Böyük türk şairi Nazim Hikmətin Bakıya bir neçə dəfə gəlməsi, hətta görkəmli yazıçımız Yusif Səmədoğlunun toyunda iştirak etməsi haqqında yəqin məlumatlısınız. Hər halda bu barədə ən azı mətbuatda müəyyən məlumatlar dərc edilib. Nazim Hikmətin iki dəfə Gəncədə olması haqqında, daha doğrusu bu səfərlərin maraqlı detalları barədə isə yazılanlar o qədər də çox deyil. Bu mənada yazıçı, dramaturq Altay Məmmədovun Nazim Hikmətin səfəri haqqında yazdıqları dəyərli mənbə hesab oluna bilər. Altay Məmmədovun “Xatirələr işığı” kitabında “Nazim Hikmət Gəncədə” adlı xatirə povesti də var və düşünürük ki, bu povestdə oxucuların marağına səbəb ola biləcək detallar kifayət qədərdir.
Moderator.az bu mövzuda üçüncü yazını təqdim edir.
Əvvəlki yazıları burdan oxuya bilərsiniz:
Nazim Hikmət Hüseyn Cavidi niyə bəyənmirdi?
Dahi şairi güldürən Aşıq Ələsgər şeiri
Altay Məmmədovun yazdıqlarına əsasən demək olar ki, Nazim Hikmət söhbətlərində Rəsul Rzanın adını tez-tez çəkib, hörmətlə, hərarətlə. O, Əkbər Babayevə Rəsul Rzanın “Azərbaycan” jurnalında çıxan şeirləri yenilik ruhu haqqında danışanda maraqlı bir hadisə baş verir. Sən demə, Nazim Hikmət də söhbətə qulaq asırmış. Altay Məmmədovun o silsilə şeirlər içərisində bircəciyinə iradı olub: “Sevgilim, sən öpüşməyi xoşlayırsan, Mən sarımsaq yeməyi”.
Altay Məmmədov yazır: “Bəlkə bu parçada Rəsul Rzanın demək istədiyi daha dərin məna gizlənmişdi, lakin bu öz poetik həllini mənə elə gəlir ki, tapmamışdı və elə güman edirdim o biri şeirlərdən aşağı səviyyədə dayanır. Bəzən Rəsul müəllimdə ötkəm bir inadkarlıq olurdu. (Bəsdir, qoy nə deyirlər desinlər). Mən Əkbərə deyəndə ki, opponentlər o biri şeirləri qoyub, bəlkə də bundan yapışdılar, hay-küy qopdu. Nazim Hikmət söhbətə qarışdı:
- Necə şeirlərdir Rəsulun şeirləri?
- Çox gözəl. Yenidir, təravətlidir,-dedim.
- Hansı şeir xoşuna gəlmədi?
Dedim.
- Sarımsaqdan şeir yazmaq olmazmı?
Mənə elə gəldi ki, Nazim Hikmət acıqlanıb. O zaman qətiləşdirdim ki, onların arasında möhkəm bağ var və Rəsul Rzanın hər bir nailiyyəti onu sevindirir.
Nazimə xoş gələn bir söz deyib mübahisədən qaçmaq olardı. Ancaq onu da bilirdim ki, Nazim Hikmətin belə “qaçışlardan xoşu gəlmir”. O, ancaq açıq söhbət tərəfdarı idi. Belə “qaçışlar” ona pis təsir edirdi. Özünün xarakteri bütöv idi, həmsöhbətlərini də elə görmək istəyirdi, yalançı razılığın, itaətkarlığın düşməni idi Nazim Hikmət. Mən fikrimdən dönmədim. Yaxşı da ki dönmədim. Bunun müqabilində biz Nazim Hikmətin Rəsul Rzanın yaradıcılığı ilə nə qədər dərindən maraqlandığını, qələm dostuna şəxsi məhəbbətini, onun bütün uğurlarını həssaslıqla izlədiyini, böyük ehtiras və çoşğunluqla hər şeirinin, hər misranın arxasında durmağa hazır olduğunu öyrəndik”.
Nazim Hikmət ədəbiyyatda yeniliyin çox zaman müqavimətə rast gəlməsindən, bunun bəlkə, bu yolla öz başına gələnlərdən bir xeyli danışıb. Sonra isə soruşub:
“- Məgər sarımsaqdan şeir yazmaq olmazmı?
- Olar-dedim-bir şərtlə.
- Hansı şərtlə.
- O şərtlə ki, şeirdən sarımsaq iyi gəlməsin.
Bu mübahisə çox xoş finalla, Nazim Hikmətin sinədən gələn gülüşü ilə bitdi”.
Altay Məmmədovun kitabında başqa maraqlı məqamlar da var. Sən demə Nazim Hikmət “Aldanmış kəvakib” tipli bir əsər yazmaq istəyirmiş. Altay Məmmədov yazır: “Əkbər (Babayev-red.) Azərbaycanfilm kinostudiyasından “Aldanmış kəvakib” mövuzusunda ssenariyə sifariş almışdı. O, muzikl səpkisində yazmaq niyyətində idi. Ümumiyyətlə, o dövrdə mənə təxminən həmin mövzuda səkkiz-doqquz səhnələşdirmə, libretto, telepyes məlum idi. Ürəyimdə “Aldanmış kəvakib”i ictimai-siyasi “Leyli və Məcnun” adlandırmışdım. İnanırdım ki, bu cazibədar mövzu hələ çox sənətkarları özünə cəlb edəcək. Ancaq bir şeyi əqlimə gətirə bilməzdim.
Əkbər dedi:
- Sənə bir sualım var.
Dedim:
- De gəlsin.
- Nazim səninlə bu mövzuda heç söhbət eləmişdimi?
- Hansı mövzuda?
- “Aldanmış kəvakib”
- Yox, -dedim - Nədir ki?
- Mən tamam inanmışdım ki, o öz fikirlərini sənən bölüşüb. O da “Aldanmış kəvakib” mövzusunda pyes yazmaq arzusunda idi. Təxminən bu mövqedən, bu açarla, bu tamaşada önə çəkilən mətləblərlə. Tamaşaya baxdıqca onun söhbət və mülahizələri gözlərimdən keçirdi. Tamaşa boyu Nazimlə söhbət edirdim, fikir bölürdüm. Tam yəqin eləmişdim ki, sənnən də söhbət eləyib.
- Söhbət eləməyib, amma təsəvvür eləyirəm o, nə yazardı, necə yazardı. “Aldanmış kəvakib”i dünya səhnəsinə çıxardardı “Məhəbbət əfsanəsi” və “Yusif və Züleyxa” müəllifi.
Hardasa daxilimdən bir qürur hissi də keçdi Əkbərin sözlərinə görə...”
Rəşad
Ardı olacaq...