Tükiyədə ard-arda yaşanan terror aktları terrorçulara qarşı daha sərt və ciddi mübarizə üsullarını gündəmə gətirməkdədir. Belə ki, bəzi ekspertlər hesab edir ki, terror aktlarının intensivləşməsi terrorçulara qarşı məhkəməsiz belə hər cür cəza üsulu tətbiq edə bilən xüsusi timlərin, əlahiddə dəstələrin yaradılmasını zəruri edir.
Maraqlıdır, həqiqətən də terrorçulara qarşı mübarizə məqsədi ilə cəza dəstələrinin yaradılmasına ehtiyac varmı? Doğrudanmı bu məsələdə qanunun aliliyini belə gözardı etmək olar?
Moderator.az-a açıqlama verən siyasi şərhçi Aqil Səmədbəyli Türkiyədə terrorçulara münasibətin kifayət qədər yumşaq olduğunu vurğuladı:
“Təxminən bir il əvvəl yazmışdım ki, Türkiyədə terrora və terrorçulara qarşı effektli nəticə almaq üçün çox sərt tədbirlər həyata keçirilməlidir. Türkiyə dünyanın nadir böyük dövlətidir ki, millət vəkilləri gedib terrorçunun cənazəsində iştirak edirdi. Son zamanlarda müəyyən tədbirlər alınır, terrora dəstək verən siyasilər və millət vəkilləri, bələdiyyə başkanları həbs edilir. Bu addımı alqışlayıram. Ancaq yenə də Türkiyədə çox sərt tədbirlər görmək lazımdır. Gəlin qonşu İranın terrorla mübarizə təcrübəsinə nəzər salaq: 1981-ci ildə Təbrizin imam cüməsi Ayətullah Mədəni, Məcid Niku (Xalq Mücahidi) tərəfindən öldürüldü. Həmin gecə Məcid Nikunun ailəsi yox edildi. Ayətullah Mədəni xalq tərəfindən heç sevilmirdi. Onun ölümünə gülən minə yaxın insan həbs edildi.
Başqa bir misal: 20 il əvvəl İranda, Batı Azərbaycan dedikləri bölgədə Devrim Muhafızlarının Səlmasta bir hərbi uçağı vuruldu ”“ ordakı PKK-PEJAK vurdu. Təxminən səhər saat 10:30-da vertolyatlarla qəsəbəyə bildiriş dağıtdılar və qəsəbəni boşaltmağa 3 saat vaxt verdilər. Uçağın vurulmasından 4 saat sonra o qəsəbə yer üzündən silindi. Bombalayaraq yox etdilər. Elə bu gün də İranda terroristin cəmdəyi yandırılır və bilinməyən bir yerə gömülür. Ailəsi günlərlə sorğulanır və bu ailədən heç kim heç bir zaman dövlət məmuru ola bilmir. Bu ailə vətən xaini sayılır və heç kim bu ailə ilə görüşməyə cəsarət etmir. Türkiyədə isə terroristə təmtəraqlı cənazə törəni düzənlənir.
Terrorist az qala qəhrəmanlaşdırılır öz xain tərəfdarları tərəfindən. Hətta bir dərnək başqanı dostum mənə dedi ki, ölən hər terroristin bir yaxınını dövlət məmuru olaraq işə alırlar. Bunun nə qədər dəqiq olduğunu bilmirəm açığı. Ancaq bu cür yumşaq tavrlarla ciddi nəticələr almaq çətindir.
Hər dövlətin özünü qorumaq haqqı var. Bu gün Türkiyəyə qarşı elan olunmamaış müharibə gedir. Bu, müxtəlif adlar altında təşkil edilir. Arxasındakı qüvvələr də artıq açıq görünür.
Türkiyə həddindən çox demokratik dövlətdir. Rusiyada terrorçulara qarşı necə davrandıqları NORD-OST-da görüldü. Fransada terrorçulara qarşı necə davrandıqları görüldü. Almaniyanın xüsusi gizli polisi var, mülki formada gəzirlər. Kim dövlət əleyhinə danışsa, hökumət yox ha - bizim iqtidar yanlıları sui-istifadə etməsin deyə xüsusi vurğulayıram ”“ dövlət əleyhinə, danışanları dərhal həbs edirlər. Onların həbs etdiyi adama “Allah rəhmət eləsin” deyirlər. Ordan hər adam sağ çıxmır.
Türkiyə üzərinə bu qədər hüumların tək səbəbi var ”“ Bağımsız, Güclü Türkiyə istəmirlər! Məsələnin kökündə bu var! Bölgədəki enerji qaynaqlarını rahatca sömürmək üçün Türkiyəni zəiflətmək istəyirlər. Ancaq unutduqları bir şey var ”“ Türkiyənin ordusu bir milyon deyil, ən azı 50 milyondur!”.
Seymur Əliyev