durumdur bu. Yəni, əslində izaholunmaz bir vəziyyətdi. Hər
halda izah etməyə çalışacam. Çox sadə məqamlar var ki,
adamı içəridən çökdürür. Məsələn yayda tanış-biliş hərə öz şəhərinə gedir, amma
sənin belə bir şəhərin yoxdur. Yaxud kimsə səni öz şəhərinə və ya kəndinə dəvət
edir, amma sən edə bilmirsən. Bunlər əslində xırda detallardı. Amma az təsir
etmir”.
Bunu 23 ildir Ağdamsız qalan tanınmış jurnalist İlqar Rəsul Moderator.az-ın “Ağdamın dərdini çəkməyə daha neçə il gücünüz yetər?” sualını cavablayarkən deyib.
İlqar Rəsul
bu illər ərzində əzizlərini də itirdiklərini bildirib: “Bir də var sən
uşaqlığının ağacına, daşına, divarına gedib əlini vura bilmirsən. Evin, yaxud
həyətin, məhəllənin ortasında dayanıb keçmişi xatırlaya bilmirsən. Bunlar çox
nisgilli təəssüratlardı. Ən pisi isə yaxınlarından kimsə öləndədi. "Bu da
doğma yurdu görə bilmədi, qayıtsaq,
bunun da əvəzindən gəzməliyik oraları" deyirik. Bu illər ərzində
anamı və böyük qardaşımı itirmişəm. Bundan sonra nə qədər dözəcəyimi deyə
bilmərəm. Əslində mən soyuqqanlı adamam. Təmkinli ola bilirəm və dərdin məni
sındırmasına imkan vermirəm. Dərd çəkməkdənsə yurd yerimə mənimlə gedəcək,
ağıllı, elmli, məmləkət üçün dəyərli övlad böyütməyə üstünlük verirəm. Deyim
ki, pis alınmır. Evimdə Qarabağı sevən yaxşı bir ağdamlı böyüyür. Və biz onunla
mütləq o şəhərə qayıdacağıq”.
Qeyd edək
ki, 1993-cü il iyul ayının 23-ü tarixində Azərbaycanın dilbər guşələrindən olan Ağdam şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub.
Rumiyyə