Gənc şair
Elçin Aslangil şeir satır.
Bu barədə ilk
dəfə sosial şəbəkədə elan verən şair Moderator.az-a açıqlamsında bu elanı heç də
zarafat olsun deyə yazmadığını deyib.
Həqiqətən də
şeir satdığını bildirən Elçin Aslangil bu elanı yaymaqla ona dəstək olmağı
xahiş edib:
“Satmaq
ayıbdır ki? Həqiqətən şeirlərimi satışa çıxarmışam. Görsəm alıcı var
romanlarımı da satacam.
Şeir satıram
elanım, hamıya qeyri ciddi gəlsə də, tam ciddiyəm. Bildiyiniz kimi almaq,
satmaq zəmanəsində yaşayırıq. Azərbaycanda hamı nəsə satır. Vicdandan tutmuş mərifətə,
əqidəsizlikdən şərəfsizliyə qədər hər şey satılır bizim ölkədə. Mənim şeirdən başqa satılası heç nəyim
yoxdur. Bir neçə ildir müşahidələr aparıb qeydlər də etmişəm özümçün və belə
bir mənzərə ortaya çıxıb:
1. Banklar vətəndaşlara
satır - fırldaq satır, əsəb satır. Aşağı hədd 29 faiz, yuxarı hədd 33-40 faiz.
(Qeyd etdiyim
şəkildə Kapitalbank mənə 1 ildir satır. Məhkəməlik olduq, nə fayda, məhkəmə qərarı
icra edilmədi. Məvacibimin (161 manat 20 qəpik) hamısı mənimsənilir, 1 ildir.
Götürdüyüm məbləği iki qat ödəmişəm. Zalım kredit bitmək bilmir ki, bilmir.
Bank sədri Mehriban xanım Əliyevanın əmisi oğludur, ona da baş vurmuşam, hələ
ki, xeyri yoxdur. Şeir satmayım nə edim?)
2. Məddahlıq
satılır- topdan vəzifəyə, tək-tək fəxri ada, obyektdə, daşınmaz əmlaka,
ovtomobilə.
3. Hava
satılır- Alman avtomobillərinin mostundakı nasazlığa baxmayaraq, biz sürətlə
inkişaf edirik.
4. Səhiyyə
nazirliyi insan satır- Əzrayıla. Pulsuz-parasız. Qəssab cərrah oldusa, baytar niyə mamaça
olmasın?
5. Çörək
satılır- əvvələr çörəkpulu çıxardanlar üçün, indi ilan dili çıxardanlar üçün
satılır.
Nəysə,
siyahım uzundur, ağrımaz başlara dəsmal
tutmağın faydası yoxdur”.
E.Aslangil
satdığı şeirlərdən əldə edəcəyi ilk gəliri nəyə xərcləyəcəyini də açıqlayıb:
“Tez-tez
müsabiqələrə qatılıram. Ədəbiyyat müsabiqələrinə, teatr festivallarına, bədii
qiraət müsabiqələrinə. Pul qazanmaq üçün qatılıram. İki qızım var.
Bir dəfə, 3
yaşlı qızım Dilbəri küçədə qonşu uşaqları döydü. Səsinə, ürəyimi dağ-dağ edən
qışqırtısına qaçdım küçəyə. Uşaqlar velesopedlərinə minib aradan çıxdılar.
Soruşdum ki - Dilbər niyə ağlayırsan? Nə olub?
Yana-yana
dedi ki- bəbələr məni döydülər. Ata mənə velesoped alda nolar...
Düz 1 həftə
uşaq velesopet deyib ağladı. Özümə nifrət elədim.
Bir neçə ay
bundan əvvəl "Quran motivləri əsasında" hekayələr müsabiqəsinin
qaliblərindən oldum. Mükafatlandırma mərasiminə qatılanda Aqşin Evrənə demişdim
ki, qalib gəlsəm qızıma velesoped alacam. Dilbərin ağlamağını da, döyülməyini də
dedim, Kövrəldi Aqşin. İkinci yerlə mükafatlandırıldım. Tədbirdən çıxıb
bir-başa restorana yollandıq Aqşinlə. Quran müsabiqəsindən qazandığım pulla
çoxluca içdim. Həm qızıma velesoped ala biləcəyimin həyacanından içdim, həm də
deyəsən Tanrıya şairanə etiraz elədim.
İndi sizcə,
satacağım şeirlərdən əldə edəcəyim ilk gəlirlə nə edəcəm? 6 aylıq körpə qızım Duyğuya beşik alacam”.
E.Aslangilin
xahişini nəzərə alıb sosial şəbəkədə şeir satmasıyla bağlı paylaşdığı elanı olduğu
kimi təqdim edirik:
“Diqqət! Hər
növdə şeir satıram! Keyfiyyətli və ucuz.
Şeirin biri
(sərbəst vəzndə) 50 manat.
5 bəndlik
xeyir şər şeirləri 100 manat.
Bəşəri,
avropa standartlarına uyğun 150 manat.
Topdan satış
(Bir kitablıq 200 səhifəlik) şeirlər 2000 manat.
Maraqlananlar
mesajlar bölmümə yaza bilər.
Satışa
çıxardığım şeirlərin heç biri yayınlanmayıb. Müəllif hüquqları tamamən şeiri
alan şəxslərə aid olacaq.”
Rumiyyə