PKK terror qruplaşmasının liderlərindən Siyabənd Vəlad yaxın gələcəkdə kürd silahlılarının birləşəcəyi və İŞİD-ə qarşı mübarizədə əldə etdikləri təcrübədən türk ordusuna qarşı mübarizədə istifadə edəcəklərini bildiirb. S.Vəladın sözlərinə görə, Türkiyəyə qarşı birgə mübarizə təklifi ABŞ-dan gəlib.
Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin və Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bu bəyanatın Türkiyəni qorxutmaq məqsədi daşıdığını vurğuladı:
“Türk ordusu 80-ci illərdən, PKK yaranandan bu günə qədər terrorçularla mübarizə aparır. On minlərlə terrorçu bu mübarizə nəticəsində məhv edilib. Artıq terrorçular Türkiyədə çox da fəaliyyət göstərə bilmirlər. Türkiyə onlara gücünü göstərib. Lakin Suriyada, İraqda müəyyən mərkəzlər qurublar. Çox təəssüf ki, Türkiyənin keçmiş strateji təərfdaşı olan ABŞ onlara silahlı dəstək verib.
PKK liderinin məlum açıqlamasında bir neçə məqsəd var. Birinci məqsəd Türkiyə qorxutmaqdır. Onlar göstərmək istəyir ki, guya gücləri azalmayıb. Guya onlar bir yerdə Türkiyəyə qarşı mübarizə aparacaqlar. Halbuki, dediyim kimi, bu savaş on illərdir ki, gedir. Türkiyə hər zaman terrorçuların dərsini verib və bundan sonra da verəcək!
İkinci məqsəd ondan ibarətdir ki, terrorçular bu kimi bəyanatlarla Türkiyə-ABŞ münasibətlərini daha da gərginləşdirməyə çalışır. Aydındır ki, “ABŞ bizə dəsktək verir və bizi Türkiyəyə qarşı mübarizəyə səsləyir” kimi açıqlama Türkiyədə narazılıqla qarşılanacaq, ABŞ-dan mövqe bildirməsi istəniləcək. Məlum açıqlamada ikinci məqsəd məhz budur”.
Seymur Əliyev